Gülyaz ƏLİYEVA
Özüm – Sevinc, qızım – Sevinc…
Baxıram gül çöhrənə, şirin gülüşlərinə,
Ağıllı gözlərinə …
İllər gerimi dönüb?
Ya mən uşaqlaşmışam?
Bəzən “Sevinc” deyəndə
Çaşıb cavab verirəm.
Axı mən də Sevincdim,
Ata-anam bu adla
çağırıblar həmişə
Məni, gözəl Sevincim…
Necə də bənzəyirsən
Mən Sevincə, Sevincim.
Mən də elə şıltaqdım,
Mən də elə küsəyən,
Dərd edərdim özümə
Bircə soyuq baxışı…
Anam məni əzizlər,
Atam konfet verərdi:
“Mənim əziz Sevincim,
Ağıllısan”, – deyərdi.
Saf incimsən, Sevincim,
Hər bir işdə birincim.
Gülüşüm, xoşbəxtliyim,
Cavanlığım, sevincim…
Nə vaxt ötdü bu illər?
Heç xəbərim olmadı.
Nə vaxt böyüdün belə,
Ya mən geri qayıtdım?
Gülürsən, danışırsan.
Küsürsən, barışırsan,
Gündüz göydə günəşlə,
Gecə ayla, ulduzla
Bəhs edib yarışırsan .
– Sən gözəlsən,
Mən gözəl?
Dünyanı nurlandıran
Üzdə iki gözümsən, o qədər bənzərsən ki,
Elə bil ki özümsən!…
Ana – Sevinc, qız – Sevinc,
Hər kəlməsi, hər sözü
Hər əməli düz Sevinc…
Sənlə uşaqlaşmışam,
Sənlə gəncləşirəm mən…
Fikrim gedir Ağdama,
Xatirələr sırayla
Gəlib durur yan-yana…
Bu gün sənin ad günün…
Haqqım var ki öyünüm,
Yanıltmadın heç məni,
Ağıllı çiçək qızım,
Şəfəqli Dan ulduzum.
Sənə çiçəkmi verim?
Gülmü bağışlayım mən?
Göydən ulduzmu verim,
Ya dənizmi hədiyyəm?
Özün gülsən, çiçəksən,
Göydə ulduz, mələksən.
Sənə nə hədiyyə edim,
Bərabəri olmasın?
Qiymətsizdir hədiyyəm.
İlk dəfədir ad günün
Elə ilə tuş gəlir,
Əsir deyil torpağım,
Əsir deyil ocağım,
Xilas olub yurd-yuvam,
Xilas olub el-obam.
Alınıbdır Ağdamım,
Qurtulub əsirlikdən.
Ağdamımı hədiyyə
Edirəm sənə,
İnşallah, gedərik
sənlə bu sənə…