Azərbaycanın Hindistandakı səfirliyi “Ümumdünya Dostluq Assosiasiyası” (WWFA) qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi və dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə tədbir keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Hindistanın dövlət məmurlarının, ictimai təşkilatların və diplomatik korpusun nümayəndələrinin, iş adamlarının iştirak etdikləri tədbirdə səfir Əşrəf Şıxəliyev çıxış edərək müstəqilliyimizin bərpası, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı, eləcə də onun 880 illik yubileyi ilə əlaqədar cari ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə məlumat verib. Bildirib ki, Azərbaycan ilə Hindistan arasında mədəni əlaqələrin tarixi böyükdür, Hindistan ictimaiyyəti Nizami Gəncəvinin əsərləri ilə yaxından tanışdır və həmin mədəni əlaqələrə əsaslanaraq xalqlarımız arasında dostluq münasibətləri də möhkəmlənir.
WWFA-nın üzvü və “Dünya Məsələləri üzrə Beynəlxalq Şurası” qeyri-hökumət təşkilatının baş katibi Aşiş Qupta Nizami Gəncəvinin yaradıcılığı və Azərbaycan-Hindistan əlaqələri barədə danışıb.
Tədbirdə dahi Nizaminin əsərlərindən parçalar səsləndirilib, Nizami Gəncəvi haqqında, ölkəmizin turizm potensialına dair videoçarxlar, habelə hind dilində “Leyli və Məcnun” filmindən parçalar nümayiş olunub.