“On ildən sonra milli eyniyyətimizin qorunması barədə danışmağın mənası olmayacaq”
Bugünkü qonağımız Şimalı Osetiya-Alaniya Respublikası parlamentinin deputatı, Milli siyasət və gənclərlə iş üzrə komitənin sədr müavini, Şimalı Osetiya ictimai təşkilatı olan “Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyəti”nin rəhbəri Fuad Kazımovdur. Onunla Rusiyada yaşayan soydaşlarımızın ana dili ilə bağlı problem və çətinlikləri, milli-mədəni mərkəzlərinin fəaliyyəti və s. barədə danışdıq.
– Ötən əsrlərdə Azərbaycan dili Qafqazdan kənarda da ünsiyyət vasitəsi kimi işlənirdi. Bu barədə Lermontov dostu S.Rayevskiyə göndərdiyi məktubda yazırdı: “Tatar dilini (yəni azərbaycancanı) öyrənməyə başlamışam. Avropada fransız dili kimi Asiyada da bu dil çox lazımdır”. İndi vəziyyət necədir? 1906-cı ildən nəşr olunan “Molla Nəsrəddin” jurnalının Rusiyanın müxtəlif şəhərlərində abunəçiləri vardı… Təbii ki, vəziyyət dəyişib, lakin Rusiyada buna bənzər faktlar varmı?
– Obyektivlik xatirinə demək lazımdır ki, Şimali Qafqazın dağlıları arasında ərəb dili ilə yanaşı ən çox məhz kumıkların (müasir Şimali Qafqazın yerli və iri türk xalqlarından biri – red.) danışdığı türk dili yayılmışdı. Türk dilinin Azərbaycan variantı da kifayət qədər fəal istifadə edilib, lakin dominantlıq etdiyi Cənubi Qafqazdan bir qədər az. Azərbaycan dilini bilməklə kumık dili daşıyıcıları ilə rahat ünsiyyət qurtmaq olar, Osetiyada, Dağıstanda, Stavropol diyarında bu gün də bu baş verir, lakin millətlərarası ünsiyyət vasitəsi kimi rus dilindən obyektiv səbəblərdən müqayisə edilməz dərəcədə çox istifadə edilir. “Molla Nəsrəddin” jurnalının müasir analoquna gəldikdə, internet dövründə tamaşaçı əhatəsinin genişliyi baxımından hər hansı bir mövzuda və hər hansı bir dildə maraqlandığınız məlumatları tapa biləcəyiniz qlobal şəbəkəyə qarşı durmaq çətindir.
– Məlumdur ki, dil təkcə ünsiyyət vasitəsi deyil, onun gerçəklik, mədəni ənənələr, xalqın tarixi, milli özünüdərki haqda bilikləri qorunmaq və gələcək nəsillərə ötürmək funksiyası da var. Bu mənada Azərbaycandan kənarda ana dilimizin işləklik vəziyyəti ilə bağlı silsilə materiallar hazırlamağı nəzərdə tutmuşuq. Rusiyada yaşayan soydaşlarımızın ana dili ilə bağlı hansı problemləri, çətinlikləri var? Ümumiyyətlə, ana dili burada işlədilirmi? İşlədilirsə, hansı dairədə?
– Belə deyərdim: Azərbaycan dili əsasən Azərbaycan icmaları çərçivəsində geniş istifadə edilir. Bu mənada bizim dilə dövlət dəstəyi yoxdur. Rusiya xalqlarının bütün dillərinin bərabərliyi, qorunması və inkişafı ilə bağlı qanunvericilik səviyyəsində qəbul edilmiş konstitusiya hüquqları var. Azərbaycan dili respublikanın cənubunda çoxlu sayda etnik azərbaycanlıların yaşadığı Dağıstanda yerli dövlət dillərindən biridir.
