Kamilinfo-nun budəfəki qonağı əslən Cənubi Azərbaycandan olub, hazırda Almaniyada yaşayan yazıçı Şərifə Cəfəridir. Onunla növbəti müsahibəmizdə İranda Azərbaycan toponimlərinin farslaşdırılmasından danışdıq.
-Keçən müsahibənizdə demişdiniz ki, Rza Pəhləvinin 53 illik hakimiyyəti dövrü ana dilimizin “qara günləri” adlandırılır. Həmin dövrdə Azərbaycan hansı toponimlərinin dəyişdirilməsi barədə ətraflı məlumat varmı?
– Bəli, elə tarixi abidələrimizin, yer adlarının dəyişdirilməsi də Pəhləvilər dövründən başlayır. Qacarlar devriləndən sonra ingilislər Pəhləviləri hakimiyyətə gətirdi. Təbii ki, hakimiyyətə gətirdikləri adamlardan bir sıra istəkləri vardı, öz siyasətlərini yürütmək istəyirdilər. O siyasət bu günə kimi davam edir. Bu isə o coğrafiyada yaşayan istər azərbaycanlı, istər qaşqay, türkmən olsun, bunların dillərininin inkişafının qarşısını almaq, onları özgələşdirmək farslaşdırmaq siyasəti idi və məqsəd burada güclü bir türk dövlətinin yaranmasının qarşısını almaq ola bilərdi. O dövrün aydınları, savadlıları bir yerə yığışdılar, türklə düşmənliyi hökumətin idarə sistemində yerləşdirdilər. Bunlardan örnək olaraq Hüseyn Kazımzadə, Arif Qəzvinli və Məliküşşüara Bahar, Mahmud Əfşar Yəzdini göstərmək olar. Məsələn, Arif Qəzvinli özü şairdir, bəstəkardır, oxuyandır, gözəl səsi var. Bunun irəli getməsinin səbəblərindən biri radikal farsçılığıdır, türk düşmanlığını teorizə edir.
– Hakimiyyətin dəstəyi ilə..
-Bəli, bunlar Pəhləvidən dəstək alırdı. Pəhləvi hakimiyyəti bunların ideya və planlarına dəstək verirdi, imkanlar yaradır, himayə edirdi. Arif Qəzvinli deyirdi ki, türk dili biganələrin, yadların dilidir. Monqolların təriqilə İranda insanlar türk olub. Onlar əslində azərilərdir, öz əsillərinə qayıtmalı, fars olmalıdırlar. Bunun üçün əllərindən nə gəlirdisə, edirdilər. Arif Qəzvinli və Məliküşşüara Bahar millətə böyük şəxsiyyət kimi təqdim olnur, bunların ideologiyaların şeirlə, ədəbiyyatla uşaqlara yedirdilir. Arif Qəzvinli təbrizlilərdən istəyir ki, türk dilini atsınlar. Bunlar yaxşı da şairdirlər. Bütün imkanlarla: media yolu ilə, kitablarla, təbliğatla azərbaycanlıları assimilyasiya etsinlər. Onların hamısının təsiri ilə bəzən özümüzünkülər bilməyərək özümüzə qarşı çıxırlar.
İranda farslaşdırma siyasətinin irəli getməsində Mahmud Əfşar Yəzdinin böyük rolu olub. Dövlət bunlara şərait yaradırdı, panfarsizm ideyasını yayırdılar. Bu adam xüsusən Azərbaycan türkləri ilə, onların dilləri ilə düşmənçilik edirdi.
Onların etiqadları bu idi ki, ölkədə milli vəhdət olması üçün hamı farsca danışmalıdır. Hətta milli geyimlərin də (qaşqayların, Xorasan türklərinin, Azərbaycan türklərinin fərqli geyimləri var) aradan qaldırılmasını istəyirdilər. Milli mədəniyyət, əxlaq, tərbiyə də dəyşdirilməli, farslaşmalı idi.
Məliküşşüara Bahar farslar arasında çox hörmətlidir, ulduzdur, o da təlqin edirdi ki, babalarımızın dili fars dilidir, türk dili sonradan gəlib.
