“Mən ümid edirəm ki, bu iş haqqında gələcəkdə daha ətraflı məlumat alacam. Belə ki, o, mənim laboratoriyadakı tədqiqatım üçün böyük əhəmiyyətə malikdir. Problem çox çətin problemdir. İngiltərədə və başqa ölkələrdə olan bir çox kristalloqraflar bu problemi həll etməkdə aciz qalmışlar. Buna görə cənab Məmmədovu bu kəşfi münasibətilə təbrik etmək lazımdır”.
Con Bernal
Bəs Məmmədov kimdir? Məşhur ingilis alimi, sülh uğrunda fəal mübariz Con Bernalı öz tədqiqatı ilə hədsiz sevindirən, dünyanın bir çox görkəmli alimlərinin öhdəsindən gələ bilmədiyi çətin bir problemi müvəffəqiyyətlə həll edən inadkar insan kimdir?
Lap əvvəlcədən deyək ki, bu, azərbaycanlı alim Xudu Məmmədovdur. Aşağıda söhbət də ondan gedəcəkdir.
… 1945-ci ilin gözəl yay axşamlarından biri idi. Üfüq qızılı rəngə çalırdı. Günəş öz şəfəqlərini dərə və düzlərdən yığır, sürüyüb uzaqda görünən dağlar arxasına aparırdı. Xudunun anası Şirin xala evlərinin həyətində durub oğlunun yolunu gözləyirdi. Elə bu vaxt oğlu həyət qapısında göründü.
‒ Ana, kamal attestatımı aldım, məni təbrik edə bilərsən!
Şirin xalanın qəlbi iftixarla döyündü. Üzündə sevinc qığılcımları parladı. O, oğlunun gülümsəyən qara gözlərindən öpdü.
Bir neçə gündən sonra Xudu qonum-qonşu ilə görüşüb, Ağdam rayonundan Bakıya yola düşdü. Onu yola salan anası titrək bir səslə dedi:
‒ Oğul, özündən muğayat ol!
‒ Arxayın ol, ana!
Qatar hərəkətə gəldi. Xudu Bakını görməsə də, onun haqqında çox oxumuşdu, çox eşitmişdi. O, ilk dəfə getdiyi bu şəhəri bir daha xəyalında canlandırmaq istədi. Ona elə gəldi ki, indi hamı onun haqqında belə düşünür: “Bu oğlan Ağdamdan Bakıya oxumağa gedir”.
Qatar ağır-ağır nəfəs alaraq, irəli gedirdi. Sərnişinlər bir-biri ilə şirin-şirin söhbət edir, deyib-gülürdülər. Lakin yuxarı yerlərin birində uzanmış Xudu vaqondakıların bu səs-küylərinə əhəmiyyət vermir, pəncərədən bayıra baxaraq, xəyala dalmışdı. O, 19 yaşına çatsa da Ağdamdan və ətraf rayonların bir-ikisindən başqa heç yeri görməmişdi. İndi isə qatar onu Azərbaycanın elm-mədəniyyət mərkəzi olan Bakıya aparırdı. Qədim və doğma Bakıya.
…Xudu 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, uşaqlıq illərini burada, Ağdamın meyvəli bağlarında, Dəlidağın səfalı mənzərələrində keçirmişdir.
O, Ağdam fəhlə-gənclər orta məktəbində oxuyan zaman bütün dərslərindən “əla” qiymətlər alardı. Ona görə də Xudunu məktəbdə yoldaşları çox sevir, ona hörmət edirdilər. Yoldaşları, qohumları hərəsi Xuduya bir cür məsləhət verərdilər:
‒ Oxu, həkim ol!
‒ Zootexnik olmaq yaxşıdır!
‒ Müəllimlik də şərəfli sənətdir, həm də rahatdır.
Xudu məsləhətlərin hamısını diqqətlə dinləyərdi. Ancaq hər dəfə o, aşağıdakı sözləri təkrar edərdi.:
‒ Xeyr. Mən elə sənət öyrənəcəyəm ki, o, rahat olmasın. Mən gecə-gündüz daim çalışacağam, öz üzərimdə işləyəcəyəm.
