Latviyanın tanınmış incəsənət mərkəzlərindən sayılan “Riqa Art Nouveau” muzeyində Azərbaycanın bu ölkədəki səfirliyi, “Azərxalça” ASC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərgi açılıb.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov sərginin açılmasını ölkəmizin mədəniyyəti ilə daha da yaxından tanışlıq nöqteyi-nəzərindən əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, tədbir Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tarixinə təsadüf edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutan və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi xalçaçılıq sənəti və nar bayramı sözügedən sərgidə təqdim olunub.
Qeyd olunub ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və ölkəmiz COP29 kimi mötəbər beynəlxalq iqlim tədbirinə ev sahibliyi etmək astanasındadır. Sərginin ətraf mühit sahəsində maarifləndirmə və dayanaqlı inkişaf kimi məqsədləri təşviq etdiyi diqqətə çatdırılıb və bu xüsusda “Azərxalça” ASC-nin ekoloji cəhətdən dayanıqlılıq prinsiplərinə sadiq olduğu qeyd edilib.
Tədbirdə çıxış edən direktor Aqrita Tipane artıq “Riqa Art Nouveau” muzeyində Azərbaycan mədəniyyətinə dair ikinci sərginin keçirildiyini, nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə malik olduğunu, Azərbaycan xalçaçılıq sənətinin və nar bayramının Latviyada böyük maraq doğurduğunu söyləyib. O, bu yaxınlarda səfirlik tərəfindən Latviya ictimaiyyətinə təqdim edilmiş “UNESCO-da Azərbaycanın əbədi sərvətləri” kitabından söz açaraq ölkəmizin zəngin mədəni irsə sahib olduğunu vurğulayıb.
Digər çıxış edənlər bu sərginin Azərbaycan irs nümunələrinin keçmiş və gələcək arasında uğurlu sintez yaratdığını, xalçaların ənənəvi və müasir yanaşmaları təcəssüm etdirdiyini və nar rəmzinin dərin mənaya malik olduğunu qeyd ediblər.
Tədbir iştirakçılarına “Bağçada meyvələr” kolleksiyası, “Azərxalça” ASC-nin fəaliyyəti və nar bayramı haqqında videoçarxlar təqdim olunub.
Qeyd olunmalıdır ki, 3D texnologiyası ilə toxunmuş narlı xalçalar “Azərxalça” ASC-nin gənc rəssam Samirə Allahverdiyeva ilə birgə əməkdaşlıq layihəsi olan “Bağçada meyvələr” kolleksiyasından ilhamlanaraq yaradılıb. Sərgidə müxtəlif ölçülü və dizaynlı üç narlı xalça təqdim olunub. Eyni zamanda, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə nar mövzusuna dair fotosərgi təşkil edilib.
Tədbirin sonunda milli mətbəximizin ləziz təamları, o cümlədən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, habelə çay süfrəsi, nar məhsulları iştirakçılara təqdim olunub.
Mərasimdə Latviya Parlamentinin üzvləri, dövlət qurumlarının nümayəndələri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və media dairələrin təmsilçiləri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Sərgi bir ay ərzində ictimaiyyət üçün açıq olacaq.