- Dil

Sərbəst və sabit birləşmələr

Qəzənfər KAZIMOV, professor

Tərəflərinin leksik-semantik xüsusiyyətlərinə görə söz birləşmələri iki növə ayrılır:

  • Sərbəst birləşmələr;
  • Sabit birləşmələr

S ə r b ə s t b i r l ə ş m ə l ə r i n komponentləri müstəqil mə`nalı (tammə`nalı) sözlərdən ibarət olur və həmin sözlər birləşmə daxilində də ilkin leksik mə’nasını – mə`na müstəqilliyini mühafizə edib saxlayır; məs.: məktəbin bağbanı, meşənin ağacları, traktorun səsi, maşının mühərriki, kitaba məhəbbət, vətənə sevgi, sizə gələndə, məktubu oxuyan və s.

Sərbəst birləşmənin tərəfləri həm mə`naca, həm də qrammatik cəhətdən bir-biri ilə bağlı olur. Tərəflərin nominativ mə’nası və tərəflər arasında sintaktik əlaqələr aydın müşahidə edilir.

Sərbəst birləşmələr ünsiyyətin əsas vasitəsi olan cümləyə (söyləmə) necə xidmət edir? Bunlar dildə hazır şəkildə olur, yoxsa nitq prosesində yaradılır?

Bu suallara dilçilər müxtəlif şəkildə cavab verirlər.

Əgər sərbəst birləşmələr dildə hazır şəkildə olsa idi, onlar dilin lüğət tərkibində olardı və onları ayrı-ayrı sözlərlə yanaşı, lüğətlərə daxil etmək lazım gələrdi. Dilimizdə sərbəst birləşmələrin özləri deyil, quruluş modelləri mövcuddur. Nitq prosesində dilin lüğət tərkibindən məqsədəuyğun sözlər seçilib götürülür, həmin modellər əsasında birləşmələr yaradılır və cümləyə daxil edilir. Məsələn, ən işlək söz birləşməsi modellərindən biri:

s ö z + yiy. hal şək. -ın + s ö z + III ş. məns. şək. -ı

at – ın n a l – ı

Bu quruluş modeli körpəlikdən hər bir insanın nitq vərdişləri kompleksində möhkəmlənir. Ona görə də nitq prosesində bu model əsasında küllün cüz`ə münasibətini əks etdirən minlərlə birləşmə düzəltmək mümkün olur:

sən-in əl-in

sən-in dırnağ-ın

sən-in saçlar-ın

sən-in barmağ-ın

sən-in gözlər-in…

Bu cür birləşmələrin əlvanlığı artıq nitq fəaliyyəti ilə, danışanın məqsədi, bilik dairəsi, şəxsi-psixoloji keyfiyyətləri, təfəkkür inkişafı, həyat materialını qavrama, dərk etmə, adlandırma qabiliyyəti və s. ilə bağlıdır. Deməli, dil birləşmələr üçün modellər verir, nitq fəaliyyəti onu məqsədəuyğun şəkildə lazımi lüğət materialı ilə hərəkətə gətirir.

Bu da mə`lumdur ki, bir sıra sərbəst birləşmə modelləri mürəkkəb söz yaradıcılığı üçün baza rolunu oynayır. Yə`ni mürəkkəb sözlər söz birləşmələrinin quruluş modelləri əsasında yaranır. Məsələn, mürəkkəb söz yaradıcılığı üçün geniş imkanlara malik olan ismi birləşmə modellərindən bir neçə nümunə:

sifət + isim – uca boy – ucaboy (adam)

say + isim – beş guşə – beşguşə (ulduz)

isim +III ş. məns. ş. -li isim – su qabı – ayaqqabı

isim + düzəltmə sifət – dağ gövdəli – dağgövdəli (adam)

sifət + düzəltmə sifət – qara saçlı – qarasaçlı (adam) və s.