…Qatar stansiyada dayandı. Hamı vaqondan düşdü. Doğma Bakı Xudunu qucağına aldı. O, vağzalın mərmər pillələri ilə aşağı endi.
Xudu elə həmin gün S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki BDU, – qeyd Aygün Əzizindir) gedib sənədlərini Geoloji-coğrafiya fakültəsinin geologiya şöbəsinə təqdim etdi.
Həsrətlə, həyəcanla gözlənilən imtahanlar başlandı. Qəbul imtahanları. Xudu imtahanları müvəffəqiyyətlə verib universitetə daxil oldu. Həmin gün onun sevinci qəlbinə sığmırdı. Çünki arzu etdiyi böyük bir məqsədə nail olmuşdu. Bu məqsəd isə onun arzularına qol-qanad verir, gələcək arzularının həyata keçməsi üçün yollar açırdı.
Bəli, 1 sentyabr gəldi. Dərslər başlandı. Xudu ali məktəb həyatının ilk günlərindən özünü bacarıqlı, çalışqan, fəal ictimaiyyətçi kimi tanıtmışdı. Onun şəkli şərəf lövhəsindən, adı müəllimlərin dilindən heç vaxt düşməmişdi.
Xudu nəinki fizikanın, kimyanın, geologiyanın, riyaziyyatın qədrini yaxşı bilirdi, hətta ədəbiyyat, coğrafiya, tarix fənlərini də gözəl öyrənirdi. Buna görə də qrupda yoldaşları onu “Ensiklopedik Xudu” deyə çağırırdılar.
Lakin Xudu bildikləri ilə kifayətlənmirdi. Öz üzərində səylə çalışır, elm dəryasından daha çoxlu damlalar götürmək istəyirdi. Müəllimlər də onun bu səyini yüksək qiymətləndirir, hər cür köməklik göstərirdilər. İndi də söz düşəndə Xudu deyir:
‒ Öz müəllimlərimi ömrüm boyu unutmayacağam. Çünki elmin sirlərini öyrənməkdə onlar mənə çox kömək etmişlər. Geologiya-minerologiya elmləri doktorları, akademik M.Qaşqay, Ş.Mehdiyev, H.Əfəndiyev mənim ən sevimli müəllimlərim olmuşlar. Mən Heydər Əfəndiyevin dərin, mənalı mühazirələrinə diqqətlə qulaq asardım. O, müəllimim olmaqdan əlavə, mənim ikinci atam olmuşdu.
Elmə, biliyə tükənməz həvəsi olan Xudu təkcə müəllimlərin mühazirələri ilə kifayətlənmir, daim mütaliə edirdi. Bundan əlavə o, dərsdən sonra çox vaxt laboratoriyalara gedir, təcrübi işlərlə məşğul olardı. Xudu məktəbdə oxuya-oxuya geologiya, petroqrafiya kafedralarında, daha sonralar isə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda kimya laboratoriyasında laborant işləmişdir. Kimya laboratoriyasında Xudunun apardığı təcrübə işləri hələ o vaxt laboratoriyanın müdiri H.Əfəndiyev tərəfindən yüksək qiymətləndirilmişdir. Xudu burada bir neçə birləşmənin dəqiq atom quruluşunu, bəzi maddələrin kristallokimyasını öyrənmişdir.
Dərsə başlayan ilk günlərdə Xudu özü üçün yaradıcı bir yol seçmişdi. O, tələbə elmi cəmiyyətinin ən fəal üzvü olmuş, mineralogiyaya aid maraqlı mövzularda məruzələr etmişdir.
Dördüncü kursda oxuyarkən onun kristalloqrafiya dərsində stereloqrafik proyeksiya almaq prinsipini izah etmək üçün hazırladığı əyani vəsait (model) tələbə elmi işlərinin müsabiqəsində birinci mükafata layiq görülmüşdür.
