- Cəmiyyət, Manşet

Sabah İlaxır çərşənbədir

Sabah Azərbaycanda Novruz bayramının İlaxır çərşənbəsi – Torpaq çərşənbəsi qeyd olunacaq.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Qeyd edək ki, fevralın 22-də Su, martın 1-də Od, 8-də Yel (Hava) çərşənbəsi qeyd olunub. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

525.az