Mürəkkəb sözlər o zaman yaranır ki, insanın həyatı, onun ictimai, iqtisadi, mə`nəvi münasibətləri ilə bağlı mühüm anlayışın dildə leksik ifadəçisi olmur, insan həmin anlayışı gündəlik zəruri bir tələbat kimi daim təkrar etməli olur və nəticədə illərlə, bə’zən əsrlərlə təkrarlanmalı olan birləşmələr leksikləşərək həmin məfhumun ifadə vasitəsinə çevrilir.

Sərbəst birləşmələr sintaksisdə öyrənilir, sintaksisin əsas tədqiq obyektlərindən biri sayılır.

S a b i t b i r l ə ş m ə l ə r də sərbəst birləşmə modelləri əsasında qurulur. Bir sıra sərbəst birləşmələr kimi, bunlar da cümlənin bir üzvü olur. Lakin sərbəst birləşmələrin komponentləri mə`na müstəqilliyinə malik olduğu, həqiqi mə’nada işləndiyi halda, sabit birləşmələrin komponentlərindən biri zəif, yayğın, son dərəcə ümumi semantikası ilə, yaxud tərəflərdən birinin və ya hər ikisinin məcazi mə’nada işlənməsi ilə birləşmə komponentlərinin ayrılmazlığına səbəb olur. Belə birləşmələrin bir qismində tərəflərdən biri həm qrammatik, həm də leksik mə’na, digəri yalnız qrammatik mə’na daşıyır. Məsələn: Hər tərəf zil qaranlığa bürünmüşdü. Sən də, qızım, gözəl balam, sevsən ürəklə, Yaman gündə ayrı düşmə öz ilqarından. (S.Vurğun) Bir qədər havada gəzdikdən sonra yatmaq istəyirdik – cümlələrindəki hər tərəf, yaman gündə, yatmaq istəyirdik birləşmələri yanaşma əlaqəsi əsasında yaranmış ismi və fe`li birləşmələrdir. Həmin birləşmələrin asılı tərəfi olmadan əsas tərəf heç bir konkret mə`na ifadə etmir. Sərbəst sintaktik birləşmələrin tərəfləri müstəqil cümlə üzvü keyfiyyətinə malik olduğu halda, qeyd etdiyimz birləşmələrin tərəflərini ayırmaq olmaz və bu cür birləşmələrin tərəfləri cümlənin bir mürəkkəb üzvü kimi (birinci misalda hər tərəf – mübtəda, ikinci misalda yaman gündə zaman zərfliyi, üçüncü misalda yatmaq istəyirdik – xəbərdir) çıxış edir.

 

Mə’lumat üçün.Bizim dilçilikdə ən`ənəvi olaraq, mümkün olan söz birləşmələrinin üzvlərə ayrılması məsləhət görülmür. Məsələn, yanaşma əlaqəli birləşmələr kimi, uzlaşma-idarə əlaqəli birləşmələrin (evin qapısı) tərəflərini də, hind-Avropa dillərində, eyni zamanda bir sıra türk dilçilik ədəbiyyatında olduğu kimi, müxtəlif üzvlərə ayıra bilərik. Əslində, bizim indiki təhlil üsulumuzun (yə`ni tərəflərin birlikdə bir üzv hesab olunmasının) heç bir elmi əsası yoxdur. Eləcə də biz fe`li birləşmələrin – tərkiblərin hansı üzvlərdən ibarət olduğunu qanuni sintaktik təhlil prosesində üzə çıxara bilərik. Lakin, dediyimiz kimi, ən`ənəvi olaraq fe`li və ismi birləşmələri cümlənin mürəkkəb üzvü kimi təhlil edirik. Ona görə də sərbəst sintaktik birləşmələrlə sabit birləşmələr bu məqamda, yə`ni cümlə üzvü vəzifəsində eyniləşir. Halbuki sabit birləşmələr cümlənin mürəkkəb üzvü hesab olunmaqla komponentləri ayrı-ayrılıqda üzv şəklində təhlil edilməli olan sərbəst birləşmələrdən fərqlənməli idi.