Xudunun yaxşı, zarafatcıl məktəb yoldaşları var idi. Bunlardan Nəzir Əliyev, Hüseyn Məmmədov, Surxay İsmayılov, İlyas Kərimov, Cəlal Nağıyev və Sərdar Zülfüqarovu göstərmək olar. Onlar indi də bir-biri ilə mehriban və qardaş kimidirlər.
Doğma Universitetdə təhsil illəri başa çatırdı. Tələbələrdən kimi yay tətilini mənalı keçirmək üçün sanatoriyaya və müalicə ocaqlarına istirahətə gedir, kimi də diplom yazmağa hazırlaşırdı. 1949-cu il idi. Xudu da öz istehsalat təcrübəsini Dəlidağın səfalı qoynunda, Qaranlıq dərəsində keçirmək üçün yaylağa gəlmişdi.
Bu, təsadüfi deyildi. Uşaqlıq vaxtlarından buralarda çox olmuş, Qaranlıq dərəsində cürbəcür minerallar axtarıb tapmışdı. Ona görə Xudu “Qaranlıq dərənin manqal mineralları”nı diplom mövzusu götürmüşdü.
Onun yazmış olduğu diplom mövzusu “əla” qiymətə layiq görüldü. Nəhayət, Xudu universiteti fərqlənmə diplomu ilə bitirdi.
Xudu universiteti qurtaran kimi müəllimi H.Əfəndiyev onun əlini sıxaraq, mehribanlıqla dedi:
‒ Belə məsləhət görmüşük ki, sən aspiranturada qalıb oxuyasan, elmi yaradıcılıq işini davam etdirəsən.
Beləliklə, Xudu elmi işdə istifadə edilmək üçün Azərbaycan SSR Elmlər Akademiyasının Kimya İnstitutunda kiçik elmi işçi kimi işləməyə başlayır. Tezliklə institut kollektivinin dərin hörmətini qazanan Xudu öz təhsilini davam etdirmək üçün Moskvaya ezam edilir. Qəbul imtahanlarını “əla” qiymətlə verib SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutuna daxil olur. Akademik N.B.Belovun məsləhəti ilə Xudu Məmmədov “Ksonotlitin strukturası”nı müəyyən etmək problemini öz dissertasiya işi üçün mövzu götürür.
Gərgin, zəhmətli, axtarışlı günlər başlayır. Xudunun qarşısında çətin problem dururdu. O, ksonotlit və vollastonit minerallarının quruluşunu öyrənməli idi.
Bu sirrin açılışı isə sement kimyasında yeni fəslin başlanğıcı idi. Xudu girişdiyi işin əhəmiyyətini yaxşı bilirdi. Ona görə də yorulmaq bilmədən işləyirdi, axtarırdı, öyrənirdi. Görkəmli kristalloqraflardan biri, akademik N.V.Belovun dəyərli məsləhətləri də Xudunun inamını artırırdı.
Atalar yaxşı deyiblər: “Axtaran tapar”. Xudunun da axtarışları müvəffəqiyyətlə nəticələndi. Bu qiymətli tədqiqat işi ilə tanış olan ingilis alimi Con Bernal yazmışdı: “Problem çox çətin problemdir. İngiltərədə və başqa ölkələrdə olan bir çox kristalloqraflar bu problemi həll etməkdə aciz qalmışlar. Buna görə də cənab Məmmədovu bu kəşfi münasibətilə təbrik etmək lazımdır”.
Doğrudur, dünyanın bəzi ölkələrində sement kimyasına, onun texnologiyasına aid çoxlu əsər yazılmışdır. Lakin sement kimyası məsələlərinə dair 1952-ci ildə Londonda keçirilmiş beynəlxalq konfransda, 1956-cı ildə Moskvada olan müşavirədə bu məsələlərdən danışılmış və həqiqətən də qeyd olunmuşdu ki, bu suala çoxlu cavablar verilir, lakin bu cavabların da çoxu bir-birinə ziddir. Amma bu məsələ barəsində hələ qəti bir söz deyilməmişdir.
