İyunun 12-də Şamaxıda Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, respublikanın tanınmış şair və yazıçıları, rəssamları, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları öncə M.Ə.Sabirin Şamaxının qədim Yeddi Gümbəz qəbristanlığındakı məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra böyük sənətkarın ev muzeyi ziyarət olunub. Şəhərdə ustad sənətkarın adını daşıyan parkdakı heykəlini ziyarət edən qonaqlar abidənin önünə də çiçəklər qoyublar.