Müasur dünyamızda “Qarabağ savaşı” başlayandan o qədər yalançı xristian təəssübkeşliyi, ağa qara deməklər görmüşəm ki, hansısa bir şimallı və ya qərbli həqəqəti söyləyəndə çox sevinir, həqiqətin, insanlığın ölmədiyinə ümidim artır. Vilayət Quliyevin xaricdəki soydaşlarımız, tariximiz, ədəbiyyatımız, maraqlı insanlar haqda vaxtaşırı paylaşımları olur. Odur ki, o səhifəni izləyirəm. Bugünkü paylaşımı da bu cəhətdən diqqətimi çəkdi və bunu sizlərlə bölüşmək istədim. Nə yaxşı ki, dünyanın hər yerində yalanı söyləyənlərin çox olması ilə yanaşı, həqiqəti görən gözlər, söyləyən dillər də var.
“Xocalı gündəlikləri”nin müəllifi, Litva jurnalisti Riçardas Lapaitisin Şuşaya səfərdən sonra yazdığı statusu həyəcansız oxumaq olmur. Sonra da deyirik ki, Şimal adamları soyuqdur. Bu sətirlərdə Şuşaya, tarixi qələbəmizə münasibətdə o qədər istilik və sevgi var ki, nə gizlədim, onu bəzən hətta millətimizin içindən çıxan bəzilərində tapmaq olmur. Daha çox oxucunun tanış ola bilməsi üçün statusu ruscadan dilimizə çevirib paylaşıram. Yaxşı olardı ki, bəzi saytlarımız “Azərbaycan məşhurları” kimi göylərə qaldırdıqları ara müğənniləri haqda “şok xəbərlər” əvəzinə belə məlumatlara üstünlük versinlər, müəllifə insanlarımızın minnətdarlıq sözlərini çatdırsınlar, onunla müsahibə təşkil etsinlər və s. və i.a.
“Şuşaya əslində 1992-ci il mayın 8-dən gedirdim. Aradan nə qədər vaxt ötdü! Nə qədər gecə və gündüz bir göz qırpımı kimi keçdi! Düz otuz il idi ki, mən hamıya deyirdim: günün birində Azərbaycan mədəniyyətinin beşiyinə, Azərbaycanın müqəddəs şəhəri Şuşaya qayıdacağam! Xoşbəxtlik və qürur hissləri ürəyimi doldurub. Fərəhimin səbəbi bir də ki, mənim – adi bir hərbi jurnalistin dualarının eşidilməsidir! İndi budur,mən hər bir azərbaycanlının qəlbində yaşayan, vüqarlı və gözəl gələcəyi olan Şuşadayam! Elə gözəl bir səhərdir ki, təsviri sözlərlə mümkün deyil. Sərin, sakit, qəlb rahatlığı ilə dolu… Sanki tam fərqli bir aləmdəyəm. Burada böyük Azərbaycan şairlərinin, musiqiçilərinin, yazıçılarının, mütəfəkkirlərinin nəfəs aldıqları havanı udmaq mümkündür. Böyük Azərbaycan xanlarının ayaq səslərini eşitmək mümkündür. Sanki yağış damlaları hər bir tozun üzərinə qonduğu kimi hər bir azərbaycanlının ürəyinə hopan Azan sədasını dinləmək mümkündür. Əgər qəlbin və ruhun sakitliyində biri-birini eşitmək imkanı varsa, bəzən sözlərə heç bir ehtiyac qalmır. Lakin daxilimdəki fikirlər bir quş, yaxud uca dağ başında dövrə vuran qartal kimi səmalarda uçurdu. Fikirlərimi dayandıra bilmirdim və düşünürdüm ki, bu otuz ili Şuşa bizsiz necə yaşayıb? Özünün həqiqi sahibləri olmadan! Məhəbbətsiz və nəvazişsiz? Necə??? Şuşa açıq hava altında muzey-şəhərdir. Burada hər addımda mədəniyyət abidələri, məscidlər, qəbiristanlıq – bir sözlə, bütün Azərbaycanın tarixi var. Dağların üzərində bayraq gördüm – Azərbaycanın bayrağı. Bu o deməkdir ki, şəhər bütün insanların üzünə açıqdır. Bu o deməkdir ki, işğalçının çəkdiyi tikanlı məftillər dəmir pərdə kimi qoparılıb bir tərəfə atılıb. Mən Şuşaya Azərbaycan Əsgərinin yolu ilə gəldim. O Əsgərlə, hər bir azərbaycanlı ilə birlikdə əzab çəkərək və sevinərək gəldim. Sizi mənə bəxş etdiyinə görə taleyimə minnətdaram. Sizi təmiz qəlblə, açıq ürəklə sevə bildiyim üçün taleyimə minnətdaram. Axı bura həm də mənim evimdir! Ətrafdakı ürəyimə istilik və işıq saçan dağlar həm də mənim dağlarımdır! Mənim obyektivimin yaddaşında tarixin başqa anları da əksini tapıb. Bu, işğalçının Azərbaycanla bağlı olan hər şeyə nifrət motivləridir. Otuz il ərzində Ermənistan burada özünə məxsus olmayan nə varsa hamısını – mədəniyyət abidələrini, əlyazmaları, məscidləri, müqəddəs kitabları, daş oymaları, qədim qəbiristanlıqları, şairin məqbərəsini uçurub-dağıtmaqla məşğul idi. Otuz illik faşizm dönəmi istər insan, istərsə də mədəni irs baxımından dəhşətli itkilərlə müşayiət olundu. Nəhayət ki, Şuşa etibarlı əllərdədir! Ürəyim Azərbaycan Əsgəri, bütün Azərbaycan xalqı ilə birlikdə sevinc və qürur hissilə doludur. Burada olmağım əsl mözüzədir. Şuşa, işğalçı üçün sən sadəcə ərazi idin. Amma azərbaycanlı üçün Vətənsən! Məndən ötrü isə dualarımın qəbul olunması və ədalətin təntənəsisən! Bu sözləri bir and, yaxud gələcəyə ismarıc kimi böyük məhəbbət və içdən gələn dualarımla yazıram: bir də heç zaman işğalçının ayaqları sənə toxunmayacaq! Uzaq 1992-ci ildə, sonra isə 2020-ci ildə uğrunda qəhrəmanlıqla həlak olan hər kəsin xatirəsi önündə baş əyirəm. Noyabr ayında Azərbaycan ordusu Şuşa şəhərini döyüşlə tutaraq Ermənistanı tam məğlubiyyət aktını imzalamağa məcbur elədi. Tam və gələcəyə heç bir ümid yeri qoymadan! Azərbaycanın vüqarı olan Şuşa nəhayət öz əslinə döndü. Sizi – həmişə bu işin içində olan və mübarizəyə dəstək verən hər kəsi bərk-bərk qucaqlayıram. Şuşanın azad olunacağına inanan hər kəsi! Düşünürəm ki, hamı inanırdı. Hamı inanırdı ki, Şuşa azad ediləcək! Sonra isə yeni tarix yazacağıq. Ən böyük Azərbaycan şəhəri olan Şuşanın inkişaf və çiçəklənmə tarixini! Bütün varlığımla bunu sizə arzu edirəm!”
Gülyaz ƏLİYEVA