- Ədəbiyyat

Sədi Şirazi. Ana ürəyi

Torağay yumurta qoydu. Artıq balaları olacaq, onları böyüdəcək, yetişdirəcək, şad günlər başlayacaqdı.

Sonra özünə münasib bir yer tapıb, orada yuva qurdu. Balalarına zərər gəlməsin deyə ətrafını çör-çöplə örtdü.

Nəhayət, gözlədiyi an gəldi. Yumurtalar çatladı, içlərindən bir-birindən gözəl balalar çıxdı. Torağayın sevincinin həddi-hüdudu yox idi.

Amma onun bir qorxusu var idi. Yuvası filin yolunun üstündə idi. Fil hər gün su içməyə bu yoldan keçirdi. Bir gün fil iri ayaqları ilə bu yuvanı tapdalasa, o zaman nə edəcəkdir? Buna görə yuvasından çox da ayrılmırdı. Ancaq torağay bəzən yuvadan ayrılmağa məcbur idi, çünki balaları çox kiçik idilər, onlara yemək gətirmək lazım idi. Bunu da ondan başqa nə edəcəkdi?!

Bir gün yem axtarmaq üçün yuvasından ayrıldı. Qəlbində bir sıxıntı vardı. Bu dəfə uzağa getmədi. Yaxınlıqdan tapdığı yemlə geri döndü. Bir də nə görsə, yaxşıdır? Yuvası darmadağın olmuş, balaları ölmüşdü. Bunu əvvəlcədən də təxmin etdiyi kimi ancaq fil eləyə bilərdi. Həm də ətrafda ayaq izləri var idi.

Torağay çox məyus idi, ağladı. Kədərindən yerində dura bilməyib, filin yanına getdi.

— Ey böyük hökmdar, — dedi, — bu elədiyin sənə yaraşırmı? Hökmdarın vəzifəsi zəifləri, gücsüzləri qorumaqdır. Ancaq sən belə eləmədin və mənim yuvamı dağıtdın.

Balalarımı öldürdün. Vicdanın heç göynəmədimi? Onlar hələ çox kiçik idilər, gözləri belə açılmamışdı. Allah sənin də cəzanı, inşallah, verər.

Torağayın dedikləri fili çox əsəbiləşdirdi:

— Sən nə cəsarətlə mənimlə belə danışırsan? Nə olsun ki, balaların ölüb. Bura mənim ölkəmdir. İstədiyimi eləyə bilərəm. Məni çox əsəbiləşdirmə. İndi səni də ayaqlarımın altına salıb tapdalaram, — dedi.

Zavallı torağay filə cavab verə bilmədi. Bir az da məyus oldu. Ağlına gəldi ki, quşların yanına getsin. Acısını, bəlkə, onlarla bölüşə bilərdi. Bəlkə də, quşlar fildən intiqam alacaqdılar.

Torağay dərdini danışdı, quşlar dinləyib dedilər:

— Çox məyus olduq, övlad acısını biz də bilirik. Nə edək ki, biz çox zəifik, fil isə çox güclüdür… İstəyirsənsə, sağsağanla qarğanın yanına get. Onlar bizdən daha ağıllıdırlar, bəlkə, dərdinə bir əlac edərlər.

Torağay sağsağanla qarğanın yanına getdi. Dərdini onlara da söylədi. Sağsağanla qarğa torağayın başına gələnlərə çox məyus oldular.

Torağayın özünün ağlına birdən bir fikir gəldi.

Torağay:

— Siz fildən kiçiksiniz, bunu bilirəm. Amma uçmaq və sürətli hərəkət etmək kimi qabiliyyətiniz var. Siz filin gözlərini oya bilərsiniz. Bir də mənim dərdim intiqam deyil, ədalətdir.

Bu fikir qarğa ilə sağsağanın da ağlına batdı. Vaxt itirmədən filin yanına gəldilər. Bir fürsət tapıb, filin gözlərini dimdiklərinin sərt zərbələri ilə oyub, onu kor elədilər. Torağayın ürəyi bununla soyumadı. O, bu dəfə qurbağaların yanına getdi. Dərdini deyib onlardan da kömək istədi.

Qurbağalar:

— Biz nə edə bilərik? — dedilər.

— Siz çox asan bir iş görəcəksiniz. Filin olduğu yerin yaxınlığında bir uçurum var. Ora gedib quruldayın. O, sizi göl kənarında sanacaq. Səsə doğru gələcək, gözləri görmədiyi üçün uçuruma yuvarlanacaq.

Bu, qurbağalar üçün çox asan bir iş idi. Dərhal planı həyata keçirməyə başladılar. Uçurumun kənarına gəlib «vak… vak…» deyə quruldadılar.

Fil kor olmuş gözlərinin ağrısını çəkirdi. Ciyəri də susuzluqdan yanırdı. Kor olduğu üçün bir yerə də gedə bilmirdi.

Qurbağaların səsini eşidəndə çox sevindi. Bu səsə tərəf getsəm, gölə çataram düşündü. Qalxıb səs gələn tərəfə getməyə başladı. Səs lap yaxından gəlirdi. Fil qarşısında göl olduğunu sanıb özünü uçuruma atdı. Artıq hər şey bitmişdi. Fil son nəfəsini verirdi. Torağay onun yanına gəldi.

— Belə olmağını istəməzdim, ey hökmdar, — dedi. Amma günah sənin özündədir. Böyüklüyünə və gücünə güvəndin, mənə zülm elədin. Balalarımı öldürdün. Mən də bu cür plan qurub səni tələyə saldım. Beləliklə, ədalət yerini tapdı, sən də cəzanı…

Filin nə isə deməyə halı yox idi. Əzab içində bağıraraq son nəfəsini verdi. Torağay yenidən göy üzünə yüksəldi. Qəlbi yenidən ana olmaq arzusu ilə dolu idi.
portal.azertag.az