– Kəsrəvi kimi…
– Bəli, amma həmin nəzəriyyəni sonradan Kəsrəvi ondan qəbul edib davam etdirdi. O, bu mövzuda bir kitab da yazdı, Rza şah da, hökumət də bunu istəyirdi. Ona qədər hökumətin imkanları olmayan yerlərdə, kəndlərdə bir molla olurdu, ya savadlı bir adam olurdu, şagirdlərə azərbaycanca dərs verirdi. Məliküşşüara Bahar kimi adamlar təklif etdi ki, onları aradan qaldırsınlar və mədrəsələr olsun, təhsil farsca olsun, uşaqlar 1-ci sinifdən farsca danışmaq məcburiyyətində qalsınlar.
– Bütün bunlar coğrafi adlara da təsirsiz qalmamalı idi…
– Bəli. Elə onların farslaşdırılmasına da Pəhləvi hakimiyyəti dövründə başladılar. Bu təşəbbüs elə yuxarıda sadaladığım adamlarındır. Pəhləvi hakimiyyəti bunlara imkanlar yaratdı, himayə etdi, bu iş sürətlə başlandı. Təkcə azərbaycanlılar yaşayan ərazilərdə deyil, ərəblər, kürdlər və başqa etnosların yaşadığı ərazilərdə də adlar dəyişdirilirdi. Amma fokus Azərbaycanın üzərində idi. O vaxt Azərbaycanda 107 coğrafi ad farslaşdırılıb. Bu işdə bizim güclü olmağımızı istəməyən kənar güclərin də rolu vardı. İnsanların ruhi-rəvanları ilə, psixolojisi ilə oynayırdılar, deyirdilər, bunlar (coğrafi adlar – V.S.) düşmənlərin yadigarıdır, bu adları ölkəni şikəst edənlər qoyub. Bununla da həm də bu toponimlərə qarşı nifrət yaradırdılar. Məsələn, Bəndəri-Ənzəlini Bəndəri-Pəhləvi elədirlər. Tarixən orada türklər çox idi, indi gilanlılar daha çox yaşayır. Türkmənlərin yaşadığı Sənaxı Bəsirabad elədilər. Astarabadda Ağqala adlı məntəqənin adını Pəhləvidej qoydular…
– Dej nə deməkdir?
– Dej farsca qala deməkdir. Urmiyanın adını Rzaiyyəyə çöndərdilər. Sulduzu Nəqədi elədilər. Amma indi də buranın əhalisi Nəqədi işlətmir, elə Sulduz deyirlər. Türkmənlərin sıx yaşadığı Türkmən səhrasında Sistan, Bəlucistandan əhlini gətirib yerləşdirdilər. Səhrayi-Türkmənin adını dəyişib Dəşti-Qorqan (Gürgan) qoydular.
Kavi Bayat adlı bir şəxs bu barədə çox maraqlı bir kitab yazıb: “Urmiya dər-müharibeyi aləmsuz” – Urmiya dünyanın yandıran müharibənin içində. Kavi Bayat o vaxt hökumət məmuru olub. Kitabda Xoy, Urmiya və Səlmasda ermənilərin azərbaycanlıları necə soyqırım etməyindən bəhs edilir. Türkiyənin ovaxtkı hökuməti müdaxilə etməsəydi, ikinci Qarabağ yaranacaqdı.
Kavi Bayat yazır ki, o vaxt yer adlarının, küçə və meydanların adlarının dəyidirilməsində o qədər hərki-hərkilik vardı, hətta dövlətin öz məsulları, hətta vəzarəti-kişvərdə bundan xəbərsiz olurdu.
– Adların dəyişdirilməsinə hansı qurum qərar verir?
– Hicri-şəmsi təqvimi ilə 1314-cü ildə (miladi ilə 1935) Füruği adlı birisi baş nazir seçildi. O radikal farsçı idi. Kabinet yaradandan sonra bir mədəiyyət qurumu yaradır. O qurum vasitəsilə elə indi də artıq rəsmi şəkildə türk, ərəb və s adları rəsmi şəkildə dəyişdirirlər.
– Konstitusiyada belə bir müddəa var idimi?
