- Cəmiyyət

Rusiya Ukraynanın energetika obyektlərinə raket zərbələri endirməkdə davam edir

Rusiya Ukraynanın energetika obyektlərinə raket zərbələri endirməkdə davam edir.

APA-nın Ukrayna mətbuatına istinadən məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar paytaxt Kiyevdə daxil olmaqla, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərinin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb.

Ərazidə hava həyəcanı siqnalları səsləndirilir.

O da bildirilib ki, hazırda Odessa, Xarkov, Kirovoqrad, Lutsk, Kropivnitsk və Rovno şəhərlərində ardıcıl partlayış səsləri eşidilir.

***

09:04

Rusiya tərəfi PUA və bombardmançı təyyarələrdən istifadə etməklə Ukraynaya zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Bildirilib ki, səhərə yaxın yeddi Tu-95MS strateji bombardmançı təyyarəsi səmaya qalxıb. Saat 05:03-də isə Rusiya tərəfi Qara dənizdən “Kalibr” raketi buraxıb.

Ukraynanın Energetika naziri German Qaluşenko enerji sektorunun hücuma məruz qaldığını bildirib.

Onun sözlərinə görə, Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir.