- Ədəbiyyat

Rizvan Cəfərli – Qərib duyğuların şairi

Rizvan müəllimlə sosial şəbəkədə  paylaşmaq istədiyim mövzu ətrafında söhbət əsnasında tanış olmuşuq; admini olduğu qrupda Gədəbəyin alim qadınları haqda yazmaq istədiyimiz kitabla əlaqədar elan vermək üçün.

…Danışdıq, mətni  yazıb göndərdim. Və… Rizvan müəllimin bu kiçik yazıdakı hər bir sözə necə həssaslıqla yanaşdığının şahidi oldum.  Bu, qələm adamlarına məxsus elə  bir xüsusiyyətdir ki, yalnız sözə verilən dəyər və söz yükünün çəkisi ilə ölçülülə bilər. Qələm adamı üçün bundan uca meyar yoxdur…                                                                

      Şair qəlbi qəm yuvası, sevgi beşiyidir. Qəmi də, sevgisi də bəşəri olanlar əsl şairlərdir. Bir şəxsin, bir elin qəmi deyil şair qəlbində göyərən qəm, dünyanı sarsıdan, göynədən qəmdi. Bir qəlbin sevgisi deyil şair qəlbini titrədən,  dünyanı xilas edə biləcək sevgidir. Qəminin, sevgisinin ünvanı olan böyük dünyanın içində isti, məhrəm, kövrək bir dünyası var şairlərin – Doğulduğu, torpaq, ilk qədəm basdığı, suyu, havası ilə pərvəriş tapdığı vətən adlı dünya. Şairlərin həyatı vətəndə vətənlə başlayar, vətəndə vətənlə bitər…

Qəriblikdə yaşayan şairlərin vətən sevgisi bir başqadır. Bu sevgi həsrətlə birləşəndə varlığa sığmır, coşqun dağ çayı kimi axıb ümmanlara qovuşur. Belə bir hissi qəlbində yaşadan şairlərimizdən biri də Rizvan Cəfərlidir. Azərbaycanın əsrarəngiz təbiətli, dilbər guşəsi Gədəbəydə doğulub, boya-başa çatmış şairin taleyinə qəriblik yazılsa da, o, sıradan biri kimi yaşamır ömrünü – cilovlaya bilmədiyi, ipə-sapa yatmayan duyğularını qəmli, kədərli, küskün, gileyli, odlu-alovlu şeir misralarında yaşayır Rizvan. İlk kitabının adını (“Vətən məndə yaşayır”,2017) təsadüfən qoymayıb. O, həqiqətən vətəni içində yaşadır, dərdlərinə şərik,  yaralarına məlhəm olmağa çalışır:

Harda olsam fərqi yox,
Vətən məndə yaşayır.
Odur varım, dövlətim,
Vətən məndə yaşayır.

Göz yaşımı siləcək,
İmdadıma gələcək.
Bunu hamı biləcək,
Mən ölsəm də dünyada,
Vətən məndə yaşayır.

Rizvan Cəfərlinin şeirlərində Qarabağ dərdimiz daim qovrula-qovrula tərənnüm olunub. Vətən həsrəti, ayrılıq acısı ilə yaranan bədii lövhələr, həmçinin  vətəndən didərgin düşən, Azərbaycandan uzaqda yaşayan, duyğularını ifadə etməkdə aciz olan digər yurddaşlarının hisslərinin tərcümanıdır. Bu şeirlər sadəcə qəmə, kədərə əsir düşmür, nikbin bir mübarizliklə gələcəyə xoş ümid bəsləyir. Şair inanırdı ki, gün gələcək Şuşamıza, Kəlbəcərimizə, Laçınımıza, zümrüd bulaqlı, göy meşəli dağlarımıza qayıdacağıq.

Şuşam yol gözləyir bu qarlı gündə,
Bizdən ümidini üzməyib hələ.
Şuşa vəfasızdan vəfa gözləyir,
Yalançı vədlərdən bezməyib hələ.