– Konstitusiyada belə şey yox idi, amma Füruği bu qurumu rəsmiləşdirdi. İddialı bir heyət təşkil etdi. Bunların arasında Məliküşşüara Bahar, Bədiüzzaman Firuzan Fərdi, Hüseyn Gülgülabdı, Səid Nəfisi vardı. Bunlar komissiyanın və onun İdarə Heyətinin üzvü oldular. Vəzifələri bu adları dəyişmək idi. Bizə elə bunların kitabını oxudublar. Təəssüf ki, həmin şıxslər bu günə kimi ustad sayılırlar. Bundan sonra o adamların əli ilə beş maddə əlavə etdilər ki, onlara əsaslanıb “biganə kəlmələri” farsca sözlərlə əvəz etsinlər. Məsələn, tutaq ki, iki sözdən ibarət çay, dağ və s adlarında ən azı çay, dağ sözlərini farscaya dəyişirdilər. Məsələn, Acıçay Təlxe-rud oldu. Çox gülməlidir. …Bu zaman Azərbaycanda və əsasən ərəblərin yaşadığı Xuzistana xüsusi önəm verirdilər. Savıcbulağı Mahabad elədilər, indi oraya Kürdüstan deyirlər, daha çox kürdlər yaşayır və dövlət də onları himayə edir.
Qaraçəmən Miyanə ilə Təbrizin arasındadır, onu Siyah çəmən elədilər. Bəzən heç tərcümə də edə bilmirlər. Məsələn, Cığataçayı Zərrin rud ediblər. Miyancı Miyanə etdilər. Qızılüzən Səfid rud oldu. Səfid ağ deməkdir və qızılla heç bir əlaqəsi yoxdur. Həmin 5 maddə ilə hələ də yerlərdə bu işlər davam edir.
– Yerli idarəetmə orqanlarının bu işdə rolu nədən ibarət olurdu?
– Füruği şəhərlərin, rayonların rəhbərlərinə tapşırıq vermişdi ki, kəndlərin, yerlərin, dağların, məhəllələrin və s adlarını yazıb bayaq deyilən quruma göndərsinlər. Sonra isə onları dəyişmək üçün farsca ad seçib təklif edirdilər. …İranı min illər boyunca türklər idarə etdiyindən İranın başqa yerlərində də türkcə coğrafi adlar var. Yerli əhali farslar olduğu üçün onları dəyişməyə o qədər də tələsməyiblər. İsfahana gedəndə yolda bunlara diqqət edirdim. Müəyyən sayda dağ-təpə adları hələ də qalır…
– Türkcə toponimlərə qarşı düşmənçilik siyasəti sanki Pəhləvilərdən sonra da davam etdirilir...
– Pəhləvi dövründə milli coğrafi adlar bunların türk düşmənliyi siyasətinə qurban getdi. Hicri-şəmsi 1357-ci ildə İranda islam inqilabı baş verdi, Pəhləvilər devrildi. Amma bunlar düşmən olsa da, yuxarıda dediyim o qurum həmin siyasəti davam etdirdi. Görünür, bu qurum başqa bir yerdən güc alır. İndi eyni siyasət islam qılığında davam etdirilir. Türklərə münasibətdə heç nə dəyişməyib. Təbrizdə “Azəriha” Mərkəzində nəşrləri, jurnalları var. Azərbaycanın varlığını, müstəqilliyini həzm edə bilmirlər. Bəlkə, soyları fərqlidir, amma özlərini türk bilirlər, eynən bizim kimi danışırlar, amma İran bayrağı istəyirlər, Azərbaycan düşmənliyi edirlər. Bunların başında Seyid Cavad Təbatəbai vardı ki, bəlkə, ona bugünkü Kəsrəvi demək olar. Təbrizdədir, hökumət də bunu dəstəkləyir. Qızı Co Baydenin kabinetindədir. İnqilab oldu, hökumət dəyişdi, amma bu qurum öz işinə ciddiyyətlə davam edir.
Azərbayanı şərqi və qərbi deyə böldülər. Sonra Ərdəbili Azərbaycandan ayırdılar. Zəncanı Azərbycandan, Qəzvini Zəncandan ayırdılar. Yavaş-yavaş bu ərazilərə farsi huviyyət verdilər. Məqsədləri odur ki, bölgələrin üstündən Azərbaycan adı götürülsün, xırdalansın, oraya yaaş-yavaş farsları və başqalarını yerləşdirsinlər. Bir yayım evi yazır ki, Azərbaycanda 570 yer adı dəyişdirilir, farsca adlar qoyulur. Bunların 101-i elə Urmiyanın ətrafındadır.
