Məni ali məktəbə yola salarkən boynumu qucaqlayıb üz-gözümdən öpdüyü yadıma düşəndə qəhərimdən boğuluram. Arıq əllərin, nazik, uzun barmaqlaırn gözümdə canlanır. İki gecə yatmayıb mənə tikdiyin gözəl və yaraşıqlı kostyum mənim üçün göz dağı olub ata!
Məni qınamayın. Atamın əziyyəti hədsiz idi. Altı körpə böyütdü. Böyük qardaşım İkinci Dünya müharibəsində qəhrəmanlıqla həlak oldu. O, qardaş və bacılarımı böyütmək üçün hər cür məşəqqətə dözdü, cəfaya qatlaşdı.
İndiki kimi yadımdadır. Yeddi yaşım yenicə tamam olmuşdu. Atam məni kənd yeddiillik məktəbinin birinci sinfinə qoydu. Kənd uşaqlarına qoşulub məktəbə getdiyim, partada oturub dərsə həvəslə qulaq asdığım günlər fərəhli idi. Aylar, illər keçdi. Kənd orta məktəbinin yeddinci sinfini bitirdim. Daha sonra təhsilimi davam etdirmək üçün qonşuluqdakı kənd orta məktəbinin səkkizinci sinfinə daxil oldum. Beləliklə, atamın bu arzusunu da yerinə yetirdim. Üç il sürətlə gəlib keçdi. Doğma məktəbi müvəffəqiyyətlə bitirdim. Axşamlar atam bizi bir yerə yığıb öyüd verir, gələcəyimiz haqqında düşünərdi:
- Sizi oxutdurub bir sənət sahibi etsəydim, dərdim olmazdı.
O vaxtdan neçə il keçmişdir, ata! Hər dəfə evimizə gələndə səni qucaqlayıb o üzündən, bu üzündən öpər, qoltuğuna girərdim. Balaca Sabir bir an da olsun yanımdan əl çəkməzdi. Vidadi sənin yaxın köməkçin idi. Vaqif dəcəllik etsə də, səni çox istəyirdi. Bəli, çox! Hələ alagöz inəyimizi demirəm. O axşamlar örüşdən gələn kimi sənin yanına qaçaraq ot-ələf istəyirdi. Qoyunlarımız üstünə cumub həsrətlə sənə baxar, baxardı. Toyuq-cücələrimizə həmişə sən dən səpərdin. Bütün bunların hamısını ona görə xatırlayıram ki, siz olmayanda evimiz suyu sovulmuş dəyirmana oxşayırdı. Sənin yolunu necə də həsrətlə gözləyirdik. Qayıdıb gələndə evdəkilərin də, həyətdəkilərin də üstünə gün doğur, sevinci yerə-göyə sığmırdı. Kaş o günlər olaydı, ata!
Ali məktəbi qurtaranda məni şəhərdə saxladılar. Düz iki il üzünü görmədim. Bilmirəm, ayrılığına necə dözüm, ata?! Bircə arzum var idi. Arzum o idi ki, ilk maaşımla səni sevindirim. Anama təzə paltar, ayaqqabı alım. Əllərindəki dəyənəklərin, barmaqlarındakı qabarların müqabilində işləyib pul qazanım. Səni həmişəlik xoşbəxt yaşadım.
Nə qədər məktublar yazsam da, əziz ata, sənin haqqında ürəyimi boşaltmamışam. Sən 23 il mənim yolumda az əmək sərf etməmisən, gözünün yağını əritmisən, sifətin öz görkəmini dəyişib, saçlarına vaxtsız dən düşüb.
Göndərdiyin məktubların cavabında həmişə toxtaqlıq verib yazırdın: “Ürəyim səni yaman istəyir, oğul. Oxuyub zootexnik olmadın ki, barı kəndimizdə işləyəsən. Darıxanda sənə baxıb təsəlli tapım. Yayda səfalı yaylaqlarda, qışda aranda bizimlə birlikdə olasan. Bəs, nə vaxt gələcəksən?!”
Yox, gələcəyəm, ata!
