- Mədəniyyət

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

Mən Heydər Əliyevlə görüşmüşəm, onun portretini çəkmişəm. Dahi insan idi. Onun oğlu İlham Əliyev atasının siyasətini uğurla davam etdirir, Azərbaycanın unikal tarixini yaradır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqının mədəni irsinin qorunub saxlanması istiqamətində çox iş görürlər.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində tanınmış rəssam, Rusiyanın Xalq rəssamı Nikas Safronov Sankt-Peterburq Tarix Muzeyində – Petropavlovsk qalasında avqustun 20-dən oktyabrın 31-dək keçirilən “Peterburqa böyük sevgi” adlı fərdi sərgisinin bağlanış mərasimində ifadə edib.

Rəssam qeyd edib ki, Azərbaycana, işğaldan azad olunmuş ərazilərə bir daha səfər etməkdən böyük məmnunluq duyardı. Dəfələrlə Bakıda olmuş, bir sıra bölgələrə, o cümlədən İsmayıllı və Naxçıvana səfərlər etmiş N.Safronov vurğulayıb: “Əlbəttə, Qarabağa böyük məmnuniyyətlə səfər edərəm. Mən siyasətdən uzaq adamam, amma öz düşüncələrim, daxili prioritetlərim var. Azərbaycanı çox sevirəm, qonaqpərvər xalqınıza böyük rəğbətim var”.

Rəssam qeyd edib: “Azərbaycana həsr etdiyim çoxlu sayda əsərim var. İnsanları yaxından tanıyanda, onlara sevgi hissləri yaranır. Azərbaycan xalqı səmimidir. Şəhərlərdə, kiçik kəndlərdə insanların həqiqi səmimi hisslərinin şahidi olursan. Azərbaycanlıların səmimiliyi, qəlblərinin hərarəti və qonaqpərvərliyinə heyran oldum. Onlar heç vaxt səni süfrə qurmadan, hədiyyə vermədən buraxmazlar”.

N.Safronov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşü ilə bağlı xatirələrini də bölüşüb: “Heydər Əliyev Bakıdakı fərdi sərgimin açılışında iştirak edirdi. Xoşbəxtəm ki, Bakıya gəlmək, Heydər Əliyevlə görüşmək və onun portretini çəkmək mənə nəsib olub. Həmin portreti təqdim edəndə, o, rəsmə xeyli baxdı və dedi: “Bu ölkədə sənin dostun var və o, mən özüməm”. Elə buna görə də məmnuniyyətlə Qarabağa səfər edərdim, bu yerlərin təbiətini görmək, tarixi məkanlarının ziyarət etmək mənim üçün maraqlı olar. Artıq işğaldan azad edilən Şuşanın rəsmini çəkmişəm. Bu, tarixi, çox özəl bir yerdir. Təəssüf ki, Şuşada olmamışam, amma videomateriallara baxaraq şəhərin rəsmini yaratmışam. Mütləq Qarabağa gedəcəyəm və Şuşada fərdi sərgimi açacağam”.

“Peterburqa böyük sevgi” sərgisi haqqında; burada tanınmış fırça ustasının mənzərələr, portretlər və sürreal kompozisiyalar janrlarında 90-dan çox əsəri nümayiş etdirilib. Rəssam Rusiyanın haqlı olaraq dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Şimal paytaxtına – Sankt-Peterburqa onun əsrarəngiz mənzərələrinə, intellektual mühitinə və zəngin tarixə məhəbbətini kətan üzərinə köçürüb. Sərgini italyan aktrisa Ornella Muti və türk kino ulduzu Burak Özçivit də daxil olmaqla yüzlərlə sənətsevər ziyarət edib. Muzeyin salonlarında ziyarətçilər klassik təsviri sənətlə müasir texnologiyanın heyrətamiz simbiozunu müşahidə ediblər, burada sanki zaman portalına qərq olmuş kimi vahid keçmişlə gələcəyə qovuşublar. Hər bir əsər zaman maşınının pəncərəsinə bənzəyir; burada əsrlərin əzəməti və sirləri ilə parlayan tarixi şəhərin gözəlliyinə baxmaq və ya müasir metropolisə nəzər salmaq olar.

Nikas Safronov son işlərindən birini – “Daha çox məna” layihəsini təqdim edib. Bu art-obyekt, ilk növbədə, gənclərin incəsənətə marağının artırılmasına yönəlib, zəmanəmizin aktual problemlərini əks etdirən istehzalı və metaforik obrazlarla yanaşı, dərin mənaları özündə ehtiva edir.

Digər maraqlı layihə “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov və rəssam, Yeni Peterburq İncəsənət Akademiyasının yaradıcısı Timur Novikova həsr olunmuş “Azadlıq” art-obyektidir.