- Cəmiyyət, Manşet

Şəkidə Qida Festivalı keçirilir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində bu gün Şəkidə Qida Festivalı təşkil edilib.

“Report” xəbər verir ki, bu layihə ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrdən biridir. Layihə regionlarda yerli qida məhsullarının potensialının, eləcə də yerli kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılmasını nəzərdə tutur.

Şəkidə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Qida Festivalının məqsədi yerli və xarici qonaqlar arasında yerli ənənəvi qidaların təşviqi və regionun qida ənənələrinə diqqəti artırmaqdır. Festivalda Şəki, Zaqatala, Qəbələ, Oğuz, Qax və Balakən rayonlarının ənənəvi yeməkləri və yerli kənd təsərrüfatı məhsulları təqdim edilib. Festivalda, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Avropa İttifaqı üzv ölkələrinin səfirlikləri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatlar və regiondan maraqlı tərəflər olmaqla, 200-dən çox qonaq iştirak edir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin məqsədi yerli fermerlərin hərtərəfli və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışını yaxşılaşdırmaqla yerli məhsulların satışında və aqro-turizmin inkişafına kömək etməkdir.