Səudiyyə Ərəbistanının “Əl Riyad” qəzetində jurnalist Əbdülrəhman Sultanın Yanardağ haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın alovları” sərlövhəli məqalədə Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin tarixindən ətraflı bəhs edilir.
Müəllif yazır: “Azərbaycana səfərimin ilk günündə dostlarıma müraciət edərək məni Yanardağa aparmağı xahiş etdim. Müxtəlif ölkələrdə maraqlı abidələr, möcüzələr və onların elmi əsasları ilə maraqlanan bir insan kimi bu məkan məni cəlb edirdi. Paytaxt Bakıdan təxminən yarım saata qədər yol gedəndən sonra bu əsrarəngiz qoruğa çatdıq. Bu sirli yer hələ 800 il əvvəl məşhur səyahətçi Marko Polonun diqqətini cəlb edib. Məhz Yanardağ sayəsində Azərbaycan “Odlar yurdu” kimi tanınıb”.
Bu ərazidə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, abidə Bakıya gələn əcnəbi turistləri cəlb edir. O əlavə edir: “Qədim məxəzlər və kitablarda göstərilib ki, eramızdan əvvəl bir çox tayfa və qəbilələrin məskunlaşdığı bu yerlərdə mənşəyi İran olan zərdüştlüyün çiçəklənməsi müşahidə olunub. Bu amil atəşpərəstləri Yanardağda məbəd tikməyə sövq edib. Atəş bu gün də Azərbaycan xalqının mübarizə, azadlıq uğrunda mübarizə aparan şəhidlərin xatirəsini əbədiləşdirən bir simvoldur. Qədim insanlar yağışa, küləyə, hətta qara rəğmən sönməyən bu atəşə səcdə edirdilər və alovun sehrli gücünə inanırdılar. Qayaların arasındakı alovların təbii qaz mənşəli olduğu bilinsə də, onun təzyiqinin sirrini açmaq üçün elmi tədqiqatlara ehtiyac duyulur”.