Şuşaya qar yağır, gör necə yağır,
Şuşa qar altında üşüyür yaman.
Şuşaya yağan qar hər gecə yağır,
Şuşamı üşüdür, dondurur zaman.

Bu gün fəxarətlə deyirəm: “Şair,  qəlbinin arzuları Tanrı dərgahına çatıb, Tanrı saf qəlbləri arzusuna qovuşdurdu. Təkcə şuşalıların deyil, bütün azərbaycanlıların tarixi abidəsi olan bu şəhər də Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan ordusunun köməyi ilə işğaldan azad olundu.  – Şuşa, sən azadsan! – nidası hələ də urəklərə su çiləməkdədir”.

Milli mənsubiyyət, milli kimlik şairin şeirlərinin əsas qayələrindən biridir. Hər bir yazarın milli kimliyi yaratdığı əsərlərdə təcəssüm olunur. Yazdığımı oxu, kimliyimi bil, –  deyir şairlər. Qürbət eldə Azərbaycan boyda oğul olan şairimizin “Qürbətdən gələn səs”ini (2018) dinlədikcə insanın qəlbi riqqətə gəlir.

…Qürbət eldə xoşbəxt yaşamaq mümkünmü? Qürbətin havası, suyu, torpağı vətənin havası, suyu, torpağı ilə əvəz oluna bilərmi? Cənnət olsa belə Vətən ola bilməz! Şair öz həsrətini, acısını təsvir etməklə kifayətlənmir, gözünü yolda qoyduqlarının intizarını da qəlbində yaşadır və yana-yana qəmindən süzülən misraları ağ kağız üzərinə yağış kimi səpir. Cismi qərib eldə fikri vətəndə olanlar bilər bu yanğını, bu kədəri:

Ay qürbət ellərin qərib tərlanı,
Uçduğun oylağın gözü yoldadı.
Gör neçə qış keçir, gör neçə bahar,
Obanın, oymağın gözü yoldadı.

Araya düşəndən amansız hicran,
Getdi bahar fəsli, gəldi zimistan,
Oğul nəfəsidir evi qızdıran,
Bir sönük ocağın gözü yoldadı.

Rizvan Cəfərlinin əsərlərində doğma və zəngin təbiətimizin incə lirizmlə təsviri  də mükəmməldir:

Mənim kimi yaranışdan,
Gətirmədi xalın, nərgiz.
Bəzəyisən hər çəmənin,
Çölün, düzün, yalın, nərgiz.

Heyif ömrü az yarandın,
Yağışa, şehə bulandın.
Sən ki, belə tez solandın,
Nəydi qalmaqalın, nərgiz.

Sevilən nərgiz gülünün həm gözəlliyi, həm də taleyi oxucunu kövrəldir. Hiss olunur ki, güclü müşahidə qabiliyyəti, kövrək və həssas qəlbi var eloğlumuzun. Lirik mövzuda yazdığı şeirlərlə tanışlıq, – Sevgi, məhəbbət mövzusu da şairə yad deyil, – söyləməyə əsas verir:

Sən ki, mənim havam döysən,
Havam çatmır sənsiz niyə?
Karıxıram, susayıram,
Dözəmmirəm sənsizliyə.

Nə çəkirəm, nə əkirəm,
Sənsizliyin şumunda mən.
Durub məhsul gözləyirəm,
Sənsizliyin tumunda mən.

Orijinal və təsirli bir deyimdir, deyilmi? Poeziyanın ən ümdə tələblərindəndir bunlar. Oxucu hiss və duyğuların yeni bir obrazının  təsirli dillə deyilişindən hədsiz zövq alır. Bu sevən və sevilən hər bir qəlbin ehtiyacıdır. Milyonlarla insan ruhunun, könlünün ehtiyacını gözəl şeirlərlə ödəyir. Zamanından asılı olmayaraq, hər bir insanın mənəvi ehtiyacını ödəyə bilmək bütün zamanların şairi olmaq deməkdir. Rizvan Cəfəli poeziyasına da əbədilik yolunda uğurlar arzulayaq!

Şəhla Tahirqızı,

Filologiya üzrə fəlsəfə doktoru,dosent

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova