Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11°, gündüz 14-17° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Aprelin 6-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 20-25°, dağlarda gecə 3-8° isti, yüksək dağlıq ərazilərdə 0-3° şaxta, gündüz 10-15° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 6-da Abşeron yarımadasında qısa müddətə güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xəbərdarlığa əsasən, aprelin 6-sı günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, arabir saniyədə 23-28, yarımadanın bəzi yerlərində isə arabir 30 metrədək güclənəcəyi gözlənilir.
Aprelin 6-da Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20, ayrı-ayrı yerlərdə 25-30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.