Ölkənin paytaxtı da daxil olmaqla böyük icmaların yaşadığı bəzi regionları var, amma “Ana dili” proqramı çərçivəsində Azərbaycan dilinin öyrənildiyi orta məktəb, demək olar ki, qalmayıb. Rusiyada tədris prosesini bu dildə aparan təhsil müəssisələrinin sayı Azərbaycan dili daşıyıcılarının sayına nisbətdə müqayisəolunmaz dərəcədə azdır. Rusiyanın profilli qurumlarının müasir latın əlifbası əvəzinə kiril əlifbasından istifadə edərək Azərbaycan dilində tədrisin aparılması ilə bağlı əsassız, lakin öhdəsindən gəlinməsi mümkün olmayan problem var. Burada Rusiya Federasiyasında böyük əksəriyyətinin hətta fakültətiv səviyyədə öz dilini öyrənmək üçün oxşar imkanı olmayan Azərbaycan əhalisinin vəziyyəti ilə müqayisədə Azərbaycan Respublikası rəhbərliyinin ölkəsində rus dilinin öyrənilməsinə hörmətə layiq münasibətini qeyd etmək lazımdır. Bəli, Rusiyada ayrı-ayrı ali və orta məktəblər var, amma bu, Azərbaycandakı rus dilinin statusu ilə müqayisə olunmaz dərəcədə azdır.
– Sadaladığınız problemlərin səbəbləri obyektivdir, ya subyektiv?
– Bu problemlər kompleks və sistemli xarakter daşıyır. Rusiya Federasiyasının ərazisi nəhəngdir və azərbaycanlıların yerləşmə sıxlığı hər yerdə azərbaycanlı uşaqlardan ibarət tədris siniflərinin komplektləşməsi üçün yetərli deyil. Hətta regionlarda adi ümumtəhsil məktəbləri əsasında heç olmasa fakültətiv kurslar, yaxud bazar günü sinifləri yaratmağa çalışsaq belə, kifayət qədər Azərbaycan dili müəllimi haradan tapa bilərik? Əgər yerli azərbaycanlı ictimai təşkilatların səyləri ilə sadalanan bütün şərait yaradılsa, əsas problem yaranır – Rusiya dövlər qurumlarında akkreditasiya olan, yaxud razılaşdırılan tədris proqramını, metodik vəsaitləri və dərslikləri hardan götürək? Öz regionumuz Şimalı Osetiya-Alaniya Respublikasının nümunəsində deyə bilərəm ki, yerlilərimiz üçün dil kurslarının yaradılması entuziastlara söykənib, özfəaliyyət xarakteri daşıyır, hər şey heç bir dövlət dəstəyi olmadan edilir. Biz özümüz sinif otaqları üçün yerlər axtarırdıq, təhsil prosesini təşkil edə bilən adamları tapırdıq, proqram yaradır və yerli təhsil qurumunda razılaşdırırdıq. Regional dövlət universitetimizdə Bakı Dövlət Universiteti ilə kooperasiyada “Xarici Regionşünaslıq. Azərbaycan” magistr ixtisası üzrə təhsil proqramı yaradılıb, bu proqram çərçivəsində ölkənin tarixi, iqtisadiyyatı, dili öyrənilir.
Tələbələrin dövlət büdcəsi hesabına təhsil almalarına imkan verən altı büdcə yeri kvotası var. Ancaq bu ümumi vəziyyətdən bir istisnadır və Şimali Osetiya Dövlət Universitetinin rəhbərliyinin hər cür köməyi sayəsində mümkün olub.
– Bu gün öz dövlətlərindən kənarda etnik azlıqların assimilyasiya riski heç vaxt olmadığı qədər artıb. Bu adamlar öz doğma dillərində getdikcə daha az danışır, o dildə təhsil almır, öz tarixi vətənlərindən daha çox uzaqlaşır və daha çox başqa mədəniyyətlərin, maraqların təsiri altına düşür. Bunun qarşısını almaq üçün hansısa tədbirlər görülürmü?
