- Köşə

Rüstəm ƏZİZOV. ÖMÜR DEDİKLƏRİ BİR KARVAN YOLU…

3 yanvar Azərbaycanın ilk pianoçu-pedaqoqu, professor Kövkəb Səfərəliyevanın ad günüdür…

İşıqlı geniş otağa musiqi dolur. Xoş, həzin bir musiqi. Onda məhəbbət də, hicran da, vüsal həsrəti də duyulur. “Sevgili canan”. Üç dünyanın – Nizaminin, Üzeyirin, Bülbülün ürək çırpıntıları pərdə-pərdə, nəğmə-nəğmə ətrafa yayılır. Kövkəb xanım hərəkətsiz oturub bu ecazkar musiqini dinləyir. Keçən günləri xatırlayır.

  • Dahi şairimiz Nizaminin anadan olmasının 800 iliiyi yubileyinə hazırlıq görülürdü. Hərə bu əlamətdar günə öz hədiyyəsini hazırlayırdı. Bir gün görkəmli bəstəkar, xalq musiqi yaradıcılığının böyük bilicisi Üzeyir Hacıbəyov bizi ətrafına topladı. O, yeni bir muqisi əsəri yaradanda onu konservatoriyada ifa etdirər və müəllimlərin fikrini öyrənərdi. Biz məsələnin nə yerdə olduğunu təxminən bilmiçdirk. Gözlədiyimiz kimi də oldu. O, “Sevgili canan” və “Sənziz” romanslarının hələ mürəkkəbi qurumayan norlarını mənə verdi, pianoda çalmağımı xahiş etdi. Özü də kresloda oturub dinləməyə başladı. Romanslar hamının xoşuna gəldi. Ecazkar musiqi qəlbləri belə fəth etdi.

Böyük ölməz bəstəkar haqqında belə məhəbbət və rəğbətlə danışan Kövkəb xanım kimdir?

1910-cu il… Kövkəb orta məktəbdə oxuyur. Onun arzuları tükənməz idi.

O, ali təhsil almaq, elmin dərin sirlərinə bələd olmaz və doğma xalqına xidmət etmək arzusu ilə yaşayırdı. Gənc Kövkəb hər şeyə diqqətlə yanaşır və başqalarında öz işgüzarlığı ilə fərqlənidi.

Gənclik illərindən onun musiqiyə sonsuz məhəbbəti vardı. Bu barədə söhbət düşəndə özü deyərdi:

  • Həzin bir musiqiyə qulaq asanda özümü başqa bir aləmdə hiss edirəm. Musiqi qəlbimin qanadı, arzularımın tacıdır.

Musiqiyə olan sonsuz maraq Kövkəbi sonralar Musiqi Texnikumuna gətirib çıxarır. O, istedadlı pianoçu Yelena Dobroxotovanın sinfində təhsil alır. Bütün varlığı ilə musiqiyə bağlı olan gənc Kövkəb çox keçmir ki, müəllimi Yelenanın diqqətini cəlb edir. O, bir gün Kövkəbi yanına çağırıb deyir:

  • Qızım, sənin musiqiyə olan fitri istedadın məni sevindirir. İlk günlər səndəki bu qabiliyyəti hiss etmişdim. Əminəm ki, gələcəkdə sən böyük ümidlər verəcəksən.

Müəlliminin bu sözlərindən Kövkəbin yanaqları qızardı. Totuq əlləri əsdi. Sevincdən gözləri yaşardı. Həmin gecə o, yata bilmədi.

1923-cü ildə Kövkəb texnikumu bitirir. O, azərbaycanlı oğlan və qızları muqisi aləmi ilə tanış etməyə başlayır. Gənc müəllimin ilk yetişdirmələri türk qadın seminariyasının, sonra isə Bakı Xalq Maarif Şöbəsinin “musiqi kombinatı”nın müdavimləri olmuşlar. Kövkəb bu illərdə teatr texnikumundan dərs deməklə bərabər, Bakı fəhlə teatrının tamaşalarını pianosu ilə müşayiət edirdi.

Arzular Kövkəbi 1926-cı ildə konservatoriyaya gətirib çıxarır. O, görkəmli musiqiçi professor Georgi Şaroyevin sinfində təhsil alır. Qaynar konservatoruya həyatı, ağsaçlı professorlardan aldığı dərin nəzəri biliklər gənc qızın bir musiqiçi kimi püxtələşməsinə səbəb olur. Artıq gənc Kövkəbin qəlbi muqisi aləmində yeni yollar açmaq eşqi ilə döyüünr. Azərbaycan xalq musiqisinin öyrənilməsində dahi bəstəkar Üzeyir Hacıbəyovun ona böyük təsiri olmuşdur. Konservatoriyanı bitirən ilk azərbaycanlı musiqiçilərindən Asəf Zeynallı, Əşrəf Həsənov və biri də Kövkəb xanım olur. Kövkəbin istedadını görən müdiriyyət onu konservatoriyada müəllim saxlayır. Kövkəb xanım konservatoriyanın nəzdindəki “İstedadlı uşqlar qrupu”nun rəhbəri təyin edilir. Sonralar bir neçə gənc pianoçu və müəllimdən ibarət bu qrup əsl məktəbə çevrilir. 1940-cı ildə həmin məktəbin əsasənda ümumi təhsil şöbəsi olan yeni onillik musiqi məktəbi yaardılır. Kövkəb xanım onun ən fəal təşkilatçılarından idi. Onun təşəbbüsü ilə həmin məktəbin nəzdində uşaq yaradıcılığı sinfi təşkil edilir. Bəstəkarlardan Azər Rzayev, Elmira Nəzirova, Nazim Əliverdibəyov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Emin Mahmudov, Fərəc Qarayev və başqaları həmin sinifdə oxumuşlar.

