Məşhur fotoqraf Reza Deqatinin Fransanın regionlarında silsilə sərgiləri davam edir. Fransanın Bretany regionunun Vannes (Vann) şəhərində “Sükutun dərinliyi” adlı sərgisi çərçivəsində fotoqrafın iştirakı ilə konfrans keçirilib. Sözünü, fikirlərini fotoları vasitəsilə çatdıran R.Deqati bu dəfə konfransda hər bir şəklin tarixi və çəkildiyi məqamlar haqqında ətraflı məlumat verib. O, fəaliyyətində daha çox insan amilinə önəm verdiyini bildirib.
Sülh carçısı adlandırılan Reza Deqati konfransda Azərbaycan reallıqlarından danışıb, 30 illik işğal dərdini fotolar vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırdığını deyib. Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıların erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirildiyini deyən fotoqraf torpaqlarımızın uzun müddət erməni işğalı altında qalmasından və bütün bu illər ərzində dünyanın susmasından və laqeydliyindən söz açıb. Xocalıda bir gecədə mülki əhalinin qətlə yetirildiyini deyən fotojurnalist Birinci Qarabağ müharibəsində Ağdamda soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib. Həmçinin, konfransda Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə-yeksan edilmiş, xüsusilə də ermənilərin xarabalığı çevirdiyi və Qafqazın Xirosiması adlandırılmış Ağdamın, eləcə də digər şəhər və kəndləri əks etdirən fotolar nümayiş olunub.
Fotolar arasında İkinci Qarabağ müharibəsində Gəncədə, Bərdədə ermənilərin qadağan olmuş bombaların qurbanı olmuş uşaqların, eləcə də Tərtərdə 7 yaşlı övladının itirmiş atanın fəryadını əks etdirən fotolar nümayiş olunub.
R.Deqati Azərbaycanın tolerantlıq mühitini, eləcə də multikulturalizmini fotoları vasitəsilə nümayiş etdirir. Udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açmasını əks etdirən foto maraqla qarşılanmaqla bərabər müxtəlif dinlərin nümayəndələrinin birgə yaşamasının mümkünlüyünü təsdiqləyir. Bu foto konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda R.Deqati müxtəlif silahlı münaqişələrdən çəkdiyi fotoları da nümayiş etdirib. Həmçinin, müxtəlif ölkələrdə təşkil olunmuş sərgiləri, eləcə də fotolarının məşhur “National Geographic” və bir çox digər jurnallarda dərc edilməsindən danışıb.
Konfrans zalının qarşısında fotojurnalist Reza Deqatinin fotolarından ibarət kitabların satışı təşkil olunub.
Fotoqrafın seçmə şəkillərindən ibarət sərgi insanların sıx olduğu şəhərin mərkəzində “Köhnə liman”da (Vieux Port) təşkil edilib. Sərgidə onun Azərbaycanda çəkdiyi fotolar da yer alıb. Gün ərzində ziyarətçilər sərgi zalında yerləşdirilmiş ekranda fotojurnalistin fəaliyyəti və çəkdiyi fotolar haqqında məlumat verən videoya baxıblar.