- Cəmiyyət

Rusiya İran dronları ilə Kiyev vilayətinə hücum edib

Oktyabrın 5-də səhər saatlarında Rusiya qüvvələri Kiyev vilayətindəki Bila Tserkva şəhərinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba teleqramda yazıb.

İlkin məlumata görə, işğalçı qüvvələr hücumu İran istehsalı kamikadze dronları ilə həyata keçirib:

“Bila Tserkvada bir neçə partlayışla bağlı məlumat var. İlkin məlumatlara görə, şəhərə kamikadze pilotsuz uçuş aparatları hücum edib. Bu səbəbdən infrastruktur obyektlərində yanğınlar baş verir. Bir zərərçəkmiş var”.

Qeyd edək ki, Bila Tserkva şəhəri paytaxtdan 70 km cənubda yerləşir.

Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.

Bundan sonra Ukrayna Silahlı Qüvvələri dəfələrlə İran PUA-larını məhv edib. Belə ki, sentyabrın 28-nə olan məlumata görə, Ukraynanın hava hücumundan müdafiəsi artıq 22 kamikadze-dronunu vurub.

Rəsmi Tehran Rusiyaya PUA satdığını təkzib edir.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova