- Cəmiyyət, Manşet

Şahnaz Kamal: “Dilimizi öyrənmək istəyən əcnəbilərin sayında artım var”

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) 2021-ci ildən etibarən xaricdə yaşayan soydaşlarımızla da əlaqələr qurur, Kanada, Hollandiya, İsveç, Latviya, Macarıstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilindən istifadə, onun tədrisi və təşviqi istiqamətində imkanlarını öyrənir, prolemlərinin həllinə çalışır. Bu, FADMM-in bütün dünya azərbaycanlılarını vahid ədəbi dil, leksika, qrammatika, orfoqrafiya… ətrafında birləşdirmək səylərinin bir hissəsidir. Kamilinfo.net Dünya Azərbaycanlılarnın Həmrəylik Günü və Yeni il öncəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın ürək sözlərini dəyərəli oxucuları ilə bölüşməyi özünə borc bilir.

Sankt-Peterburq Dövlət Universitetinin doktorantı Şahnaz Kamal:

“Xalqımız çox da asan olmayan daha bir ili geridə qoyur. Postmüharibə dönəmi, pandemiyanın yaratdığı gərginlik və problemlərlə dolu bir ili. Bir neçə gün sonra yeni 2022-ci ili qarşılayacağıq. Həmişə olduğu kimi, bu yeni ilə də hər şeyin daha yaxşı olacağı ümidi ilə, böyük arzularla giririk.

Yeni ilin xalqıma, ölkəmə düşərli olmasını arzulayıram. Dövlətimizin güclü, qüdrətli, qalib olması hamımız üçün vacibdir, ancaq vətəndən uzaqda yaşayan azərbaycanlılar üçün  bunun xüsusi önəmi var. Qalib ölkənin vətəndaşına, dilinə olan münasibətin müsbətə doğru dəyişdiyini müşahidə etməkdəyəm. Bildiyiniz kimi, rusdilli şəxslərə Azərbaycan dilini tədris edirəm. Son ildə dilimizi öyrənmək istəyən əcnəbilərin sayında artım var. Bu məni çox sevindirir və qürurlandırır. Ümumiyyətlə, istər ölkə daxilində, istər ölkədən kənarda dilimizin yayılması, təbliğ olunması sahəsində atılan hər bir addım, həyata keçirilən hər bir layihə təqdirəlayiqdir.  FADMM-ın bu sahədə atdığı addımlar çox uğurludur və fəaliyyətinizi yüksək qiymətləndirirəm. Siz xaricdə, yad mühitdə  yaşayan həmvətənlərimizin də dilimizi unutmamağına dəstək olursunuz. Buna görə sizə təşəkkür edirəm. Gələn yeni ildə sizə fəaliyyətinizi daha da genişləndirməyi, çox sayda layihələr həyata keçirməyi və bütün işlərinizdə uğur qazanmağı arzu edirəm!”