Kövkəb xanım respublikamızda peşəkar painoçu kadrlar yetişdirmişdir. Professor Simuzər Quliyeva, dosent Zəhra Cəfərova, Sara Musabəyova, Fəridə Quliyeva, Gülər Sadıqova, Gülarə Əliyeva  Kövkəb xanımın yetişdirmələridir.

Ümumittifaq miqyasında tanınmış Tamilla Mahmudova, Zaqafqaziya müsabiqəsində ikinci mükafat almış Svetlana Koroda paino çalmağın sirlərini ilk dəəf Kövkəb xanımdan öyrənmişlər.

Əməkdar incəsənət xadimi, professor Kövkəb xanım musiqi ədəbiyyatı yaradıclığında yaxından iştirak etmişdir. O, 1943-cü ildə Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” əsərinin redaktoru olmuşdur. Kövkəb xanım “Azərbaycan xalq musiqisi əsasənda pyeslər məcmuəsi” yaratmış, musiqi təhsilinə dair bir neçə qiymətli əsərlər yazmışdır. “Qammalar məcmuəsi”ində də onun zəhməti vardır. Lakin Kövkəb xanım bütün müvəffəqiyyətləri ölməz bəstəkar Üzeyir Hacıbəyovun adı ilə bağlayır:

  • Sevimli bəstəkarımız Üzeyir Hacıbəyovun müasir Azərbaycan musiqisinin və eləcə də ifaçılıq sənətinin inkişafında xidmətləri misilsizdir. Xalq musiqisini dərindən sevən və başa düşən, onu daha da yüksəklərə qaldıran böyük sənətkar musiqi üzrə kadrların püxtələşməsinə də çox fikir verirdi. İfaçılıq sahəsində, eləcə də ümumiyyətlə, musiqi sahəsində nəyə nail olmuşamsa, buna görə gözəl bəstəkarımıza minnətdaram. Əgər onunla birgə çalışmaq şərəfi mənə nəsib olmasaydı, xalq musiqisinin incəliklərini bu qədər dərindən öyrənə bilməzdim.

Söhbət gənc musiqiçilərin yetişdirilməsindən düşəndə o, konservatoriyanın bu işdə oynadığı mühüm rolu bir daha nəzərə çarpdırır, buraya əsl istedadlı gənclərin qəbul edilməsini irəli sürür.

“Müasir musiqiçilərimizə nəyi arzu edirdiniz?” sualına Kövkəb xanım belə cavab verir:

  • Ü.Hacıbəyov vaxtilə əsil istedadların gələcəkdə də xalq musiqisi xəzinəsindən faydalanacağına, ölməz sənət inciləri yaradacağına möhkəm inanırdı.

O, musiqiçidən milli xalq ənənələrinə sadiq qalmağı tələb edirdi. O, deyirdi ki, mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm, bəstəkar xalqla onun anladığı dildə danışmağı bacarmalıdır. O, xalq sənətinə, xalq yaradıcılığına bağlı bir sənətkar idi. O, həmişə xalq üçün yazmağı ən vacib şərtlərdən biri hesab edirdi.

  • Əlbəttə, müasir musiqiçilərimizin müvəffəqiyyətləri bizi sevindirir. Gənc musiqiçilərə isə arzum budur: Azərbaycan xalq musiqisi ənənələrini davam etdirmək, xalq ruhunda əsərlər yazmaq.
  • Yaradıcılıq planlarınız haqda nə deyə bilərsiniz?
  • Müqəddəs arzum gələcək savadlı musiqiçilər yetişdirməkdir. 43 ildir ki, ömrümü bu sənətə sərf etmişəm. Bu yaxınlarda gənc musiçilərə hədiyyə olaraq “Azərbaycan bəstəkarlarının fortepiano pyesləri” üçün iki not kitabım çıxmışdır.

Qəlblərə nüfuz etmək, onları musiqiləşdirmək, yeni-yeni gənclərə ecazkar səslərin açarını vermək böyük səadətdir.

Əməkdar incəsənət xadimi, professor Kövkəb xanım Səfərəliyeva öz həyatını Azərbaycan ifaçılıq məktəbinin yaradımasına və inkişafına həsr etmişdir.

Kövkəb xanım təkcə musiqi aləmində fəaliyyət göstərmir. O, eyni zamanda fəal ictimai xadimdir. Kövkəb xanım Hindistan, Seylon, Fransa, İtaliya, Kuba, Çexoslovakiya və başqa xarici ölkələrdə olmuşdur. Kövkəb xanım həm də dövlət orqanlarında da iştirak etmiş, 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. Partiya və hökumət bu fədakar qadının xidmətlərini yüksək qiymətləndirmişdir. O, “Şərəf” nişanı ordeni və bir çox medallarla təltif edilmişdir.

…Geniş otağa həzin musiqi dolur. Xoş, həzin musiqi. Onda məhəbbət də, şəfqət də, hicran da, həsrət də duyulur: “Sevgili canan”. Kövkəb xanım sakitcə oturub qəlbləri oxşayan bu ecazkar musiqini dinləyir, keçmiş mənalı günləri fərəhlə xatırlayır.

Bəli, ömrünün 70-ci baharına qədəm qoyan Kövkəb xanımın keçdiyi mənalı həyat yolunu xatırladıqda gözlərimiz qarşısında qəlbi musiqi kimi təravətli keçən bir azərbaycanlı qadın yenidən canlanır, sevimli xalq şairimiz Səməd Vurğunun bu sözləri yada düşür: “Ömür dedikləri bir karvan yolu…”

1975