Sement kimyəvi tərkib etibarilə bir-birinə oxşar bir sıra maddələrdən ibarət olan bir materialdır. Bu maddələrin hamısı silisium, kalsium birləşməsindən əmələ gəlir, yəni onlar kalsium silikatları adlanır. Bu maddələrin kimyəvi tərkibi öyrənilmişdir.
Ancaq kimya və fizika ilə əlaqədar olan və maddənin kimyəvi tərkibinə əsasən onun kristallik quruluşunu öyrənən yeni elm-kristal kimyası elmi bu barədə yeni məlumat verə bilərdi. Bu sahədə isə alimlərin qarşısına bir sıra çətinliklər çıxmışdır.
Sementin tərkib hissəsini təşkil edən maddələrdən biri ksontotlit adlanır. Con Bernal isə ingilis alimlərinin və digər Avropa alimlərinin müvəffəqiyyətsizliyindən danışarkən, məhz bu maddəni nəzərdə tutmuşdur. Həmin alimlər ksonolitin quruluşunu açıb göstərməyə çalışmışlarsa da, onu bacarmayıb yarımçıq qoymuşdular.
Gənc alim hələ 1956-cı ildə sənaye və kənd təsərrüfatı əhəmiyyəti olan vollostanit mineralları kristalı quruluşunu açmağa müvəffəq olmuşdur. Gənc alimin bu kəşfi SSRİ Elmlər Akademiyası tərəfindən yüksək qiymətləndirilmişdir. Volostanit mineralından şüşə və kağız sənayesində aşqar, kimya sənayesində ən yaxşı uçucu maddə və kənd təsərrüfatında gübrə kimi istifadə edilir. Bu mineralın həqiqi quruluşunun öyrənilməsi dünya tədqiqat ədəbiyyatındakı dolaşıqlığa son qoydu.
…Bu yaxınlarda Xudu Məmmədovla görüşmək üçün Elmlər Akademiyasının Kimya İnstitutuna getmişdik. Alimlə öz laboratoriyasında görüşdük. Öz işləri haqda bizə danışmasını ondan xahiş etdik. Xudu Məmmədov dedi:
‒ Sementin tərkibinə daxil olan kalsium silikatlarının hazırda on üçüncü kristallik quruluşu məlumdur. Bunların onunu biz, ikisini isə ingilislər müəyyən etmişlər.
Bəs bu silikatların bərkliyinin sirri nədədir? Onların tərkib hissəsinin müxtəlif olmasına baxmayaraq, onlar ümumi quruluşa malikdirlər, yəni eyni atom bloklarından ibarətdir.
Bu isə onları bir-birinə yaxınlaşdırır və onların əlaqəsini möhkəmləndirir.
Xudu Məmmədov müəyyən etmişdir ki, sement maddələrinin kristalları qeyri-üzvü polimerlərin möhkəm olan uzun bir zəncirini əmələ gətirir. Alim öz işinə “Kalsium silikatlarının və hidrosilikatlarının kristal kimyası” adlı əsərində yekun vurmuşdur. Bu əsər 1959-cu ildə Elmlər Akademiyasının nəşriyyatı tərəfindən buraxılmışdır.
1961-ci ildə həmin laboratoriyanın kollektivi üçün müvəffəqiyyətlər ili olmuşdur. Həmin il laboratoriyada 3 birləşmənin dəqiq atom quruluşu və 12-dən çox maddənin kristallokimyası öyrənilmişdir.
***
1959-cu ilin gözəl yay axşamlarından biri idi. Poçtalyon Xudu Məmmədovun evinə bir məktub gətirdi. Məktub Con Bernaldan idi. O yazıdır: “Mən Bekbec kollecindəki laboratoriyamda, cənab Məmmədov, sizi qarşılamağa çox şad olaram… Kalsium silikatları sahəsində sizin apardığınız iş sement kimyası ilə məşğul olanlar üçün çox maraqlıdır, ona görə də tamamilə aydındır ki, bizim şəxsi söhbətimiz hər iki ölkə üçün qiymətli olacaqdır”.
