- Cəmiyyət

Rusiya Kurskda iki yaşayış məntəqəsinin azad edilməsi barədə məlumat yayıb

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinov Kursk vilayətində iki yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb.

“Report”un məlumatına görə, müvafiq bəyanat onun “Telegram” kanalında yerləşdirilib.

Məlumata görə, Nijnaya Parovaya və Neçayev azad olunub.

Alaudinov əlavə edib ki, təmas xətlərində vəziyyət heç bir ciddi dəyişikliyə məruz qalmayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi bütün günü hücuma keçib və buna görə də çox ağır itkilər verib.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib.