- Cəmiyyət, Manşet

Şəhid ruhunun “iş otağı”

Kitab dükanına girirəm. İlk dəfədir kitabı ürək ağrısı ilə alıram. Bu dəfə ondan umacağım daha çoxdur. Elə əsər seçim ki, şəhid övladlarını ən gözəl dostla tanış etmiş olum. Elə bir yaxşılıq edim ki, ömürləri boyu bəhrəsini görsünlər, kitablara pənahlanıb gələcəklərini işıqlı eləsinlər.

“Məktəblinin kitabxanası” seriyasından iki klassikin kitabınıq aldım.

Qapının ağzında dayanan balaca oğlanın tez-tez yola boylandığını görəndə bildim ki, axtardığım evi tapmışam. “Yusif qarşılayacaq səni” demişdi anası. İndi evin kişisi o idi – dördüncü sinifdə oxuyan Yusif. Bundan belə qonaqları o qarşılayacaq, evin ağırlığını o daşıyacaqdı.

Mənəvi borc! Can borcu!  Yükü çox ağır imiş. Şəhid balalarının qarşısında bu yükü daşımağa adamda tab olar? Onların gözlərinin içinə baxanda sanki oxuyursan: – uşaqlarınızla əylənirsiniz? Cavab verməyə söz tapmırsan. Döz görüm necə dözürsən… adam xəcalət çəkir. Sənin yerinə də ölən bir insanın ömrünə şərik çıxıb yaşamaq adamı utandırır.

Qucağında körpə olan gənc qadın içəri dəvət etdi məni. Otağa daxil olan kimi şəhid Elçin Əzizovun maketi ilə qarşılaşdım. Bu onun daima evdə olduğunu bildirmək üçündür.

Hardan başlayacağımı bilmirdim. Şəhid ailələrini danışdırıb yaralarını qoparmaq istəməsəm də, onların qəhrəmanlıqlarını təbliğ etməyi vacib sayıram.

– Bəlkə, uşaqları danışdırmayaq –  dedim. –  Üzülmələrini istəmirəm.

– Yusif atasından danışmağı sevir.

Uşağın danışacağına sevinməyə cəsarətim çatmadı.

Birdən-birə atasından sual vermək istəmədim. Yusifin nə düşündüyünü, gələcəyini hansı sahəyə yönəldəcəyini bilmək üçün böyüyəndə kim olmaq istədiyini soruşdum.

– Hərbçi –  dedi.

– Atanın peşəsi olduğu üçünmü?

–  Sevirəm bu peşəni.

Atası haqqında suallar ard-arda düşməsin deyə növbəti sual başqa mövzuda olur.

– Dərslərini necə oxuyursan?

– Yaxşı. Liseyə qəbul olundum.

Alqışlayıram. Qürurlanır.

– Atanı ən çox necə xatırlayırsan? Ən çox nəyi yadında qalıb?

– Ata haqqında çoxlu şeir dinləyirdi, muğama qulaq asırdı.

Şəhidin özünün çəkdiyi ata həsrətini indi balası onun üçün çəkir.

– Azərbaycandan kənarda yaşasan Vətənini necə tanıdarsan?

Bir neçə yaxşı işlər sadalayır. İdmanı xüsusi vurğulayır.

– Sizin üçün E.L.Voyniçin “Ovod”, V.Hüqonun “Səfillər” əsərlərini almışam. Oxuyarsınız. Bir gün gələcəm müzakirə edərik. Yaxşı?

Yusif razılaşır, Duyğu isə fikrini açıqca deyir:

– Səni xoşladım, kitabı yox.

Anası onun fiziki qüsuruna görə ərköyün böyütdüklərini bildirir. Amma Duyğu ilə dostlaşdıq. Kitabların faydalı olduğunu söyləyib, oxumağa razı saldım.

Sualı Yusifə verdim:

– Atan səninlə oynayırdı?

– Vaxtı çatmırdı… tez qayıdırdı.

Susdum. Daha uşağa heç nə demədim. Anasına tərəf döndüm.

– Hansı rayonda doğulub?

– Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində.

Səsində kədər duyulur.   – 1985-ci ildə – deyə əlavə edir. Qarabağlıların ömürlərinin amansız illərini xatırlayır. – Ermənilərinin üzündən məşəqqətlərlə üzə-üzə qalaraq 1992-ci ildə məcburən çıxdıq ordan –  deyir. – Bakıya gələnəcən xeyli çətinlik çəkiblər Elçingil. Hərbi xidmətə 2006-cı ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra getmişdi. Xidmətini başa vurduqdan sonra 2012-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmətə başladı. Xüsusi təyinatlı kimi Tərtər rayonunun Talış, Cəbrayıl rayonununsa Lələtəpə yüksəkliyinə ezam olunmuşdu.