Xudu Məmmədov həmin ilin fevral ayında C.Bernalın dəvəti ilə İngiltərəyə getdi.
O, 20 günlük səfəri zamanı Londonda, Qlazqoda, Aberdində və Kembricdə olmuşdur. C.Bernal özünün Londondakı laboratoriyasında gənc alimi sevinclə, gülər üzlə qarşılamışdır. C.Bernal günlərlə X.Məmmədovla söhbət etmiş, özünün yeni tədqiqatları haqqında ona məlumat vermişdir.
X.Məmmədov bu görüşdən danışarkən deyir:
‒ İngiltərədə olmağımın proqramı C.Bernalla birlikdə tərtib edilmişdi. Mən bir həftədən çox Bekbec Kolleci laboratoriyalarnın işi, professor Bernalın əməkdaşlarının əldə etdiyi nailiyyətləri ilə tanış oldum, Kembricdə maddələr quruluşunun təhlili sahəsində Kevendiş laboratoriyasının apardığı işlə, Aberdində isə universitetin Kimya fakültəsinin əsərləri ilə tanış olmuşam. Bu fakültədə məni əsas maraqlandıran məsələ, yəni kalsium silikatlarının quruluşu öyrənilir. Mən ingilis alimləri ilə söhbətlər zamanı çox şey öyrəndim və öz təcrübəm haqda onlara məlumat verdim. Həm professor Bernal, həm də professor C.Tilley və Aberdin tədqiqatçılarının bir dəstəsi öz tədqiqatlarını bizim tədqiqatlarla əlaqələndirməyi arzu etdiklərini bildirdilər. Əlbəttə, bu iş çox faydalıdır.
Xudu Məmmədov əlavə edir:
‒ Mən ümid edirəm ki, elmin bu kiçik sahəsində ingilis alimlərinin bizimlə əməkdaşlığı ingilis xalqı ilə mədənin əlaqələrin v dostluğun genişlənməsinə kömək edəcəkdir.
Hələ namizədlik dissertasiyası ona böyük şöhrət qazandırdı. Onu bu əsəri ilə dünyanın ən məşhur alimləri tanıdılar, onun qazandığı böyük nailiyyəti qeyd etdilər, onunla hesablaşdılar. Lakin Xudu elmi işə, maddələrin sirli-cazibəli aləminə daha böyük qüvvə ilə qapıldı. Axtardı, araşdırdı. Gənc alim silikatların “qohum”u olan bir sıra birləşmələrində quruluşunu öyrəndi. Əsər yazdı. Məşhur mütəxəssilərin rəyincə təkcə bu əsər doktorluq dissertasiyası üçün kifayət edərdi. Lakin Xudu əldə edilənlərlə qane olmurdu. Axtarışlarını davam etdirirdi. Nəhayət, çoxlu gərgin əməyin, uzun-uzadı tədqiqatlarının nəticəsi olan əsərlərinin bir qismini sistemləşdirib 1969-cu ildə doktorluq dissertasiyası şəklində elmi şuraya təqdim etdi. Elmi şurada əsərin “Kalsium silikatlarının kristallokimyası” müzakirəsi başlandı. Çıxış edənlər dissertasiyaya yüksək qiymət verdilər.
Onların bir neçəsinin fikrini burada qeyd etmək yerinə düşərdi.
N.B.Belov – SSRİ Elmlər Akamediyasının akademiki, akademiyanın kristallokimya laboratoriyasının müdiri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, Xudunun elmi rəhbəri: “…X.S.Məmmədov bir çox mənada böyük geokimyaçı mineraloq, kristallokimyaçı V.İ.Bernadskinin davamçısıdır. Etiraf edirəm ki, elmdə Xuduya öyrətdiyimi bütöv bir pay hesab etsəm, Xududan öyrəndiyim iki bütöv paydan da artıq edər”.
