- Mədəniyyət, Xəbərlər

Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzi yeni binaya köçürülüb

Səmərqənddə fəaliyyət göstərən milli mədəniyyət mərkəzləri yeni binaya köçürülüb. Onların arasında bu qədim şəhərdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də var.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin, Səmərqənd şəhər hakimiyyətinin rəhbərləri, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) sədri Firdovsi Hüseynov, şəhərdə yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bu münasibətlə milli mədəniyyət mərkəzlərinin nümayəndələrinə təbriklərini çatdırıblar. Əmin olduqlarını bildiriblər ki, bundan sonra burada ofis alan mərkəzlərin nümayəndələri öz xalqlarının mədəniyyətini, tarixini, milli adət-ənənələrini daha yaxşı təbliğ edəcəklər.

RAMMM-in sədri Firdovsi Hüseynov və Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) sədri Ədilağa Mirzəyev rəhbərliyə təşəkkürlərini bildirib, qarşıda duran vəzifələrdən danışıblar.

Tədbirin sonunda AMM-nin nəzdindəki Azərbaycan musiqi kollektivləri rəqslərimizi və xalq mahnı və təsniflərimizi təqdim ediblər.