2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə “leytenant” rütbəsinə layiq görüldü. Bir il ərzində iкi dəfə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təltif edildi.

Qadında fəxarət hissi duyulurdu. Xatirələrini danışdıqca ikimiz də qəhərlənirik.

– Bu otaq Elçinindir – deyib onun üçün ayrılmış guşəni göstərir. Göstərdiyi yerə keçirik.

Evləri tikilərkən otağın birini özünə işləmək üçün ayırmaq istəyibmiş. Həmin otaq indi ondan qalan əşyalarla dolub. Medallarına baxıram. “Vətən uğrunda” – 15.12.2020. (ölümündən sonra), 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” – (24.12.2020).

Gözüm saza sataşır. Döyüşçü və saz. Şah İsmayıl Xətai kimi.

Xanım fikrimi duydu:

– Sazı çox sevirdi. Toyumuzda da saz havalarına çox yer verilib. Arada özü də çalırdı. Tovuzda olarkən bağlanmışdı saza.

Sazını “Cəngi”yə kökləyən oğul yurdunu azad etməli idi. Budur sazın  hikməti, onu sevənin əməli.

Stolun üstündə bir butulka su var… Yox, bir butulka deyil, yarımçıqdır. Sona çatdıra bilməyib. Ciyəri yanmış erməni qoymayıb sonacan içsin. Hələ Cəbrayıldan yığılan qozla nar… Neçə ildən sonra yurdunun nemətindən dadmağa da macal verməyiblər.

– Sonuncu dəfə cibində olan manatları da saxlayıram – deyir.

Deməyə sözüm olmur. Ürəyimsə öz işindədir. Çırpınır… döyünür…

2007-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra nişanlanıblar. Toyları bir il sonra 2008-ci ilin avqust ayında olub. Üç övlad atası olan Elçin yenicə doğulan övladının ad gününə gələ bilməyib.

Son dəfə evdə 2020-ci ilin avqustun 28-də qızının ad gününə olub, 29-da son dəfə çıxıb evdən.

– Oktyabrın 13-də zəng çatmayanda həyəcanlandım. Ürəyimə dammışdı. Yaralıları daşıdıqları zaman Sarıcalıda maşınlarının vurulduğunu gec eşitdim. Bizdən gizlədiblər, qohumlar bilirmişlər.  – Xeyli susduqdan sonra: – unutmurar, bir çox televiziya kanalları haqqında veriliş hazırlayıb. – deyir.

– Müharibə zamanı ailələr eyni taleyi yaşayırlar. Belə günlərdə hamı bir-birinin dərd yükünü daşıyır. Şəhidlər təkcə öz ailələrinin deyillər.

Bəlkə də, bunu sadəcə, təsəlli kimi qəbul edir, amma düşündüyümü, duyduğumu deyirdim.

İndi evdə Elçini maketi əvəz edir, onun yerinə xatirələri yaşayır.

Şəhidin xanımında Azərbaycan qadınlarına məxsus dözüm duyuram. Məcburi köçkün olduqları uzun illər ərzində yaşadıqları çətinliklərmi, ya da peşəsinə görə ərini hər an itirə biləcəyi qorxusu ilə yaşadığımı, bilmirəm, nəsə onu mətinləşdirib. Üç bala ilə hansı çətinliklərlə yaşayacağından danışmır. Onunla bağlı arzusunu dilə gətirdi:

– İstəyirəm yaşadığı küçəyə adının verilməsində və özünəməxsus torpaq sahəsində adını daşıyacaq bulağın tikilməsi məsələsində bizə kömək etsinlər.

Hə, şəhidlərin ürəklərdəki yerlərindən başqa bir də uğrunda canlarından keçdikləri Vətənin şəhərlərində adları əbədiləşdirilməlidir. Ümid edirik ki, Elçin Əzizovun da adı yaşadığı küçəyə veriləcək .

Vətən bizə yolunda ölənlərdən əmanət qalıb. Əmanəti bizlərdə namus kimi qoruyurlar. Namusumuz Vətəndir!

Ruhunuz şad olsun, Şəhidlərimiz!

Pərvanə BAYRAMQIZI