M.M.Sıçev – Leninqrad Texniki İnstitutu Silikatlar və qeyri-üzvü maddələr texnologiyası fakültəsinin dekanı, yapışqanlı materialların kimyəvi texnologiyası kafedrasının müdiri, texnika elmləri doktoru, professor: “Kalsium silikatlarının kristallokimyasına həsr olunmuş çoxlu sanballı əsərləri ilə ölkəmizdə və xaricdə elmi ictimaiyyətə yaxşı tanış olan Xudu Məmmədovun elmlər doktorluğu üçün dissertasiya müdafiəsi əslində formal cəhətdir və o, çoxdan elmlər doktorunun etməli olduğundan daha böyük kəşflər etmişdir”.
E.S.Makarov – kimya elmləri doktoru, professor: Mübaliğəsiz demək olar ki, kalsium silikatlarının və onların oxşarlarının kristallokimyasının inkişafında (həm nəzəri, hım də eksperimental) Xudu Məmmədovun töhfəsi dünya kristallokimyaçılarının hər hansı birininkindən böyükdür. Bu onun elmdəki inhisarıdır. C.Bernaldan və N.Belovdan sonra Xudu Məmmədov sementlərin kristallokimyası sahəsində dünya lideridir. O, fizika-riyaziyyat elmləri doktoru da, kimya elmləri doktoru da ola bilərdi. Ancaq Xudu Surxay oğlu geologiya-mineralogiya elmləri doktoru elmi adına müvafiq dissertasiya hazırlamışdır. Bu onun öz haqqıdır. Xudu bu ada, şübhəsiz, layiqdir”.
E.S.Makarovun sözlərinə bunu da əlavə etmək olar ki, Xudu həm də sənətşünas da ola bilərdi. Musiqiyə, rəssamlığa, poeziyaya vurğunluğu, bunlara dair tədqiqat işləri bir daha sübut edir ki, o, ensiklopedik şəxsiyyətdir.
…Respublikamızda kristalların quruluşunu öyrənən görkəmli alim Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədovun tədqiqat diapazonu çox genişdir. O, dünyanın ən görkəmli alimləri, memarları, rəssamları, yazıçıları, musiqişünasları və başqa peşə sahiblərindən tutmuş təbiətlə daim ünsiyyətdə olan adi çobanlara qədər bütün əmək adamları ilə əlaqə saxlayır. Onlardan hər birinin təbiəti necə dərk etdiyini öyrənir. Öz elmi axtarışlarında bu müşahidələr alimin köməyinə çatır. Xudu Məmmədov 150-yə yaxın əsərin müəllifidir.
Neçə illərdir ki, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Xudu Məmmədov elmin incəsənətlə əlaqəsi, bunların bir-birindən ayrılmaz, bir-birinə arxa-dayaq olduğu barədə axtarışlar aparır, öz fikirlərini geniş oxucu kütləsiylə bölüşür. “Gənclik” nəşriyyatının çapdan buraxdığı və oxucuların rəğbətini qazanmış “Qoşa qanad” kitabı da alimin bu məsələ barəsində fikir və düşüncələrinin məhsuludur.
Xudu Məmmədov “Qoşa qanad” kitabından sonra düz 7 il naxışlar haqqında ciddi axtarışlar aparmış, məlum həqiqətləri təkrar etməmiş, hər şeydən əvvəl öz alimlik təcrübəsinə əsaslanaraq elmlə sənətin əlaqəsi barədə elmin müasir, yüksək inkişaf səviyyəsi mövqeyindən danışır. Uzun illərin tədqiqatları “Azərnəşr” tərəfindən çap edilmiş “Naxışların yaddaşı” kitabında toplanmışdır. Xudu Məmmədovun Əmiraslanov, Nəcəfov və Mürsəliyevlə birlikdə yazdıqları bu kitab incəsənətimizin ən qədim və maraqlı qollarından biri olan naxış yaradıcılığına həsr edilmiş ilk əsaslı əsərdir. Müvafiq bölmələrdə onun nəzəriyyəsi, tarixi, yazılma coğrafiyası, təsir dairəsi, kristalloqrafiya və digər elmlərlə qarşılıqlı əlaqəsi barədə ətraflı söhbət gedir. Burada irəli sürülmüş mülahizə və mühakimələrin əyaniliyini artırmaq üçün müxtəlif şəkil və tabloda verilmişdir.
