- Mədəniyyət

Şəhidlərimizin məzarları ziyarət olunub

Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialının əməkdaşları II Fəxri xiyabanda şəhidlərin məzarlarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, kitabxananın müdiri Turanə Əmirova çıxış edərək Azərbaycan Respublikasının Müzəffər Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd edib. Eyni zamanda, keçən il sentyabrın 27-dən başlayaraq cəbhə xəttində şanlı Azərbaycan Ordusunun Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurduğunu deyib. 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 30 il işğal altında saxladıqları torpaqlarımızdan qovduğunu vurğulayıb.

Kitabxananın əməkdaşları Hilanə Babayeva, Esmira Zeynalova, Mehriban Ağayeva qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinin, büstlərinin qoyulmasının, xatirələrinə həsr olunan bulaqların açılmasının, şəhid məzarlarının ziyarətgaha çevrilməsinin vətəndaşlıq borcumuz olduğunu bildiriblər. Filial nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova şanlı qələbəmizə həsr etdiyi “Qələbə köynəyi” şeirini söyləyib.