- Ədəbiyyat

Səməd Behrənginin türkcə qələmə aldığı itmiş nağılların əlyazması üzə çıxdı

Təbrizin 40 sehirli nağılı” kitabı bu günlərdə “Qanun” nəşriyyatında nəfis  br tərtibatda nəşr olunub. Sirus Mədədinin nəşrə hazırladığı kitabı ərəb əlifbasından Pərvanə Məmmədli çevirib kitabın sonuna bir izahlı sözlük də  əlavə etmişdir. Kitaba ön və son sözləri Sirus Mədədi və Pərvanə Məmmədli yazmışdır. Kitabda məşhur qədim Azərbaycan miniatürləri ilə yanaşı, çağdaş rəssamlar Pəri Miniatür və  Natiq Camal Əfşarın əsərlərindən istifadə olunub.Kitab 224 səhifəni çevrələyir.

Kitabda Səməd Behrəngi və Bəhruz Dehqaninin Təbriz və ona yaxın Mamağan və Tufarqan ərazilərindən topladıqları nağıllar yer alıb və onlardakı yerli şivə və dialekt xüsusiyyətləri saxlanılıb. Kitabın mətni Tehranda ilk dəfə  nəşr olunmuş Azərbaycan nağılları (Təbriz rəvayətləri)kitabından götürülmüşdür.

Səməd Behrəngi İran və Güney Azərbaycan uşaq ədəbiyyatının qurucusu sayılır. Azərbaycanın ucqar kənd məktəblərində müəllimlik edən S.Behrəngi həmişə Azərbaycan türkcəsində danışdığı kimi, topladığı nağılları da ana dilində qeydə alırdı. O, folklor nümunələri toplamaqla (Bəhruz Dehqani ilə birlikdə) və ədəbi əsərlərlə yanaşı, təhsil, pedaqogika ilə bağlı məqalələr, esselər yazıb, tərcümə ilə məşğul olurdu. Səməd Behrəngi təhsil sisteminin nöqsanlarını tənqid edir və getdikcə cəmiyyətin digər qatlarına baş vururdu. O, doğma xalqının dilində dolaşan nağıl və mifləri toplayıb tərtib etmiş, onlara bədii yön verib yenidən yazmışdı. Səməd Behrəngi və Bəhruz Dehqaninin topladıqları  bayatılar, tapmacalar-qoşmacalar və bir çox folklor örnəklərinin nəşrinə İranda  imkan verilməmişdi. Onlar yazıları ana dillərində nəşr etməyə müvəffəq olmadıqda nağılların bir hissəsini fars dilinə çevirib “Azərbaycan əfsanələri” adlı məcmuədə  nəşr etdirmişdilər.

S.Behrənginin toplamaları içərisində nağıllar xüsusi yer tutur. Həmkarı Bəhruz Dehqani ilə topladığı nağıllar uzun illər diqqətdən kənarda qalmışdı. Yalnız 25 ildən sonra fədakar folklorşünas Məmmədəli Fərzanə bu nağılların Azərbaycan dilindəki orijinal variantını üzə çıxarmışdı.

S.Behrəngi uşaqlara birbaşa xitab etmək üçün əsərlərini nağıl şəklində yazırdı. O, ənənəvi didaktik metodun uğurlu olmayacağını bilirdi; əsərlərində uşaqları milli zülmə, cəhalətə, ictimai ədalətsizliyə qarşı mübarizəyə çağırır, dil və mədəniyyətlərinə məhəbbət yaradır, onları gələcək həyata hazırlayırdı.

S.Behrəngidə folklora, mifolojiyaya meyil onu simvolların dili ilə yazıb-yaratmağa yönəltdi.

90-cı illərin sonlarında Güney Azərbaycanın tanınmış milli ziyalılarından biri  Məhəmmədəli Fərzanə ilə görüşüb xeyli söhbətləşib-dərdləşmişdik. O məni bir çox mətləblərdən hali eləmiş, xeyli yeni bilgi – məlumat vermişdi. Bunlardan biri də Səməd Behrənginin itmiş və o vaxtacan tapılıb çap olunmayan əlyazmaları ilə bağlı idi. Bu müsahibə 1999-ci ildə  “21 Azər” jurnalında da çap olundu. Məzmunu da belə idi ki, Məhəmmədəli Fərzanə o məlum əlyazma mətnlərin ilk dəfə Azərbaycan türkcəsində qələmə alındığını söyləmişdi. O dövrə qədər yazılan elmi fikirdə S. Behrənginin əsələrinin yalnız farsca yazıldığı bildirildi.  Əslində S. Behrəngi bu mətnlərin çoxunu türkcə(azərbycan türkcəsi)yazmış, amma farscaya çevirmək məcburiyyəti qarşısında qalmışdı. O yazıların orijinalını isə M. Fərzanəyə etibar edib özündə saxlamağı tövsiyə etmişdi.

60-cı illərin sonlarından İranda, xüsusən Azərbaycanda hökm sürən hakimiyyətin yaratdığı cinayətlər nəticəsində yüzlərlə insan və yüzlərlə əsər məhv edildiyi kimi, Səməd Behrənginin və Bəhruz Dehqani ilə birikdə  yığıb Fərzanəyə tapşırdıqları nağılların orijinalı  da itib-batmışdı.

Məhəmmədəli Fərzanə 1997 -ci ildə M.Fərzanə Almaniyada qonaq olduğu zaman, sevinərək itkin bağlamanın yenidən tapıldığı xəbərini verir. Və nağıllardan bir nüsxəsini orada yaşayıb yaradan ziyalı dostu Sirus Mədədiyə verib onları nəşr etməyi xahiş etmişdi. Aradan 30 il bu keçdikdən sonra nağıllar tapılıb və bir daha Fərzanəyə geri qaytarılmışdı. Sirus Mədədi yeni tapılmış və türkcə yazılmış  əlyazmanı 1998-ci ildə soydaşları ilə birlikdə Almanıyanın  Köln şəhərində nəşr etdiyi “Azərbaycan səsi” jurnalında, 2009-cü ildə isə Tehranda çap etdirmişdir.

Bu gün bəhs olunan “Azərbaycan nağılları”nın orijinal Azərbaycan dilində gəlib əlimizə çatmasında görkəmli folklorçu Məhəmmədəli Fərzanəyə borcluyuq…

Pərvanə Məmmədli