“ŞƏRQ İRSİ” Beynəlxalq Müasir İncəsənət Sərgisinin açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş “ŞƏRQ İRSİ” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisinin açılışı olub.
Mərasimdə diplomatlar, jurnalistlər, mədəniyyət nümayəndələri iştirak edib.
Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “ŞƏRQ İRSİ” sərgisində Əqdəs Bağırzadə (Azərbaycan), Andréas Lanq (Almaniya), André Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən hazırlanmış fotoqrafiya, videoart və instalyasiyalar nümayiş olunur.
Sərgi XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında 17 noyabr – 1 dekabr tarixlərində keçiriləcək.