- Köşə

Şagirdlərimdən Sima müəllimə – xatirəmdəki iz

Sevinc İntiqam qızı Atakişiyeva-Vəhədzadə
“YUVAM” MMC- nin direktoru

Mən onu tanıyanda cəmi 15 yaşım var idi. O vaxta qədər bir neçə məktəb dəyişmişdim. Son dayanacağım isə Füzuli rayonunun 7 saylı orta məktəbi oldu. Biz üç bacıydıq və hər gün uzun bir yolu qətt edərək bu məktəbə gəlirdik. Elə bu dəyişikliklərin içində, mənim üçün yeni bir mərhələnin qapısı açıldı – Sima müəllimə ilə tanışlıq.
Sima müəllimə ilə ilk dəfə məktəbə qeydiyyat zamanı tanış olmuşduq. Anam bizi məktəbə qeydiyyatdan keçirmək üçün özü ilə bərabər aparmışdı. Həmin gün qarşımızda hündürboylu, şux qamətli, səliqəli geyimli, səliqəli saç düzümünə malik, ciddi və ötkəm baxışlı bir xanım dayanmışdı. İlk baxışdan onun necə biri olduğu hiss olunurdu – təmkinli, tələbkar, nüfuzlu. Etiraf etməliyəm ki, o günə qədər təhsil aldığım yeddi müxtəlif orta məktəbdəki heç bir direktora bənzəmirdi. Çox fərqli və diqqət çəkən idi.
Qeydiyyatımız başa çatdı və bu məktəbdə həyatın yeni bir cığırına qədəm qoyduq. Düzünü desəm, bu keçid bir qədər də mənim təşəbbüsümlə baş tutmuşdu. Əvvəlki məktəb məni qane etməmişdi.
Mən Sima müəllimənin rəhbərlik etdiyi məktəbdən məzun oldum . Həmin il son zəng tədbirimizdə Sima müəllimə də bizimlə birgə idi. Onun sükut içindəki gücü, sakit səsi, ciddi duruşu və səliqəsi bizə bir örnək idi. Biz ondan bir qədər ehtiyat edirdik, amma qəribədir ki, o heç vaxt bizə qışqırmır, danlamır, sərt şəkildə müdaxilə etmirdi. Təkcə duruşu və baxışları ilə bizə davranış qaydalarını öyrədirdi. Sanki bizə göstərirdi ki, bir Azərbaycan qadını necə olmalıdır. Bu nümunə, bu sükutdakı güc, onun bizə verdiyi ən böyük dərs idi.
Məktəbi bitirdikdən sonra uzun müddət Sima müəlliməni görə bilmədim. Artıq mən tələbə idim, , bacılarım isə başqa şəhərdə, başqa məktəbdə təhsillərini davam etdirirdilər. Zamanla ondan uzaq düşdük və əlaqələrimiz kəsildi. Amma nə qəribədir, onun o duruşu, baxışı, təmkini və səliqəli nitqi heç vaxt yaddaşımdan silinmədi. Ondan sonra qarşıma çıxan heç bir insan məndə onun qədər dərin iz buraxa bilmədi.
Zaman keçdikcə Sima müəllimənin davranışları, tərzi mənim üçün bir örnəyə çevrildi. Onun obrazı həyatımda formalaşmağa başladı. Özüm də hiss etmədən onun xarakterini, sakit gücünü, səliqəsini və idarəetmə bacarığını özümə hopdurmağa başladım. Xüsusilə də onun idarəetmə qabiliyyəti məni hər zaman heyran edirdi. Heç kimdə bu qədər təmkinli, ölçülü və nüfuzlu bir yanaşma görməmişdim. Mən onun müşahidə edib öyrəndiyim üslubunu həyatımda tətbiq edirdim.
Sima müəllimə mənim üçün sadəcə bir müəllim olmadı. O, şəxsiyyətimin formalaşmasında böyük rol oynayan, səssiz, amma təsirli bir ilham mənbəyi oldu. Onunla bir neçə il eyni məktəbdə olmaq, onu müşahidə etmək mənə çox şey öyrətdi. Bu gün də həyatımda hansısa bir addımı atarkən, hansısa bir qərarı verərkən, düşüncələrimdə bir “Sima müəllimə duruşu” var. Və bu duruş – ciddiyyəti, təmizliyi, məsuliyyəti, sakit, amma möhkəm mövqeyi ilə mənə yol göstərir.
Uzun illər sonra təsadüf nəticəsində sosial şəbəkə hesablarının birində şəklini gördüm. Xəzinə tapmış kimi sevinirdim. Çünki o, yaddaşımdakı xəzinə idi. Uzun illər sonra direktoruyla danışmağa cəsarət edən o balaca qız kimi cəsur davranıb yazdım özünə. Biz üç bacını xatırlaması isə ayrı bir fərəh idi. Onun qarşısında o balaca qız yox idi artıq, yetirməsi olan onlarla müəllimdən biri idim. Bu əsərdə onun xüsusi imzası var idi. Böyük həyəcanla onu müəllimlər üçün təşkil etdiyim tədbirə dəvət etdim. Doğrusu, onu böyük səhnədə də yanımda görmək istəyi inanılmaz idi. Və həmin gün gəldi çatdı. Zalın qarşısında, foyedə qonaqları qarşılarkən qapıdan içəri əvvəlki əzəməti, diqqətli baxışı, şux qaməti, iti addımlarıyla daxil olan direktorumuzu görəndə ayağımın altından yer qaçdı. İllər sonra o ilk qarşılaşma…əlim-ayağım biri-birinə qarışdı, gözlərim doldu, həyəcan bürüdü məni. Onun qarşısında çıxış etmək isə bir başqa məsuliyyət idi. Məsuliyyətim ikiqat artmışdı, çünki ilk dəfə bir tədbirdə direktorum məni izləyirdi. Əsl natiq nitqinə malik, özünəməxsus çıxışlarıyla həmişə seçilən, duruşuyla hamını heyran buraxan o qadın səhnədə mənim yanımda dayananda 20 il əvvəlki Sevinc kimi dayanmışdım yanında.
O gün o tədbirdə iştirak edən 400 nəfər, onlarla qonaq və təlimçilər belə Sima müəllimənin çıxışına heyrətlə qulaq asırdılar. Bütün zal ötkəmliyinə, təcrübəsinə, toxunduğu mövzulara, xatirələrinə, əsl pedaqoqluğuna, idarəetmə bacarıqlarına, liderlik qabiliyyətinə və hər şeydən önəmlisi sözünü deyən, böyük işlərdə imzası olan, yeddidən-yetmişə hər kəs tərəfindən xüsusi hörməti, sayğını əldə etməyi bacaran, əsl Azərbaycan müəlliminə, əsl Azərbaycan qadınına valeh olmuşdular. Biz zamanlar körpə canımızla yüzlərlə şagirdin onun duruşuna, cəsarətinə valeh olduğu kimi.
Mən çox bəxtiyaram ki, yolum “Sima xanımın məktəbindən” keçib. O, daim şagirdlərinin, rəhbərlik etdiyi kollektivin hər bir üzvünün xoş xatirələrində öz yerini qoruyub saxlayacaqdır. Sima müəlliməmiz də hər zaman özü kimi məqsədindən dönməyən, hədəfləri uğrunda cəsur və əmin addımlarıa irəliləyən, “Sima məktəbi”nin o dəyərli üzvləri ilə daim fəxr edəcəkdir.

Hörmətlə: “Qara qız, yaman iti baxışların var ha…” dediyiniz məzun

(2005-ci ildən gələn səs) 11.07.2025