Yoldaşlarımın hamısı evlidir. Ancaq mən təkcə səni, əziz anamı xatırlayıram. Şirin, duzlu, məzəli söhbətlərin, xeyirxah məsləhətlərin, xoş təbəssümün yadıma düşüb, ata! Yolladığın məktubu alıb oxuyanda qartal olub göylərdə uçmaq istəyirəm. Yoldaşlarım mənə həsəd aparırlar.
- Sən xoşbəxtsən, belə gözəl atan var.
Axı, mən heç vaxt korluq çəkməmişəm. Sən cavan ömrünü şam kimi əridib bizə korluq vermədin. Dost-düşmənin yanında vüqarını pozmadın heç. Heç kimə boyun əymədin. Tikdiyin gözəl paltarlar şöhrətini artırdı.
Bir müddət də keçdi. Mən atamla görüşmək həsrətilə yaşadığım günlərdə onun məktubunu aldım. Məktubun aşağıdakı sətirlərini dönə-dönə oxudum: “Toyunu eləsəydim, ölsəydim də dərdim olmazdı”. Mən sanki bu kəlmələri oxuduqca elə bilirdim ki, üzbəüz dayanıb danışırıq.
… Nəhayət, iki illik məzuniyyətimi götürüb doğma kəndimizə qayıtdım. Çox darıxır, bərk həyəcan keçirirdim. Kəndə çatmaq, atamı görmək, onu bağrıma basıb üz-gözündən öpməyə tələsirdim. Elə bil aylar-illər susuz idim. Ciyərim od tutub yanırdı. Atəşimi söndürmək üçün atamın fərəhli baxışı, dodaqlarına yayılan təbəssümü lazım idi.
Atama da, anama da sovqat almışdım. İki illik ayrılıqdan sonra atamın, anamın, bacı və qardaşlarımın üzünü görmək mənə yuxu kimi gəlirdi…
Axşam idi. Kəndin girəcəyində kiçik bir təpə vardır. Mən bu təpə üzərində oturmuşam. Hər tərəf yamyaşıldır. Uca zirvələri tutqun görünən dağların ətəkləri olduqca ürəkaçan və səfalıdır. Belə mənzərəni seyr edəndə qəlbim gül kimi açılır. Danışmaq, yazmaq və gəzmək istəyirəm. Hər şeydən artıq məni maraqlandıran kəndimizi iki yerə bölən və illərlə belə su üzü görməyən Xublar çayıdır. Onun şırıltı ilə axan boz, bulanıq suyu həm baharın ilk gəlişini, həm də mənə başı daima buludlardan əskik olmayan səfalı Dəli dağ yaylağını xatırlardır.
Bir neçə il bundan əvvəl gecələr qara örtüyünə bürünüb, mürgüləyən kənddə indi işıqlar sayrışır, göz qırpırdı. Elə bil onlar da mənim kimi sevinirdilər.
Kəndə diqqətlə baxdım. Evimizi gözüm gəzdi. Həyətimizdən işıq boylanmırdı. İri darvazamız yox idi. Yerində beş-altı vələ qaratikan qalaqlanmışdı. Küçə divarının bir hissəsi sökülüb qapı qayrılmışdı.
Ayağımı saxlayıb dərindən köksümü ötürdüm. İt hənirtimi duyub üstümə cumanda səsimi çıxartdım. Qocalmış it quyryğunu buladı. Uzun müddət yaşadığım həyət mənə necə də soyuq görünürdü. Balaca otağımın qapısını açıb içəri girmək istədim. Bağlı idi. Tövləmizin qapısı taybatay açılmışdı. Üç-dörd yerdən uçmuşdu. Həyətdəki ağacların dibi yumşaldılmamışdı. Məni görən kimi anam qabağıma yüyürdü. Əl verib boynumu qucaqladı. Öpəndə göz yaşları üzümdə qaldı, həyəcanım artdı. Təlaşım gücləndi. Anam qoluma girib məni içəri apardı. Yaş boğuduğundan əvvəlcə hıçqıra-hıçqıra ağlayanda büsbütün aydınlaşdı ki, atam vəfat eləyib.