 

Sabit birləşmələrin bir qismi tərəflərindən birinin və ya hər ikisinin məcaziliyi əsasında əmələ gəlir və dilçilikdə “frazeoloji vahidlər? (“frazeoloji birləşmələr?) adlandırılır. Ona görə də sabit birləşmələrin özlərini də iki növə ayırmaq lazım gəlir: sabit leksik birləşmələr, sabit frazeoloji birləşmələr.

Mə’lumat üçün. Bu vaxta qədər bizim dilçilikdə “sabit birləşmələr? adı altında yalnız frazeoloji birləşmələr nəzərdə tutulmuşdur. İlk dəfə olaraq, sabit birləşmələrin birinci qrupunu (sabit leksik birləşmələri) sərbəst birləşmələrlə frazeoloji birləşmələr arasında bir həlqə kimi qeyd edirik.

 

Sabit leksik birləşmələrin aşağıdakı quruluş modelləri vardır:

1. 1. Qeyd etdiyimiz kimi, yanaşma əlaqəli birləşmələrin asılı tərəfi cümlədə tə`yin olur, əsas tərəfi müxtəlif vəzifələrdə – mübtəda, xəbər, tamamlıq və zərflik vəzifələrində işlənir. Lakin bu model əsasında qurulan birləşmələrin bir qismində əsas tərəf leksik semantikasının zəifliyinə görə cümlədə müstəqil çıxış edə bilmir, ona görə də asılı tərəflə birlikdə bir üzv kimi götürülür. Semantik yük asılı tərəfdə olduğundan həmin tərəf əsas tərəfi mə’naca konkretləşdirir. Bu cür birləşmələrin əsas tərəfi əksərən yer, ay, gün, an, vaxt, tərəf, zaman, şey və s. tipli izahedici söz olmadan konkret mə`na ifadə edə bilməyən sözlərlə ifadə olunur. Məsələn: Durduğum yerdə işə düşürəm. Belə vaxtlarda o, hər şeyi unutmuş xoşbəxt qocalar kimi görünürdü. (İ.Əfəndiyev) Vuruldum o gün ki, şe`rə, sənətə, Unutdum sevdiyim əyləncələri. (S.Vurğun) Düşdüm sorağına onun o gündən, Üç gecə yatmadım, üç gün ağladım. (S.Vurğun) Bir tərəfdə bayram, bir tərəfdə yas… (S.Vurğun) Yaxşı yadımdadır doqquz yaşımda Ağacdan qotazlı bir at mindiyim. (S.Vurğun) Şe`r-sənət əzəl gündən sözün hüsnilə yoğrulmuş. (S.Vurğun) Kamalın incilər saçsın, danış hər yerdə hikmətlə. (S.Vurğun)

Bu cür sabit birləşmələrin asılı tərəfi fe`li sifət tərkibi ilə ifadə olunduqda birləşmənin həcmi daha da böyüyür: Axşam qaranlığı düşdüyü zaman Sizə xoş gəlirmi bu əyləncələr? (S.Vurğun) Qış axşamının qaranlığı yer üzünü bürüyən zaman Durna o biri otaqdan zəif pıçıltılar eşidərdi. (İ.Əfəndiyev)

2. Sabit birləşmələrin bir qismi məsdər şəkilçili fe`llərin istəmək sözü ilə əlaqəsi əsasında formalaşır. Asılı tərəf qeyri-müəyyənlik bildirən tə`sirlik halda olub “istəmək? fe`linə yanaşma üsulu ilə bağlanır. İstəmək fe`li az hallarda müstəqil mə`nalı leksik vahid kimi çıxış edir və bu zaman müstəqim obyekt tələb edərək tə`sirli fe`li xəbər vəzifəsində işlənir. Məsələn: – Sən nə istəyirsən, kimi istəyirsən? -Biz öz ellərimizi, öz yurdlarımızı istəyirik. Başqa hallarda istəmək fe`li semantik cəhətdən zəifləyir, ümumiləşmiş modal-qrammatik mə`na – bir işə, hərəkətə meyl və istək ifadə edir və danışan şəxsin istəyini konkretləşdirən məsdərlə birlikdə bir üzv olur; məs.: getmək istəyən, yatmaq istəyən, dincəlmək istəyəndə, gəzmək istədikdə və s. Getmək istəyən getsin, yatmaq istəyən yatsın. Yuxarılara qalxmaq istəyəndə mənə də xəbər elə.

3. Çalışmaq fe`li də az hallarda müstəqil fe`l kimi işlənir və bu məqamda işləmək fe`li ilə sinonim kimi çıxış edir, əksərən “vəzifəsində? sözü ilə əlaqəli qeyri-müstəqim obyekt tələb edir: Bir zamanlar mən müəllim vəzifəsində çalışırdım. Mən çalışıram, oxuyuram, işləyirəm. Bə’zən bu söz baş cümlənin xəbəri vəzifəsində işlənərək “istəmək?, “cəhd etmək? fe`lləri ilə sinonimləşir: Mən çalışırdım ki, nəzərlərimi onun üzündən çəkim. Qalan hallarda qeyri-m?stəqil fe`l kimi müəyyən bir məsdərlə əlaqələnərək danışanın istəyini, nəyə cəhd etdiyini, arzusunu bildirir və sabit fe`li birləşmə əmələ gətirir. Birləşmədə leksik semantika məsdərdə olur. ?Çalışmaq? sözü məsdəri yönlük halda özünə tabe edir. Məsələn: Eldar gənc həyat yoldaşını güldürməyə çalışaraq cürbəcür məzəli hadisələr təsvir edirdi. (İ.Əfəndiyev)

4. Başlamaq fe`li də “istəmək? fe`li kimi, zəif semantikaya malik olduğundan cümlədə konkretləşdirici məsdərlə birlikdə üzv olur. Başlamaq sözünün iştirakı ilə qurulan sabit birləşmələrdə məsdər əksərən ismin yönlük halında olur və başlamaq sözünə idarə üsulu ilə tabe olur; məs.: oxumağa başlayan, üzməyə başlayanda, dincəlməyə başlamaq və s. Layihənin üzünü köçürməyə başlayanda mən otaqdan çıxdım. Yavaş-yavaş danışmağa başlayan dostum tədricən bütün əhvalatı söylədi. Sadıq kişi arılardan həvəslə danışmağa başladı. (Mir Cəlal)

Az hallarda məsdər tə`sirlik halda da ola bilir; məs.: oxumağı başlamaq, işləməyi başlamaq və s.

5. Sabit birləşmələrin bir növü də demək fe`linin iştirakı ilə formalaşır. Bu cür birləşmələrdə demək sözü öz həqiqi mə`nasında deyil, bir işi, hadisəni təsdiq edən köməkçi söz səviyyəsindədir, ona görə də onu çox zaman -dır,-dir,-dur,-dür şəkilçisi, idi, imiş hissəcikləri ilə əvəz etmək olur (baxmayaraq ki, həmin şəkilçi və hissəciklərlə birlikdə işlənir). Asılı tərəf adlıq halda məsdərlərdən və ya müxtəlif nitq hissələrindən ibarət olur. Məsələn: Bu, həyatdan üz döndərmək deməkdir. (Mir Cəlal) Anasının vəfatı sevincinin yarıdan çoxunu itirmək deməkdi. (Mir Cəlal) Bu misallardan “demək? fe`lini atmaq da olar: Anasının vəfatı sevincinin yarıdan çoxunu itirmək idi.