– Dəlillərinizlə tamamilə razıyam, amma qarşılıqlı sualım var: vəziyyəti dəyişdirmək üçün kim səy göstərməli və üsullar axtarmalıdır? Əgər Azərbaycan dövlətinin bununla bağlı əndişəsi varsa, dilini və soydaşlarını dəstəkləmək üçün ilk növbədə dövlət səviyyəsində əlindən gələni etməlidir, Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən və müsbət istiqamət alan qeyri-kommersiya təşkilatlarını və milli-mədəniyyət mərkəzlərini, mədəniyyət və təhsil müəssisələrini dəstəkləməlidir, Azərbaycan Respublikasının elm-təhsil mərkəzlərində onun dilini, tarixini, mədəniyyətini öyrənmək məqsədilə xaricdə istifadə üçün nəzərdə tutulmuş standart proqramlar yaratmalıdır, dövlətlərarası əməkdaşlıq çərçivəsində bu bilik sahələrinin öyrənilməsi və inkişafı üçün kitablar, dərsliklər və tədris materialları istehsal edilməli və çatdırmalıdır. Bu, məsələn, Rusiya Federasiyasının rusdilli əhalinin hüquqlarının pozulduğu ölkələrdə etdiyi kimi, böyük Azərbaycan icmaları və diasporları olan ölkələrin hər hansında edilirmi? Eyni zamanda, biz Rusiyanın özündə nə Azərbaycan dili, nə də başqa dilə qarşı hər hansı qanunvericilik məhdudiyyətlərinin və sıxışdırmanın olmaması kimi müsbət faktdan istifadə etmirik, bütün dillərə bərabər hüquqlar bəyan edilib. Lakin bu hüquq və azadlıqların həyata keçirilməsində maddi və təşkilati problemlər var. Sadə vətəndaşların bunda günahı yoxdur, onlar sistemin bir hissəsidir və onun çərçivəsində fəaliyyət göstərməyə məcburdurlar. Utancla başqa ölkənin sosial-ictimai həyatına inteqrasiya adlandırdığımız kiçik millətlərin assimilyasiya prosesi isə dayanmadan artan sürətlə davam edəcək. Bu, obyektiv reallıqdır, amma bu, o demək deyil ki, bu insanlar tarixi vətənlərini sevmirlər.
Onların səyləri Azərbaycandan dəstək tələb edir, əks halda tək bir entuziazmla Rusiya və hər hansı digər ölkənin qanunvericiliyi çərçivəsində öz tarixi vətənlərinin mənafelərinə təsiri və səmərəli təşviqini həyata keçirməyi, ölkələrimizin və xalqlarımızın qarşılıqlı mənfəətli əməkdaşlığını möhkəmləndirməyi bacaran kifayət qədər savadlı və nüfuzlu vətəndaş yetişdirə bilməyəcəyik.
– Rusiya Federasiyasında azərbaycanlı ailələrin uşaqları ana dilində təhsil ala bilirmi? Azərbaycan dili kursları varmı? Azərbaycanlılıarın orada toplaşdığı klublar, dərnəklər və s. varmı?
– Bu suala artıq qismən cavab verdim. Bizim ölkədə tədris prosesini Azərbaycan dilində aparan həm ali, həm də orta dövlət təhsil müəssisələri var, lakin onların sayı etnik azərbaycanlıların sayına nisbətdə azdır. Azərbaycan icmalarında dil kursları, musiqi, rəqs və kulinariya dərnəkləri də mövcuddur, lakin onlar əsasən həvəskar xarakterlidir, yerli entuziastların hesabına mövcuddurlar və ciddi maliyyə, kadr, metodiki və təşkilati çətinliklərlə üzləşirlər.
– Səfirlik, diaspora bununla əlaqədar hansı işləri görür?
– Düşünürəm ki, səfirlik ona həvalə edilən funksiyaları yerinə yetirir, lakin onların fəaliyyət dairəsi daha çox dövlətlərarası münasibətlərin digər sahələri və Rusiya Federasiyasında Azərbaycan vətəndaşları üçün konsulluq xidmətləri ilə bağlıdır. Diasporaya gəldikdə, aydınlaşdırmaq istəyirəm ki, bu, xarici dövlətdə milli azlıq hüququ ilə yaşayan etnik qrupdur. Gürcülərdən və ermənilərdən fəqrli olaraq azərbaycanlıların Rusiya Federasiyasında azsaylı yerli xalq statusu var, axı Dağıstanın cənubu ənənəvi olaraq bizim etnosun yaşayış ərzisidir və orada sayına görə altıncıdır, dilimiz isə Rusiya Federasiyasının subyekti olan Dağıstan Resublikasında on dörd dövlət dilindən biridir. Ona görə də azərbaycanlılar barədə diaspora yox, icma kimi danışmaq daha doğru olar. Bu, çox vacib faktdır, bunu nəzərə almalı və öz işimizdə effektiv istifadə etməliyik. Azərbaycan milli-mədəni təşkilatları və milli-mədəni muxtariyyətlər Rusiya Federasiyasının əksər subyktlərində qeyri-kommersiya təşkilatları kimi fəaliyyət göstərirlər. Onların çoxu Milli Məsələlər üzrə Federal Agentliyinin himayəsi altında Rusiya hüquq sahəsində fəaliyyət göstərən Federal Milli-Mədəni Muxtariyyətdə birləşirlər. Yerlərdə bizə əsas köməyi məhz bu federal müxtariyyət göstərir. Ancaq onun imkanları hədsiz deyil, xüsusilə də bu qeyri-kommersiya təşkilatları Rusiya ərazisindən kənardan maliyyə dəstəyi alırsa, bir sıra məhdudiyyətləri nəzərdə tutan Rusiya qanunvericiliyi çərçivəsində işləmək məcburiyyətindədir.
– Kitabxanalarda Azərbaycan dilində kitab tapmaq olurmu? Azərbaycan kitabxanaları ilə kitab mübadiləsi olurmu?
– Paytaxt və regional mərkəzlərin iri kitabxanalarında, federal ali təhsil müəssisələrində onlar, şübhəsiz ki, var. Bundan əlavə, qlobal internet şəbəkəsi vasitəsilə vətəndaşlarımızın bütün dünyada yaşayanlar kimi rəqəmsal nəşrlərə, o cümlədən istənilən dildə bədii, elmi-populyar, texniki və dövrü ədəbiyyata çıxışları var.
– Azərbaycan dilində televiziya və ya radio verilişləri varmı?
– Bir neçə federal və bir sıra regional kanallar var ki, onların yayım şəbəkəsində Azərbaycan Respublikasından, azərbaycanlılardan, adət və mədəniyyətimizdən bəhs edən verilişlər var, lakin onlar rus dilində yayımlanır. Ölkədə və dünyada tanınan bir çox soydaşımız mədəniyyətimizi, tarixi Vətənimizi tanıtmaq, bu həqiqəti geniş kütlələrə çatdırmaq üçün əllərindən gələni edirlər. Azərbaycan dilində yayımlanan peyk kanallarına, xüsusən də xəbər proqramlarına, musiqi proqramlarına və bədii filmlərə çıxış imkanı var.
– XIX əsrin əvvəllərindən Dərbənd Azərbaycan Teatrı fəaliyyət göstərib. İndi teatrın vəziyyəti necədir? Digər regionlarda Azərbaycan teatrları varmı? Azərbaycankı teatrlar tamaşalarla çıxış edirmi?