Onun bir çox əsərləri Kanadada, Hindistanda, İngiltərədə və başqa ölkələrdə nəşr olunmuşdur.
Xudu Məmmədov Polşa kristalloqraflarının qurultayında iştirak edib. Dəfələrlə Moskva və Leninqradda keçirilmiş elmi simpoziumlarda iştirak etmiş, bir sıra xarici alimlər ilə əməkdaşlığı davam etdirir.
1982-ci ilin aprel ayında SSRİ Elmlər Akademiyasının dəvəti ilə Sovet İttifaqında qonaq olan ABŞ-ın (Nyu-York ştatında) Buffalo Tibb institutunun direktoru, professor Herbert Hauptman Azərbaycanda olmuşdur. Rentgenostruktur analizi sahəsində çox böyük mütəxəssis olan professor H.Hauptman Fizika institutunda azərbaycanlı həmkarı, Respublika Elmlər Akademiyasının müxbir üzvü Xudu Məmmədovun tədqiqatları ilə xüsusi maraqlanmışdır.
Son illər Xudu Məmmədovu işlədiyi elmi sahələrinin inkişafı daim maraqlandırır. Belə istiqamətlərdən biri kristalların hidrotermal sintezini öyrənmək və təşkil etmək, habelə bu sahədə mütəxəssislər hazırlamaqdan ibarətdir. İndi bu sahədə respublikamızda xeyli işlər görülüb. Əvvəllər kristalların quruluşunu öyrənmək üçün onları başqa yerdən – təbiətdən götürürdülərsə, indi onları laboratoriyada sintez edib alırlar. Fərəhlidir ki, əldə etdikləri nəticələri sənayedə tətbiq etmək üçün yeni yollar axtarırlar.
Məlumdur ki, kristalların quruluşunu açmaq üçün ən güclü hesablayıcı maşınlarla təchiz olunmuş müasir aparatlardan istifadə olunur. Buna görə də H.Abdullayevin təşəbbüsü ilə belə bir laboratoriya yaradıldı. Onun adı Kristallik və molekulyar quruluş laboratoriyasıdır. Bu münasibətlə 1975-ci ildə Fizika institutunda ikinci bir laboratoriya – Molekulyar və kristallik quruluş laboratoriyası açıldı. Xudu Məmmədov həm də bu laboratoriyanın rəhbəridir. Elmi-tədqiqat Qeyri-üzvi Fizika və Kimya İnstitutunda Xudu Məmmədovun rəhbərliyi altında “Quruluş kimyası” laboratoriyasında maddələr alınır, kimyəvi cəhətdən öyrənilir, quruluş açmaq üçün kristallar seçilir. Fizika İnstitutundakı laboratoriyada isə quruluşun öyrənilməsi sona çatdırılır. Onu da qeyd etmək istərdik ki, Fizika institutundakı laboratoriya bir növ respublikanın mərkəzi laboratoriyası adlanır. Başqa institut və laboratoriyalarda alınmış müxtəlif quruluşlar da mərkəzləşdirilmiş şəkildə ilk dəfə burada öyrənilir. Həm də belə böyük bir imkan nəinki silikatların quruluşunu öyrənməyə, həm də böyük miqyasda yarımkeçirici birləşmələrin, üzvi birləşmələrin quruluşunu öyrənməyə imkan verir.
Laboratoriyanın əməkdaşları bir neçə ildir ki, yeni bir elm sahəsində tədqiqatlar aparırlar. Bu da orqanizmdə metallarla başqa birləşmələrin qarşılıqlı təsirini öyrənmək, beləliklə də məlum maddələri – dərman birləşmələrini metallarla birləşdirməklə onların təsirini gücləndirmək və onlara yeni vəzifə qulluğu tapmaqdır. Bu da respublikamız üçün daha yeni bir sahədir.
