- Mədəniyyət

Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq

İyunun 2-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində dünya şöhrətli yazıçı Qabriel Qarsia Markesin “Kresloda əyləşən kişiyə sevgi etirafı” pyesi əsasında hazırlanan tamaşanın premyerası olacaq.

AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycanın xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub. Əsl etiraf adlandırıla biləcək əsər tamaşaçılara ailə münasibətlərinə daha fərqli bucaqdan baxmağa imkan yaradacaq.

“Kresloda əyləşən kişiyə sevgi etirafı” kişi-qadın münasibətlərinin tükənməz fəlsəfəsi üzərində qurulmuş pyesdir. Bu monoloq ötüb keçən gənclik, soyuyan hisslər, xəyanət, inciklik, deyilməmiş sözlər, etiraf edilməmiş fikirlər haqqında etirafdır. Bu, əsər bir ailənin ömür boyu davam edən həyat hekayəsidir.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir.

Dekorasiya üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyum üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır. Musiqi tərtibatı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya Olqa Arsentyevaya, işıq üzrə rəssamlıq Nikolay Rudıçevə məxsusdur.