– Bəli, həqiqətən də 1904-cu ildə Dərbənddə Azərbaycan Milli Teatrı yaradılıb və müharibən sonra 1949-cu ildə bağlanıb. Ancaq sonra yenidən açılıb və 1998-ci ildən Dərbənd Azərbaycan Teatrı adlandırılıb. Təəssüf ki, onun yaradıcılığı ilə tanış deyiləm, ancaq öz regionuma – Şimalı Osetiya-Alaniya Respublikasına gəldikdə, bizdə “Azəri” mill-mədəni cəmiyyətinin yubileyi çərçivəsində Bakı “Rəşid Beybudov adına Mahnı Teatrı” çıxış edib. Koronavirus pandemiyasına qədər Vladiqafqaz şəhərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Bakıda Şimalı-Osetiya Gənc Tamaşaçılar Teatrının qarşılıqlı qastrolları təşkil edilmişdi. Osetiya Dövlət Akademik Dram Teatrının səhnəsində populyar bakılı rejissorun iştirakı ilə “Ağıllı arvad” pyesi tamaşaya qoyulub, “Osetiya şəfəqləri” festivalı çərçivəsində iki dəfə Azərbaycan Xoreoqrafiya Ansambların qastrolları təşkil edilib. Lakin biz Şimalı Qafqazın və bütövlükdə Rusiyanın səhnələrində Azərbaycanın müxtəlif şəhərlərindən olan artistləri daha tez-tez görməyə şad olardıq.
– Humanitar problemlərinizin həlli üçün Azərbaycan dövlətindən hansı köməyi gözləyirsiniz?
– Təəssüf ki, biz çoxdandır heç nə gözləmirik və yalnız öz qücümüzə güvənirik. Bir tərəfdən, Azərbaycanın müxtəlif ictimai xadimlərinin tarixi vətənimizin mənafelərini fəal və effektiv şəkildə dəstəkləməyə qadir olmadığımıza dair tənqidinə məruz qalırıq, digər tərəfdən isə, bu problemin həllinə yönəldilmiş səyləri biz yalnız öz qücümüzlə və öz şəxsi vəsaitimizlə etməyə məcburuq.
Əvvəla, biz Rusiya Federasiyasının vətəndaşı kimi bu dövlətin qüvvədə olan qanunlarına riayət edib, ancaq onların çərçivəsində hərəkət etməyə məcburuq. İkincisi, effektiv olmaq üçün güclü olmalıyıq. Çox az adam təkbaşına güc qazana bilər və bu məqamda Azərbaycan dövlətinin köməyinə ehtiyacımız var. Səmərəli kömək etsələr, şübhəsiz ki, bizdən səmərəli nəticə tələb etmək hüququna malik olacaqlar. İndi isə kömək və əməkdaşlıq əvəzinə, ayrı-ayrı şəxslərin və strukturların fəaliyyətimizə müdaxilə etmək cəhdlərini, daxili problemlərimizin həllinə öz baxışını tətbiq etmək cəhdlərini görürük. Qeyri-kommersiya təşkilatları ilə belə məcrada münasibət qurmaq səmərəsizdir, ictimai işdə məsələlər kadr dəyişikliyi ilə həll edilmir. Fəallarımız dövlət qulluqçusu deyil, onlar bu işi ürəklərinin çağırışı ilə görürl’r və onlarla qarşılıqlı əlaqə qurmaq lazımdır. Bizdə bir şey alınmırsa, ixtisaslı məsləhətçilərlə kömək edin, müsbət təcrübəni yaymağa yardım edin. Məsələn, Rusiyadakı ən nüfuzlu diasporlardan birində belə bir qayda var ki, onların Rusiya Federasiyasının hər hansı bir bölgəsində yerli milli-mədəni mərkəzin rəhbərləri vəzifəsinə seçilən şəxsləri, həmin xalqın tarixi vətənini təmsil edən ölkənin səfirliyində üç günlük xüsusi kurslara dəvət edirlər. Sonra isə onları səfirliyin hesabına bu ölkəyə göndərirlər ki, fəaliyyətlərinə məsul olan nazirliyin əməkdaşları ilə tanış olsunlar. Bu cür yanaşma onların diasporunun Rusiya dövlət strukturları ilə səmərəli fəaliyyət qurmağına çox kömək edir.