Ölümünə inanmırdım. Heç bir şey dilimə vurmadım. Anam ağladı, mən onun saçlarını sığalladım. Atamın sətəlcəm olub bir neçə ay yatdığını, hər cür müalicəyə baxmayaraq ürəyinin tab gətirməyib bu dünyadan tamarzı köçdüyünü deyəndə ürəyim qısıldı, huşumu itirən kimi oldum. Atam dumanlı-çiskinli bir vaxtda dünyaya gəlsə də, gözəl bir gündə, günəşli bir vaxtda dünyadan köçdü. Əmim kimi boranlı bir gündə doğulsa da, gözəl bir yaz çağında, gül-gülü, bülbül-bülbülü çağıran bir vaxtda ömrünü bizə bağışladı.
Həmin gün anamı da götürüb qəbiristanlığa getdim. Atamın qəbri pəjmürdə idi. Tezliklə qəbri səhmana saldım. Başdaşı yondurdum, üstündə atamın adını, atasının adını, təvəllüdünü yazdırdım…
Hər şey düzəlir, qaydaya düşürdü. Atam gözə dəymirdi. Pozulmuş hər nə var idisə, öz yerinə gəlirdi. Atam görünmürdü. Dağılmış cəlal öz yerini tuturdu, atamın səsi eşidilmirdi. Atam yadıma düşürdü.
Otağa giridim. İsti nəfəsini duyurdum, üzünü görə bilmirdim. Bucaqlara baxanda əllərinin yeri, ayaqlarının izi gözümdən yayınmırdı. Buraların o yeri yoxdur ki, atamın əli və ya ayağı dəyməmiş olsun. Bu həyət mənim üçün müqəddəsdir, çünki atam burada gəzib. Bu yer mənim üçün təbiətin bir guşəsidir, çünki atam bu yerləri çox gəzib. Bu yerlər mənim üçün doğmadır, çünki atam mənim həsrətimi burada çəkib, göndərdiyim məktub və teleqramları burada oxutdurub, yolladığım zərflərin kağızlarının zərfini burada cırıb ki, anam nigaran qalmasın.
Həyətimizə su gətirib ağacları suladım. Ağzımın dadı, ləzzəti ata! Yaxşı işim, namuslu əməyim, halal zəhmətim, xoş rəftarımla həmişə ruhunu şad etməyə çalışacağam. Ancaq sən elə bir xilqətəsn ki, bircə gecə övladın üçün çəkdiyin əziyyətin müqabilində mən ömrüm boyu başımı yuxarı qaldırmadan işləsəm də yenə əvəzi çıxmaz.
Gəzdiyim yerlər, gördüyüm şəhərlər, dost olduğum insanlar haqqında sənə danımaq üçün o qədər sözüm var ki, əziz ata!
Mən bu sözləri dəftər-kağıza yox, pak və ləkəsiz ürəyimə yazıb saxlamışam…
… Mən bir neçə ay keçdikdən sonra yenə kəndimizə gəlmişəm. Atamın xoş və mənalı söhbətlərini dinləyə bilmirəm. Keçmişin canlı şahidi olan bu nurani qocanın məzəli söhbətlərindən məhrumam. Artıq həyətimizdə onun ayaq izlərini, evimizdə canlı surətini görə bilməyirəm. Soyuq məzar onu öz qoynuna almışdı.
İndi mən atamın xeyirli məsləhətləri, faydalı təkliflərini eşidə bilmirəm. O, həmişə doğruçul olmağı, gözəl insanları sevməyi öyrətmişdi, xeyirxahlığı və böhtanlardan uzaq olmağı məsləhət görərdi. Hətta tez-tez deyərdi: “Oğul, çalış, hörmət sahibi ol, ad-san qazan…”
Bəli, mən heç vaxt əziz atamın məsləhətlərindən boyun qaçırmamışam, onun dediklərinə əməl etmişəm.
… Bu gün mədəniyyət evində böyük konsert var. Mən pilllələri həvəslə qalxıram. Sanki atam da mənimlə birgə addımlayır. Kəndimiz başdan-başa öz simasını dəyişmişdir. Bu evlərdə atamın əməyini görürəm. Sanki o da mənimə birgə kəndimizi seyr edir, onun geniş küçələrini, sarmaşıqlı, aynabəndli evləri, xoşbəxt və firavan həyat sürən insanları görcək qəlbi iftixarla döyünür, doğma kəndimizin gələcəyini xəyalında canlandırır.
1960-cı illərin yazısı