- Dil, Manşet

Şahlar GÖYTÜRK: “Bu həm qanuna, həm də dilimizin tarixən sabitləşmiş normalarına həqarətdir”

Naşir Şahbaz Xuduoğlunun kitab biznesində arzu etdiyi rentabelliliyə nail olmadığı üçün ölkəmizdə Azərbaycan ədəbi dilini türk dili (Türkiyə türkcəsi) ilə əvəz etmək təşəbbüsü (oxu: tənəzzülü – red.) cəmiyyətdə birmənalı hiddət doğurub. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov (Göytürk) məsələ ilə bağlı “kamilinfo”ya bunları deyib:

“Dövlət dili haqqında Qanuna, bu dilin tarixən sabitləşmiş normalarına həqarət etməkdir. Bu dildən imtina etmək ana laylasından məhrum olmaq, dünyada yaşayan soydaşlarımızla əlaqələri kəsmək, yadlaşmaq, manqurtlaşmaq deməkdir. Bu dil dünyanın müxtəlif ölkələrində və tarixi ərazilərimizdə yaşayan azərbaycanlıları birləşdirən yeganə və ən güclü vasitədir. Dövlət dili bizim üçün əvəzsiz milli nemətdir, ona toxunmaq olmaz.

Ziyalılarımız dilimizin saflığını qorumaq, zənginləşdirmək, inkişaf etdirmək və bu dilin uluslararası nüfuzunun artırılması haqda düşünməlidirlər. Güzgüdə ləkə varsa, onu sındırmazlar.

Şahbaz bəy fikirlərini bəlkə də emosional şəkildə ifadə edib. Kitabçılıq işində ciddi işlər görür. Amma nəzərə almalı idi ki, ədəbi dil, ələlxüsus da, dövlət dili hər xalqa, hər dövlətə nəsib olmayan dövlət atributudur. Onun yazısındakı ilk cümlə ilə qətiyyən razılaşmaq olmaz.

Problem dildə deyil, düşüncədədir. Kitab satılmırsa, bunun səbəbi dilin zəifliyində deyil, cəmiyyətin dilə və kitaba münasibətindədir. Bu gün dilin zənginləşdirilməsinə, inkişafına naşirlər daha çox töhfə verə bilərlər.

Bizm ədəbi dilimiz koyne dildir. Bu dilin formalaşması, sabitləşməsi Şirvan və Qarabağ dialektləri ilə məhdudlaşmayıb. Biz dilə sistemli şəkildə bütöv azərbaycanlıların vahid dili, ünsiyyət vasitəsi kimi baxmalıyıq. Ayrı-seçkilik yaratmaq yolverilməzdir. Bu dil bizim varlığımızdır, ondan imtina etmək bütövləşməyimiz və “kitab əhli” olacağımız anlamına gəlmir.

Əsl türk dili elə bizim dilimizdir. Tanınmış ziyalı İlbər Ortaylının təbirincə desək, “Azərbaycan dili bizim dilin gəncliyidir. Hər kəs gəncliyini sevər”.

Bu gün dilimizə Türk dili ciddi şəkildə nüfuz etməkdədir. Əlbəttə, dilimizin lüğət tərkibinin zənginləşdirilməsi baxımından leksik alınmalara və milli sözlərin çəkisini artırmağa ehtiyac vardır.

Diqqəti daha çox reklam dilinə yönəltməliyik. Bu sahədə vəziyyət olduqca acınacaqlıdır. Küçə reklamlarının 80%-dən çoxu ingiliscədir. Bu təkcə ingilis dilinin beynəlxalq nüfuzu ilə bağlı məsələ deyil, həm də milli düşüncəmizin göstəricisidir. Təəssüf ki, sahibkarlarımızın milli dil təəssübkeşliyi arzuolunan səviyyədə deyildir. Monitorinq Mərkəzi problemlərin aradan qaldırılması istiqamətdə çox ciddi işlər görməkdədir. Təsəvvür edin, Dövlət dilinə nəzarət olmasaydı, vəziyyət indikindən daha acınacaqlı olardı.

Dilimizin qorunması və inkişafı ilə bağlı çox ciddi sənədlər, qanunvericilik bazası mövcuddur. Yetər ki, vətəndaşlarımız dilimizin qədrini bilsin və bu məsələdə mənəvi məsuliyyətlərini dərk etsinlər”.