Rusiya, Azərbaycan və Ermənistan Üçtərəfli İşçi Qrupu çərçivəsində birgə infrastruktur layihələrinin başladılması üçün parametrləri yekunlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA “Novosti”yə müsahibəsində bildirib.
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində reallaşdırılan işlər arasında bu formatı açarlardan biri hesab edirik. Üç ölkə liderinin Soçidə razılığa gəldiyi kimi, birgə infrastruktur layihələrinin işə salınması üçün hazırda parametrlər yekunlaşdırılır”, – deyə nazir müavini bildirib.
Andrey Rudenkonun sözlərinə görə, Rusiyanın yanaşması ondan ibarətdir ki, müvafiq qərarlar yalnız Bakı ilə İrəvan arasında konsensus olduqda dayanıqlı ola bilər: “Ona görə də biz Azərbaycan və Ermənistan tərəflərinin maraqlarının balanslaşdırılmış vahid “paket”də təmin edilməsini dəstəkləyirik”.
O qeyd edib ki, bu mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması məsələləri, o cümlədən regionda həm dəmir yolu, həm də avtomobil kommunikasiyalarının bərpası nəzərdə tutulur.