Artıq bu sahədə çox iş görülüb, kadr hazırlanıb. Alınan maddələrin quruluşu öyrənilib və tibbi mütəxəssislərlə birlikdə axtarışlar aparılır.
Xudu Məmmədov bir neçə elm sahələri – sement silikatlarının, təbii və sintetik elementlərin, bor birləşmələrin, yarımkeçiricilərin, üzvi birləşmələrin, kristalların hidrotermal, kompleks dərman birləşmələrinin quruluşlarını öyrənmək sahəsində öz elmi axtarışlarını inadla davam etdirir.
Respublikamızda elektroonoqrafik quruluş analizinin öyrənilməsi və kadrlar yetişdirilməsi Xudu müəllimin adı ilə bağlıdır.
Hazırda yuxarıda adlarını çəkdiyimiz müxtəlif elmi problemlər sahəsində Xudu Məmmədovun rəhbərliyi altında hər iki laboratoriyada ciddi fundamental tədqiqatlar aparılır.
Xudu Məmmədov kristallokimya sahəsində fundamental tədqiqatlar aparan alimlərdəndir. Kristallokimya gənc elmlərdən biridir. Bu, müasir fizikanın, kimyanın ümumi qanunları əsasında yaranmışdır. Bu elmin üsulu fizika-kimya, obyekti isə bərk cisimlərdir. Xudu Məmmədovun rəhbərliyi altında kristallokimya elminin köməyi ilə bərk maddələrin kimyəvi tərkibləri və onların quruluşu arasındakı əlaqələr öyrənilir. Fərəhli haldır ki, laboratoriyanın ən böyük nailiyyəti indiyə kimi burada 50-dən artıq birləşmə və mineralın atom quruluşu və kristallokimyası müəyyən edilmişdir.
Xudu Məmmədov təkcə tədqiqatlar aparmaqla kifayətlənmir. O, respublikada gənc alimlərin yetişməsinə gənc alimlərin yetişməsinə böyük qüvvə sərf edir. Elə buna görə də elmin inkişafında onun böyük xidmətləri vardır.
Bəs Xudunu elmin çətin, sirli aləminə çəkib gətirən nə olmuşdur? O özü söz düşəndə bu barədə deyir:
‒ Vaxtilə mən kolxozun heyvandarlıq fermasında işləyirdim. Yayda mal-qara Kəlbəcərdəki Dəlidağ, Gəlinqayası, Dərbənd bulağı, Qaranlıq dərəsi və başqa yerlərə aparılırdı. Biz onları müşayiət edirdik. Bu səfərlər zamanı çoxlu maraqlı və cazibəli əşyalarla rastlaşırdım. Onlardan biri rəngarəng bir daş idi. Təbiət bu daşa xüsusi bir gözəllik bəxş etmişdi. O tərəf-bu tərəfinə baxdım. Lakin onun bu gözəlliyinin səbəbini, sirrini bilmədim. Geologiya-mineralogiya elminə həvəsim artdı. ADU-ya daxil oldum. Beşillik təhsil ərzində çox şeyi öyrəndim. Lakin həmin daş öz sirrini mənə açmırdı ki, açmırdı… Mən daha irəli getdim. Axtardım, araşdırdım. Deyəsən, daşın da qəlbi yumşalmışdı. Uşaqlıq dostum öz sirrini məndən daha gizlətmirdi. Nəinki öz sirrini, hətta qohumlarının sirrini də gizlətmirdi. Bu daş rodonit idi. Məndə elmə həvəs oyadan bu daşı xoşbəxtlik daşı adlandırdım. Doğrudan da, bu daş mənə xoşbəxtlik vermişdi.
Bəli, adi mühasibat işçisindən geologiya-mineralogiya elmləri doktoruna, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvünə qədər yüksələn inadkar iradəli, cəsur insanın həyat yolu belədir. Bu yolda onu nə qədər nailiyyətlər gözlədiyini bilmirik. Ancaq onu deyə bilərik ki, onun həyatı hər hansı gənc üçün bir örnək ola bilər.
1980