Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.
Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.
Putin və Ərdoğan müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də, “Sputnik V” peyvəndinin tədarükünə başladığına görə Rusiya tərəfinə təşəkkür edib.
Telefon danışığı zamanı Suriyadakı məskunlaşma məsələləri nəzərdən keçirilərkən, İdlibdə və ölkənin şimal-şərqində gərginliyin artmasının qarşısını almaq və bu ərazilərdə qalan terror qruplarına qarşı mübarizə məqsədi ilə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətlərinin vacibliyi vurğulanıb.
Vladimir Putin Cenevrədə ABŞ Prezidenti Co Baydenlə aparılan danışıqlarla bağlı təəssüratlarını Türkiyə lideri ilə bölüşüb.
Söhbət əsnasında, həmçinin şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılığa əldə olunub. (apa)