6. Yarımmüstəqil olmaq fe`linin fe`li sifət və məsdərlərlə əlaqəsi də sabit birləşmələrin yaranmasına səbəb olur. Məsələn: Rübabəyə bir söz deyən olmadı. (Mir Cəlal) Uşağı qorxutmaq olmaz. Bu cür sabit birləşmələrdə asılı tərəf mürəkkəb xəbərin daxili subyekti, cümlənin tarixi mübtədasıdır, ona görə də ismin adlıq halındadır.

7. Leksik semantikasının zəifliyi ilə diqqəti cəlb edən sözlərdən biri də ibarət sözüdür. Bu söz təsdiqdə -dır, -dir,-dur,-dür şəkilçisinin, inkarda deyil hissəciyinin qrammatik semantikasına müvafiq mə`na ifadə edir. Asılı tərəf çıxışlıq halda müxtəlif nitq hissələri ilə ifadə olunur. Məsələn: Bizim əsas arzumuz bundan ibarətdir. Yeni həyat kişi ilə qadının tapışmasından ibarət deyil. (Mir Cəlal)

8. Azərbaycan dilində “bilmək? fe`li də öz həqiqi mə’nasında az işlənir. Həqiqi mə`nada işləndikdə müstəqim obyekt tələb edir: Mən dərslərimi bilirəm. Qalan hallarda bu söz -a,-ə şəkilçili fe`li bağlama ilə birləşərək qrammatik bacarıq mə`nasını ifadə edən sabit birləşmələr əmələ gətirir; məs.: Bağışla, evinizə gələ bilmədim. (Mir Cəlal) Mühit adamı korlaya bilər. (Mir Cəlal) Yaza bilsəm bu həyatın bir gününü mən, Deyərəm ki, xoşbəxt yoxdur dünyada məndən. (R.Rza)

Qeyd edilən sabit birləşmələr başqa bir sözü, birləşməni özünə tabe edərək sərbəst birləşmələrin əsas komponenti kimi işlənə bilir; məsələn: Bizimlə getmək istəməyənləri heç kəs məcbur edə bilməz. Mən onları oxutmağa çalışanda siz mane olmayın. Sabit birləşmələr xəbər vəzifəsində işləndikdə məsdər mühitinə (asılı tərəfə) aid olan sözlər cümlənin müstəqil üzvü kimi çıxış edir; məsələn: Atlı ona çatdıqda elat qızı güclə ayağa qalxa bildi – cümləsində elat qızı – mübtəda, ayağa qalxa bildi – xəbər, atlı ona çatdıqda – zaman zərfliyi, güclə – tərz zərfliyidir.

II Sabit birləşmələrin mühüm bir növünü frazeoloji birləşmələr təşkil edir.

Frazeoloji birləşmələr məcazilik əsasında yaranır – birləşməni təşkil edən tərəflərdən biri və ya hər ikisi məcaziləşmiş olur. Məcazilik belə birləşmələri həm sərbəst, həm də yuxarıda qeyd etdiyimiz sabit birləşmələrdən fərqləndirir. Frazeoloji birləşmələr (bunlara frazeoloji vahidlər, frazeologizmlər, frazeoloji tərkiblər, frazemlər və s. də deyilir) tarixən sərbəst birləşmə modelləri əsasında, sərbəst birləşmələrin tərəflərinin məcaziləşməsi, qaynayıb-qovuşması, bir məfhumun ifadəçisinə çevrilməsi əsasında formalaşmış olur. Sərbəst birləşmələrdən və sabit birləşmələrin əvvəlki növlərindən fərqli olaraq, frazeoloji birləşmələr məcaziləşmə mərhələsi keçdikdən sonra dilin lüğət tərkibinə daxil olur, ayrı-ayrı sözlərlə yanaşı, lüğət tərkibindən götürülüb cümləyə daxil edilir. Leksikləşmiş olduğundan cümlənin sadə bir üzvü kimi çıxış edir; məs.: Bir kiçik dost kimi gileylənərək, Bu axşam dil açdı sinəmdə ürək. (S.Vurğun) İyirmi ildir ki, qələm çalırsan, Yerdən də, göydən də ilham alırsan. (S.Vurğun) Onun bu vəziyyəti ananı getdikcə daha çox təşvişə salırdı. (İ.Əfəndiyev) Şər düşənə qədər əli qoynunda oğlunun yolunu gözlədi. (Ş.Həsənoğlu) Bu misallarda dil açdı, qələm çalırsan, ilham alırsan, təşvişə salırdı, şər düşənə qədər birləşmələri məcaziliyi, emosionallığı, ekspressivliyi ilə digər birləşmə növlərindən fərqlənir. Xalqımızın yaddaşında bel bağlamaq, dilə gəlmək, baş açmaq, əldən düşmək, ürəyi yanmaq, fikrə getmək, dəhşətə gəlmək, qulaqardına vurmaq və s. kimi saysız obrazlı frazeoloji birləşmələr vardır.

