- Dil, Manşet

Rasim HEYDƏROV: “Milli dil həm də milli dövlətin və müstəqilliyin rəmzidir”

Naşir Şahbaz Xuduoğlunun kitab biznesində arzu etdiyi rentabelliliyə nail olmadığı üçün ölkəmizdə Azərbaycan ədəbi dilini türk dili (Türkiyə türkcəsi) ilə əvəz etmək təşəbbüsü (oxu: tənəzzülü – red.) cəmiyyətdə birmənalı hiddət doğurub. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Aparıcı elmi işçisi Rasim Heydərov məsələ ilə bağlı “kamilinfo”ya bunları deyib:

“Çox zərərli bir təklifdir. Çünki dil dövlət atributlarından biridir. Söhbət dövlət rəmzlərindən birinə qarşı çıxmaqdan gedir. Bu isə birmənalı şəkildə yolverilməz haldır. Heç kəsin dövlət rəmzlərinə qarşı hörmətsizlik etməyə ixtiyarı yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan dili bu ərazidə yaşayan bütün xalqları bir amal uğrunda birləşdirən əsas atributlardan biridir. İllərlə döyüşlərdə şəhid olan oğullarımız həm də bu dil uğrunda canlarından keçməyibmi?

Azərbaycan dili dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıları bir yerə gətirən, birləşdirən əsas amildir.

Azərbaycan – mənim elim!
Azərbaycan – mənim dilim!
Doğransam da dilim-dilim
Ana dilim ölən deyil!
Başqa dilə dönən deyil!

Ortaq dil ana dilimizdən, əcdadlarımızın – Füzulinin, Sabirin, Mirzə Cəlilin, Səməd Vurğunun və digərlərinin dilindən imtina demək deyil. Ortaq dillə bağlı mərhum akademik Tofiq Hacıyev başda olmaqla bir sıra alimlərin ciddi tədqiqatları var. Bu tədqiqatların heç birində Azərbaycan dilindən imtina kimi ağılsız və avantürist fikirlər yoxdur. Ortaq dil konfranslarda, tədbirlərdə hamının başa düşə biləcəyi və ortaq ünsiyyət vasitəsi ola biləcək bir dildir. Hazırda da bu dil rolunu Türkiyə türkcəsi oynayır. Bu isə bütün türk xalqlarının öz dillərindən imtina etmək anlamına gəlmir.

Dünyanın heç bir xalqı indiyə qədər öz ədəbi dilindən başqa bir dilin xeyrinə imtina etməyib və bu mümkün də deyil. Doğrudur, bu tendensiya XX əsrin əvvəllərində də var idi, amma tarix sübut etdi ki, Azərbaycan türkcəsi digər türk dillərinə, o cümlədən, Türkiyə türkcəsinə nisbətən daha yaxşı inkişaf etmiş və cilalanmış bir dildir. Mübaliğəsiz demək olar ki, heç bir türk dilinin qrammatik quruluşu Azərbaycan dili ilə müqayisəyə belə cəlb edilə bilməz. Lakin onu da nəzərə almaq lazımdır ki, Türkiyə iqtisadi cəhətdən türk dövlətləri içərisində daha çox inkişaf etdiyindən ortaq türk dili kimi Türkiyə türkcəsinin qəbul olunması normal bir haldır, amma bu Azərbaycan ədəbi dilinin sıradan çıxması anlamına gəlməməlidir.

21 fevral Beynəlxalq Ana Dili Günüdür. Bu günün çox qəribə tarixi var. Məhz fevralın 21-də banqladeşli tələbələrin öz ana dili uğrunda başladıqları mübarizə Banqladeşin müstəqilliyi ilə nəticələndi. Deməli, milli dil həm də milli dövlətin və müstəqilliyin rəmzidir”.

Bahar AĞAYEVA