Tehran yaxınlığında bir şəhər var, artıq Tehrana bitişməkdədir. O şəhərin sakinlərinin çoxu azərbaycanlılardır. Onun adı indi Kərəcdir, amma əvvəl Yeni İnan olub. Qəzvinlə Tehran arasında Abyek adlanan şəhər var. Bunun adı əvvəllər Qışlaq olub. Qəsri-Qacariyyə adlı bir şəhərə Bisin adı veriblər.
Hamımız bilirik ki, bir uşağa bir ad qoyulanda bunun nəsə bir mənası olur. Ya babanın adıdır, ya sevdiklərinin adıdır, ya da nəsə bir məna daşıyır. Dağlardır, kəndlərdir, məhəllələrdir – bunların adının da bir fəlsəfəsi var ki, qoyublar. Bir tarixi var ki, qoyulub. İllərdən sonra gəlib bunları dəyişib bir anlamsız, bəzənsə gülməli ad verirlər.
Düşünün ki, bir millətə nə qədər xəyanət olunur, nə qədər mübarizə aparlsa da, qalib güc dövlətin əlindədir. Dövlət indi islami qılıqda olsa da, paniranist siyasət yürüdür. Füruğinin dövründən başlayan mədəni soyqırımı indi də davam etdirirlər.
– 1000 ildən çox müddətdə indi İran adlanan ərazi türkdilli xalqlar, o cümlədən Azərbaycan türkləri tərəfindən idarə edilib. Belə böyük bir zaman kəsiyində fars dili və ya digər dillərə qarşı linqvosid – dil soyqırımı siyasətinə bənzər nəsə həyata keçirilibmi?
– Təkcə İranda yox, başqa yerlərdə də türklər heç vaxt başqalarının mədəniyyyətini, dilini sıradan çıxarmayıblar. Əksinə, onların inkişafına imkan veriblər, yardım ediblər. Elə fars mədəniyyəti, dili türk hökmdarların əlilə inkişaf edib. Hətta farsca yazan şairlərə hədiyyələr veriblər. Türk padşahları heç vaxt başqa mədəniyyətləri əzməyiblər, kiçiltməyiblər.
– Bəzən düşünürsən ki, Pəhləvilərin dövründə, bəlkə də, Azərbaycan dilinin sıxışdırılması başadüşülən idi, bəs İslam Respublikasının rəhbərliyi nəyə görə buna yol verir? Axı Quranda dil müxtəlifliyinin Allahın ayələrindən olduğu deyilir.
– Hamı sual verir ki, islami hökumət adlanan bu hakimiyyət niyə islama layiq olan hərəkət eləmir, dinin, Quranın, ayələrin ziddinə işlər görür. Düzdür, məscidlər tikir, çalışır ki, məhərrəmlik əzadarlarını islami göstərsin. Hər şey görüntüdür. Amma türklərə qarşı olan siyasətləri islami deyil.
– Toponimlər dəyişdiriləndə ictimai rəy nəzərə alınırmı?
– Xeyr, ictimai rəyə əhəmiyyət verilmir, o adlar zorla dəyişdirilir. İnternetdə çoxlu materiallar var, gedirlər bir məntəqənin adını dəyişirlər, səhəri gün oranın uşaqları gedib o adı qaralayır, cızır, təzədən türk adı yazır. Sonra gəlib həmin adamları axtarırlar ki, cəzlandırsınlar. Əlbəttə, bu, hüquqi dövlət deyil, millətin rəyini almağa heç bir ehtiyacı yoxdur.
– 16 noyabr 1972-ci ildə UNESCO-nun baş konfransında «tarixi toponimlərin təhrif edilməsi və dəyişdirilməsinin yolverilməziliyi” barədə qərar qəbul edilib. İranın UNESCO üzvü olduğunu nəzərə alıb, bu barədə həmin təşkilata müraciət etmək olarmı?
– Əlbəttə, haqlısınız. UNESCO belə bir qərar verib. Amma İranda çox qarma-qarışıqlıqdır. Fərdi və ya kollektiv şəkildə etirazlar edilir. İran heç bir əxlaqi qanuna tabe deyil, bu qərarlara əməl etmir. Sizin dedikləriniz bizim üçün, ölkədən xaricdə yaşayan azərbaycanlılar üçün bir önəridir. Yaxşı olar ki, özləri yığışalar bir yerə, bir əncümən təşkil edələr, UNESCO-ya məktublar yazalar. İndiyədək insan haqları təşkilatlarına yazılıb, amma ya faydası olmayıb, ya da yetərli olmayıb.
Vasif SADIQLI