Son vaxtlar tez-tez deyirlər ki, lazım gəlsə, torpaqları azad edəcəyik. Kütlə də kütdü axı, elə qanırdı ki, yəni zərurət meydana çıxarsa və deyirdilər: “Aya, görəsən, torpağı azad eləmək niyə lazım döyül axı?”.
Amma mən bu yaxınlarda başa düşdüm ki, bu «lazım» ümumi yox, xüsusi isim imiş. Yəni bir kişinin adıdı. O, harasa gedib və gəlişi gözlənilir. Amma bu Lazım zalım oğlu bizə zülm eləməkdən ləzzət alır (nə qəşəng alliterasiya alındı, maşallah), deyəsən. Heç gələnə oxşamır. Mən bilmirəm, o, qazanc dalınnanmı gedib, PKK-ya yardımamı gedib, xülasə, hara gedib, nəyə gedib, hansı cəhənnəmə gedib? Bircə onu bilirəm ki, torpaqların azad olunmamasının əvvəlinci, axırıncı və təbii ki, ortancıl səbəbi Lazım bəyin gəlməməsidir. Arada bir düşünürəm ki, bəlkə, Lazım kişinin başında bir qəza var? Bəlkə, onu çoxdan öldürüb gümləyiblər, day xortdayıb gələsi döyül ki?!
Millət də gözləyir. Bir gün XİN təmsilçisi, o biri gün MN təmsilçisi, DİN təmsilçisi, sonra tin təmsilçisi adamlara izah edir ki, budu, torpaqları Novruz bayramında başlayırıq almağa. Arvadlar girişir xına tədarükünə. Əsgərlər avtomatlarını söküb “prostinya” ağı ilə silib yağlayır, tankların lüləsinə şüvül salıb təmizləyirlər. Aşpaz Abbas TV-yə çıxıb söz verir ki, İsa bulağının üstündə bozbaş asacaq, o başda, bu başda. Qəssablar bıçaqlarını bülövlə yaxşıca ovxarlayıb sonra kəmərlərinə çəkir-lər. Xlorçu kişi xlorun yaxşı yerindən bir kanistr ayırıb saxlayır. Çayçı Cəfər samovar qaynadıb pürrəngi çay verməyi öhdəsinə götürür. Müğənnilər deyir, gedib pulsuz konsert verəcəyik. Pul dəyişənlər deyir, gedib orada müftə pul dəyişəcəyik. Killerlər deyir, daha jurnalistləri aparıb İsa bulağının həndəvərində öldürəcəyik. Pornoulduzlar deyir, gedib orda lüt-madərzad soyunacağıq.
Ay keçir, il dolanır. Aşpaz Abbasın qazanları qaralır, xlorçunun əli aşağı olur, xlorunu satır, killerlərin “skoç”u xarab olur, pornoulduzların reytinqi sıfırın altına düşür…
Qəssabların danaları böyüyür, dişiləri doğur, erkəklərini kəsirlər. Müğənnilər qocalır, səs telləri xarab olur… Aşpaz Ab-bas xiffətdən, çayçı Cəfər möhnətdən, qəssab kişi zillətdən ölür, bu işi oğullarına vəsiyyət edirlər. Sonra yenə söhbət çıxır ki, torpaqlar azad olunacaq, Aşpaz Abbasın oğlu aparıb qazanları qalayladır, çayçının oğlu samovarları qumnan sürtür… O gün yuxuda görürəm ki, ölkədəki xadimələr də yığılıb AXA – Azərbaycan Xadimələr Assosiasiyası adlı bir təşkilat yaradıblar. İməcilik eləyirlər. Nərdivanla dırmaşıb yaş əski ilə Ayın, ulduzların tozunu alır, sonra “Aydınlıq” qəzeti ilə sürtüb parıldadırlar ki, dava vaxtı işıqlı olsun hər yer, yoxsa əsgər-lərimiz torpaqları azad eləyəndən sonra vurub keçərlər İrəvana. Həri. Bu xeyir iş nə vaxt olacaq, bilmirəm. Amma mən onu yaxşı bilirəm ki, bu qələbədən sonra İsa bulağının üstündə bir tozanaq olacaq, gəl görəsən! İt yiyəsini tanımayacaq. Gərək bir adam da bu tanışlıq işlərinə baxa. “Ay it, bu, sənin yiyəndi, ay yiyə, bu, səni itindi”.
Hardasan, ay Lazım kişi? Bütün Azərbaycan xalqı adın-dan sənə müraciət edirik. Əgər yatmısansa, oyan, oyaqsansa, eşit. Başını orada islat, burada qırxdır, millət yolunu gözləyir. Deyirəm, bəlkə, nəsrlə xoşuna gəlmir, qoy bir Anadolu türkü-sünnən çağıraq, təşrif buyur, gəl:
Qoyun gəldi, quzu gəldi,
E-mailnən yazı gəldi,
Hacıosmanın qızı gəldi,
Sən də gəl!
Dağ başına duman gəldi,
Arpa gəldi, saman gəldi,
Qonşu kənddən imam gəldi,
Sən də gəl!