- Mədəniyyət

Səmərqənddə Türk Dövlətləri Təşkilatı işçi qrupunun Forumu işə başlayıb

Fevralın 9-da Özbəkistanın qədim Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) işçi qrupunun Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın nümayəndələri iştirak edir.

Ölkəmizi bu forumda Azərbaycan Dövlət Turizm Agentliyinin bölmə müdiri Kənan Firdovsioğlu təmsil edir.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Mirvohid Azimov tədbiri açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, Özbəkistanın Kokand şəhərinin “Türk dünyasının turizm paytaxtı” elan olunması və bununla bağlı keçiriləcək tədbirlər planı haqqında danışıb, il ərzində baş tutacaq görüşlərdən söhbət açıb.

Özbəkistan turizm və idman nazirinin müşaviri Temur Mirzayev tədbirdə müzakirə edilən məsələlərin ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə TDT çərçivəsində ziyarət turizminin, adi səfərlərin daha da inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.

Forumda digər ölkələrin nümayəndələri də çıxış edərək öz ölkələrinin turizm potensialı haqqında məlumat verib, müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, üzv ölkələrin turizm səyahəti ilə bağlı təcrübələrinin öyrənilməsinin vacibliyinə toxunub, tədbirin bunun üçün uyğun platforma olduğunu diqqətə çatdırıblar. Azərbaycanda turizmin inkişafı haqqında da söhbət açılıb.

Forum sabah da öz işini davam etdirəcək.