- Ədəbiyyat

Səməd Behrəngi. Qar dənəsi

Qış idi. Lopa-lopa qar yağırdı. Pəncərənin qarşısında durub çölə baxırdım. Qar dənələri havada uçuşur, astaca yerə qonurdu. Pəncərəni açdım. Əlimi çölə uzatdım. Bu vaxt qar dənələrindən biri ovcuma düşdü. Sonra dilə gəlib danışmağa başladı:

– İstəyirsən, sənə necə yarandığımı danışım?

– Hə, hə, danış, – deyə sevinclə səsləndim.

– Onda mənə yaxşı qulaq as. Yay idi. Sən də o vaxt, yəqin ki, tətildə idin, məktəbə getmirdin, düzmü deyirəm?

– Düz deyirsən.

– Bax həmin vaxt mən dənizdə bir damla su idim. Orada mənim kimi o qədər su damlası vardı ki. Səhər-axşam sağa-sola axır, bəzən bir yerə yığışıb dalğa əmələ gətirir və qayalara çırpılırdıq. İsti bir gün idi. Günəş od tutub yanırdı. Birdən halım dəyişdi. Buxarlandığımı hissetdim. Havaya uçmağa başladım. Başqa su damlaları da mənim kimi buxarlanıb göyə qalxırdı. Göydə buxar topaları bir-biri ilə birləşməyə başladı. Birləşdikcə böyüdük, böyüdük, buluda çevrildik. Bəzən günəşin, bəzən ayın və ulduzların qarşısını kəsirdik. Belə olanda hava tutulur, göy üzü qaralırdı. Külək bizi buradan ora, oradan bura qovurdu. Aylar keçdi. Havalar soyumağa başladı. Günəş də yoxa çıxmışdı, elə bil haradasa gizlənmişdi. Kim bilir, bəlkə də, yenə biz onun qarşısını kəsmişdik. Axı indi əvvəlkindən daha böyük bulud topası idik. Göy üzünü gəzib-dolaşmaqdan bezmişdik. Yer üzünə qayıtmaq istəyirdik.
Get-gedə havalar daha da soyuyurdu. Şaxtadan titrəyirdik. Yanımdakı su damlalarının birindən soruşdum:

– Biz niyə belə üşüyürük?

– Artıq qışdır. Bir azdan şaxta bizi qar dənəsinə çevirəcək.

Su damlası sözünü yenicə bitirmişdi ki, doğrudan da, qara çevrilməyə başladı. Sonra mən qar oldum. Yavaş-yavaş başqa su damlaları da qara çevrildi. Havada uçuşmağa başladıq. Dənizdə olarkən bir az ağır idim. Amma indi özümü çox yüngül və yumşaq hiss edirdim. Artıq soyuqdan da üşümürdüm. Beləcə, havada uçuşa-uçuşa yerə enirdik. Birdən sənin pəncərədən uzanan əlini gördüm. Ürəyimdən ora qonmaq keçdi. Külək istəyimi yerinə yetirdi. Səninlə dost olduğuma görə çox xoşbəxtəm.

Bunu deyib qar dənəsi qəfildən susdu. Diqqətlə baxanda onun bir damla suya çevrildiyini gördüm.

portal.azertag.az