Çox istərdim ki, Azərbaycan hakimiyyəti aşağıdakı məqamlarda bizə dəstək versin:
– Azərbaycanın elmi mərkəzlərində məktəbəqədər və ibtidai təhsil, eləcə də Rusiyanın “Ana dili” məktəb kursu çərçivəsində Azərbaycan dilinin tədrisi üçün standart tipli dil proqramları hazırlamaq;
– Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası əməkdaşlıq çərçivəsində Rusiyanın təhsil və elm sahəsində dövlət siyasətini həyata keçirən icra hakimiyyəti orqanlarında müasir latın qrafikasına əsaslanan Azərbaycan dili tədris proqramlarının akkreditasiyasına kömək etmək;
– Azərbaycan milli-mədəni mərkəzilərinin fəaliyyət göstərdiyi regionlarında Azərbaycan dilini tədris edən orta məktəblərin bazasında “Ana dili” məktəb proqramı çərçivəsində büdcə hesabına olan siniflərin, yaxud uşaq və böyüklər üçün əlavə təhsil çərçivəsində büdcə hesabına fakültətiv qrupların və ya bazar günü qruplarının yaradılması məqsədilə Rusiya Federasiyasının təhsil və elm sahəsində dövlət siyasətini həyata keçirən qurumları ilə danışıqlar aparmaq.
Bu siniflərdə təhsil alanları cəlb etmək üçün məsuliyyəti Azərbaycan milli-mədəni mərkəzləri öz üzərinə götürməlidir;
– Milliyyətcə azərbaycanlı olan rusiyalı tələbələrin sonradan Rusiya Federasiyasının tədris müəssisələrində işləməsi üçün “Azərbaycan dili və ədəbiyyatı” proqramı üzrə (paralel olaraq Rusiyada tələbatın olduğu türk, ərəb, rus, fars dillərdən birinin paralel öyrənilməsi imkanı ilə) Azərbaycanın ali təhsil müəssisələrinə göndərilməsi üçün Azərbaycan milli-mədəni mərkəzlərinə kvotalar təyin etmək;
– Azərbaycan dilinin öyrənilməsi üçün metodik materiallar və elektron dərsliklər işləyib hazırlamaq və ilk növbədə Azərbaycan milli-mədəni mərkəzləri vasitəsilə Rusiya Federasiyasının regionlarında yaymaq;
– Rusiya Federasiyasının əsas federal dairələrinin inzibati mərkəzlərinin filarmoniyaları, yaxud musiqi teatrları yanında öz federal dairəsi çərçivəsində respublika və vilayətlərdə müntəzəm qastrol səfərləri həyata keçirə biləcək Azərbaycan musiqi-xoreoqrafik ancambllarının yaradılmasına və fəaliyyətinə maliyyə yardımı göstərmək;
– Turistlərin cəlb edilməsi, onların Ermənistan və Gürcüstandan Azərbaycana yönəldilməsi üçün Rusiyadan Azərbaycana aviareyslərin qiymətini tənzimləmək. Problem ondadır ki, Rusiya və Cənubi Qafqazın şəhərləri arasında məsafə eyni olduğu halda Azərbaycana qiymətlər qonşularımıza olduğundan müqayisə olunmaz dərəcədə yüksəkdir. Varlı ərəb ölkələrindən turist axınının genişlənməsinin əhəmiyyətini azaltmaq istəmirəm, lakin Azərbaycanın və onun xalqının ilk növbədə keçmiş SSRİ ölkələrinin əhalisi arasında müsbət imicinin formalaşması, o cümlədən rəqiblərimizin düşmən fəaliyyətinə effektiv təsir üçün həmişə vacib olub.
Düşünürəm ki, bu təxirəsalınmaz, çox vacib və mürəkkəb addımları yaxın gələcəkdə atmaq lazımdır. Axı indi vaxt bizim əleyhimizə işləyir, ildən-ilə dövlətimizdən kənarda milli eyniyyətimizin qorunması problemi dərinləşir, on il sonra isə bu barədə danışmağın mənası olmayacaq.
Fizzə Heydərova