İbrahimov Elmar Nəriman oğlu 02 sentyabr 1998-ci ildə Mingəçevir şəhərində anadan olub orada 2 saylı məktəbi bitirmişdir.
Atası İbrahimov Nəriman Qərbi azərbaycanlılardan idi. 1988-ci ildə ermənilər tərəfindən öz dogma yurdundan didərgin salınmışdı, anası isə 1993-cü ildə Ağdam şəhərindən… Mingəçevirdə məskunlaşmışdılar.
Hər iki valideynin ağrılı xatirələri, yurdsuzluq haqqındakı söhbətləri, mənəvi sıxıntıları Elmarın yaddaşına, canına-qanına hopmuşdur. Didərgin valideynlərin yeganə böyük qazancı isə məhz yeganə övladları olan Elmar idi. Kiçik yaşlarından atasını itirir, anası onu ürəyi əsə-əsə böyüdür. Tənha ana bütün gələcəyini, bütün arzularını və sevinclərini sanki Elmarın böyüyüb ailə qurması, oğul-uşaq sahibi olması zamanına saxlayır. Daş üstə qoyulan daş, ev üçün alınan hər bir ləvazimat, qorunub saxlanılan hər bir əşya Elmarın adı ilə bağlı olur. Elmar evlənib anasının acılarını unutdurmalı, gəncliyini əziyyətlər içərisində keçirmiş qadını nəvə-nəticə sahibi etməli idi. Sevdiyi, ailə quracağı qız da bəlli idi. Müharibə bitəndən sonra toyu olacaqdı…
Elmar təkcə əzab verən xatirələrlə deyil, həm də bütün gənclərimiz kimi kədərli Qarabağ xəbərlərinin səsi ilə böyümüşdü. Məktəbdə Qarabağ rayonlarının itirilməsi ilə bağlı az qala hər ay keçirilən matəm ovqatlı tədbirlərin nisgilli nidası onun gələcək taleyinin şüarı oldu. 21 sentyabr 2020-ci ildə könüllü olaraq orduya yazıldı… 06 Oktyabr 2020-ci ildə, 22 yaşında Tərtərin Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid oldu.
Ölümündən dərhal sonra youtubda Elmar İbrahimovun səs yazısı yayıldı: “Bu gün səhər radələrində atışma zamanı şəhid olan İbrahimov Elmar… Mingəçevir şəhəri… İkinci Mübariz İbrahimov gəlir, gözləyin!.. Vətənə canım qurban!”
Elmar Mübariz İbrahimovla eyni soyadı daşıyırdı. Eyni ağrı ilə böyümüş Azərbaycan gənclərinin, əsgərlərinin taleyi də çox zaman eyni cür olurmuş… Qisasın alınma zamanını fövtə vermək istəməmişdi Elmar, Mübariz İbrahimovun, Polad Həşimovun yarımçıq qalmış mübarizəsinə qoşularaq bu mübarizəni qəhrəman döyüşçülərlə birlikdə sonlandırmaq, Zəfər tarixi yazmaq istəmişdi. Hər iki şəhid qəhrəman onun idealı idi…
Qısa bir zamanda cəsarəti, məsuliyyəti və nümunəvi davranışları ilə hər kəsin hörmətini qazanmış, Fəxri Fərmanla təltif edilmişdi. 651 saylı hərbi hissənin komandiri Əflatun Nuraliyev onun haqqında yazmışdır: “İbrahimov Elmar Nəriman oğlu hərbi xidmət dövründə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına, yüksək mənəvi, işgüzar keyfiyyətlərinə və vəzifə borclarının layiqincə yerinə yetirilməsində fərqləndiyinə görə təltif olunur”.
Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçular siyahısında 1186-cıdır…
Elmar anasını, sevdiyi qızı gözüyaşlı qoydu, amma Vətən Müharibəsində, Azərbaycanın Zəfər tarixində izi qaldı, ad qoyub getdi. Şərəfli xidməti, mərdliyi ilə sevdiklərinin başını uca etdi.
Deyirlər ki, xəyalları puç olan gənc qız onun məzarı ilə söhbətə gəlir tez-tez… Və bəlkə də Elmarı əvvəlkindən də çox sevir…
Cəsarəti, ləyaqət və mənəviyyatı ilə Elmar onu tanıyanlara özünü bir daha tanıtdı… Ruhun şad olsun, Elmar! Nə gözəl anılırsan…
İ.Musayeva