Azərbaycan xalqını 30 illik boynubüküklükdən qurtaran, tariximizə Zəfər gününü yazdıran Vətən müharibəsi şəhidlərinin Anım günündə xoşagəlməz bir hadisənin yaşandığı barədə xəbər yayılıb.
Sosial şəbəkələrdə yayılan həmin məlumatda iddia edilir ki, 27 sentyabrda al qırmızı geyinən Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova bu libasda Anım tədbirinə qatılmaqla hamını təəccübləndirib. Onun fotoları sosial şəbəkələrdə paylaşılıb, nəticədə baş həkim müzakirə mövzüsuna və qınaq obyektinə çevirilib.
Yayılan şəkillərdən görünür ki, Mehriban Qaralovanın təkcə paltarı qırmızı deyil, ayaqqabısı, hətta maskası da eyni rəngdədir.
Sosial şəbəkə istifadəçiləri Mehriban Qaralovanın Anım Gününə baydan-ayağa al qırmızı geyimdə gəlməsini şəhidlərə hörmətsizlik kimi qiymətləndirib, ondan üzr istəməyi tələb ediblər.
Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli deyib ki, sözügedən şəxs – Mehriban Qaralova İcra Hakimiyyətinin əməkdaşı olmadığından hadisə barədə məlumatlı deyillər:
“Mehriban Qaralova TƏBİB-ə məxsus xəstəxanada çalışır, bizimlə hər hansı əlaqəsi yoxdur”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Elnarə Baxışova Mehriban Qafarovanın quruma məxsus səhiyyə müəssisəsində çalışdığını təsdiqləsə də, ətraflı məlumat verməyib:
“Mehriban Qarlova xəstəxanada çalışır. Məsələ ilə bağlı özü ilə əlaqə saxlamaq mümkün olmayıb”.
Qeyd edək ki, Mehriban Qaralova YAP funksioneri, keçmiş deputat Zahid Qaralovun qızı, baş prokuror Zakir Qaralovun əmisi qızıdır. M.Qaralova əvvəllər Respublika Uşaq Xəstəxanasında baş həkimin müavini, daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. Hazırda Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimidir.