- Dil, Manşet

Səadət ŞIXIYEVA: “Cinayət tərkibli bu əməlin qarşısı dərhal alınmalıdır”

Naşir Şahbaz Xuduoğlunun kitab biznesində arzu etdiyi rentabelliliyə nail olmadığı üçün ölkəmizdə Azərbaycan ədəbi dilini türk dili (Türkiyə türkcəsi) ilə əvəz etmək təşəbbüsü (oxu: tənəzzülü – red.) cəmiyyətdə birmənalı hiddət doğurub.  AMEA  akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, aparıcı elmi işçisi, dosent Səadət Şıxıyeva məsələ ilə bağlı “kamilinfo”ya bunları deyib:

Bu kimi iddiaların əsası əslində apostrofun ləğvinə nail olmaları, ardınca qoşa y hərfindən birinin ixtisarı cəhdləri ilə qoyulmuşdu. Bu barədə hələ 2018-ci ildə “Türkün dili tək sevgili, istəkli dil olmaz” adlı məqaləmdə bəhs etmiş, davamının ə, x, q hərflərinin ləğvinə gətirəcəyini bildirmişdim. O zaman bu iddiaları gizli, öz təhlükəli fikirlərinə tədrici zəmin hazırlamaqla edirdilər. Qoşa y ətrafındakı mübahisədə məğlub olduqdan sonra bu zərərli və ziyanlı ideyalarını daha açıq ifadə etdilər.

Azərbaycan türkcəsinə bu düşmən münasibət heç də dilimizin tarixi kökü və ya bugünkü durumu ilə bağlı deyil. Azərbaycan türkcəsinin ifadə imkanları və söz zənginliyini görmək üçün XIII-XIV əsrdən bu yana yazılan ədəbi abidələrimizin dili ilə tanışlıq yetərlidir. Və bizim dilimiz varisliyini sədaqətlə qoruyan bir dildir. Biz bu gün Həsənoğlu, Nəsimi  və ya Qövsini anlamaq üçün lüğət asılığında qalmırıq. Dilin bazası köklü dəyişikliyə uğramayıb. Bu da Azərbaycan türkcəsinin özəlliyi və fərdi gözəlliyidir.

Bunu anlamayan və görməyənlər, təbii ki, təqlid yolunu tutacaq, osmanlıcanın ərəb və fars mənşəli sözlərini təmiz türkcə sözlərin yerinə qoymaqla guya dili “türkcələşdirəcəklər”. Halbuki Azərbaycan ədəbi dili üslubu, qrammatik xüsusiyyətləri və leksik imkanları baxımından nəinki bu gün əyalət dili deyildir, heç XIII əsrdə də belə bir statusda olmayıb və yazı dili olaraq yüzillərdir ki, işlənir, yaşayır və bu dilə vicdanla sahib çıxanları yaşadır. Azərbaycan ədəbi dili dövlətimizin qanunla qorunan, onun müstəqilliyinin və  milli kimliyimizin göstəricilərindəndir. Ona qarşı çıxmaq dövlət maraqlarına qarşı çıxmaqdır və cinayət tərkibli bu əməlin qarşısı dərhal alınmalıdır.

Sima CƏFƏROVA