Frazeoloji birləşmələrin ən mühüm xüsusiyyətləri ekspressivlik, metaforiklik və emosionallıqdır.60

Ekspressivlik – əlamətin yüksək keyfiyyətdə ifadəsidir. Frazeoloji vahidlər bu cəhətdən onlara ekvivalent olan sözlərdən çox fərqlənir. Ələ salmaq – dolamaq, yada salmaq – xatırlamaq, dünyasını dəyişmək – ölmək, bel bağlamaq – inanmaq, ürəyi qopmaq – qorxmaq və s. kimi leksik və frazeoloji birləşmələri müqayisə etmək kifayətdir. Metaforiklik, çoxmə`nalılıq frazeoloji birləşmələrin yüksək obrazlılığı deməkdir. Emosionallıq danışan şəxsin hisslərinin ifadəsi dərəcəsi ilə bağlıdır və bu x?susiyyət frazeoloji birləşmələrdə daha qabarıq olur. Bütün bu cəhətlərə görə frazeoloji birləşmələr adi sözlərdən yüksəkdə durur və bədiilik vasitəsi kimi dildə böyük rol oynayır.

Frazeoloji birləşmələr yüz illər boyu tədricən sərbəst birləşmə modelləri əsasında əmələ gəlir. Bu proses hər bir dildə olduğu kimi, Azərbaycan dilində də davam etməkdədir. Ona görə də bir sıra söz birləşmələri dilimizdə həm həqiqi, həm də məcazi mə`nada işlənməkdədir. Məsələn: ağız açmaq, quyruq bulamaq, yolunu azmaq və s. kimi birləşmələr həqiqi mə`nada işlənməklə yanaşı, bir şey xahiş etmək (filankəsə ağız açmaq), yaltaqlanmaq (filankəsin qarşısında quyruq bulamaq), pis yola düşmək (lap yolunu azıb) mə`nalarında da işlənir.

Frazeoloji birləşmələr sərbəst birləşmələrdən yarandığı üçün onların arasında əsaslı forma fərqi olmur. Fərq sərbəst birləşmələrin tərəfləri arasında sintaktik əlaqənin mütəhərrikliyində, canlılığında, frazeoloji birləşmələrdə isə əlaqələrin sabitliyində, donuqluğundadır.

Frazeoloji birləşmələrin tərəfləri məcaziləşmə imkanlarına görə fərqlənir. Bə`zi birləşmələrdə məcazilik güclü, bə`zilərində zəif olur. Məcazilik az və zəif olduqda sərbəst birləşmə ilə frazeoloji birləşmələri fərqləndirmək çətin olur.

Sintaksisin tədqiq obyekti sərbəst birləşmələrdir. Frazeoloji birləşmələr dilçiliyin frazeologiya şö`bəsində öyrənilir.