- Dil, Manşet, Müsahibə

Şahnaz Kamal: Peterburqda bu sarıdan vəziyyət Bakıdan daha yaxşıdır

Bugünkü müsahibimiz Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan filoloq Şahnaz Kamaldır.

-Xoş gördük, Şahnaz xanım. Zəhmət olmasa, özünüz haqqında məlumat verin.

– Xoş gününüz olsun. Tovuz rayonunun Əhmədabad kəndində müəllim ailəsində doğulmuşam. Bakalavr və magistr təhsilimi Bakı Dövlət Universitetinin filologiya fakültəsində almışam. Fəal tələbə idim. Konfranslarda iştirak edir, elmi məqalələr yazırdım. Təqaüdlə oxuyurdum və adlı təqaüdlər alırdım. Həm bakalavrı, həm magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. Sonra ailə vəziyyətimlə əlaqədar Rusiyanın Sankt-Peterburq şəhərinə köçdüm. Peterburqa köçdükdən sonra rus dilini öyrənib Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türkologiya bölməsinin aspiranturasına qəbul olundum.

-Siz bakalavriatı və magistraturanı Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmisiniz. Sonradan elmi işinizin mövzusunda qədim türk yazılı abidələrinə müraciət etmisiniz. Sizi qədim türk abidələrində cəlb edən nə oldu?

-Doğru qeyd etdiniz,  dissertasiya işimin mövzusu qədim türk yazılı abidələrinin sintaksisi ilə bağlıdır. Orxon-Yenisey, Göytürk abidələri adlandırdığımız bu mətnlər türkün ortaq tarixi, mədəniyyəti, dilidir. Biz universitetdə birinci kursda bu mətnlərin bir qısmini oxumuşduq. Yəni, məlumatım var idi. Peterburq universitetinin şərqşünaslıq fakültəsi  dünya türkologiyasına çox ciddi töhfələr verən elm məbədidir. Burada indi də çox güclü türkoloqlar çalışmaqdadır. Viktor Qriqorieviç Quzev, Nikolay Nikolayeviç Teliçin kimi alimlərdən dərs almaq şansımı itirmək istəmədim.
 –  Çox şanslısınız ki, türkologiyanın elmi mərkəzlərindən olan, vaxtilə görkəmli türkoloq Mirzə Kazım bəyin  müəllim və dekan kimi fəaliyyət göstərdiyi universitetdə elmi tədqiqatla məşğulsunuz. Bununla yanaşı,   Sankt-Peterburqda Azərbaycan dili kursları açmaq, sonra  danışıq klubu yaratmaq (bildiyimə görə,  bu klubda iştirak ödənişsizdir), fərdi dil dərsləri demək…  Bütün bunlar fəaliyyətinizin geniş əhatə dairəsi olduğunu göstərir. Azərbaycan dilini belə intensiv tədris etmək qərarınıza nə təsir etdi?

-İlk dəfə 2014-cü ildə balacalar üçün Azərbaycan dili kursu açdım. Məqsədim Peterburqda yaşayan balaca azərbaycanlılara dilimizi öyrətmək idi. O zamana qədər olan müşahidələrim uşaqların dili bilməməsi, bilənlərin də valideynlərinin mənsub olduğu bölgənin ləhcəsində danışması  fikrimi daha da qətiləşdirdi.
O klubun üzvləri ilə birlikdə bir neçə tədbir təşkil etdik, Novruz bayramı keçirdik, səhnəciklər hazırladıq.
Elə həmin ildən etibarən Sankt-Peterbuqda yerləşən Mayakovski adına kitabxana ilə könüllü əməkdaşlığa başladım. Kitabxanada müntəzəm olaraq Azərbaycanla bağlı mühazirələr oxuyur, tədbirlər təşkil edirdim. Daha sonra bu tədbirlərin sırasına danışıq klubu da əlavə olundu. Pandemiyaya qədər klub canlı olaraq kitabxanada keçirilirdi. Sonra onlayn formata keçdi və kluba təkcə Rusiyanın şəhərlərindən deyil, dünyanın bir çox ölkələrindən qoşulmağa başladılar. Bu gün Ukraynadan, Belorusiyadan, Bolqarıstandan, İsraildən və b. ölkələrdən qoşulanlar var. Klub hər çərşənbə günü, Moskva vaxtı ilə 18:30 da başlayır və bir saat yarım davam edir. Ödənişsizdir. Məqsədim Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini yaymaq, təbliğ etməkdir. Fərdi dərslər də verirəm. Bu dərslər əsasən skayp üzərindən, onlayn olur. Çoxlu sayda balaca şagirdlərim var. Onlar dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə təhsil alsalar da, ana dillərini də öyrənirlər.

 –  Azərbaycan dilini öyrənmək istəyənlər yalnız Rusiyada yaşayan azərbaycanlılardır, yoxsa başqa millətlərin də nümayəndələri olur? Müdavimləriniz arasında uşaqlarla yanaşı gənclər, nisbətən yaşlılar da varmı?

-Həm azərbaycanlılar, həm də ruslar iştirak edirlər. Əsasən gənclər və orta nəslin nümayəndələri qoşulurlar. Yaşlılar azdır.

-Mayakovski kitabxanası ilə əməkdaşlığı necə reallaşdırırsınız? Kitabxanada Azərbaycan dilində kitablar varmı? Ümumiyyətlə, müasir rus oxucusu bizim bədii ədəbiyyata maraq göstərirmi?

-Mayakovski adına kütləvi kitabxana ilə əməkdaşlığa 2014-cü ildən başladım. Kitabxanaya gedərkən “Xarici ədəbiyyat” bölümündə ən “kasıb” bölümün bizimki olduğunu gördüm. 2-3 kitab vardı. Bölüm müdirinə yaxınlaşıb onlara kitab bağışlamaq istədiyimi dedim. Məmnuniyyətlə razı oldular. İrina Sergeyevna mənə kitabxana ilə əməkdaşlıq etməyi təklif etdi. Bu bir könüllü işi idi və qarşılığında heç bir ödəniş olmayacağını bildirdi. Dərhal razılaşdım. Qazancım dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği olacaqdı. Bundan böyük qazanc?! Beləliklə, əməkdaşlığa başladıq. 2015-ci ildə bir həftə davam edən “Azərbaycan kinosu həftəsi” oldu. Tədbir çərçivəsində 7 film nümayiş etdirdim. Filmlər azərbaycanca, rusca alt yazı ilə nümayiş olunurdu. Kitabxanada hər ay Azərbaycanla bağlı mühazirələr, tədbirlər təşkil edir, müxtəlif festifallar çərçivəsində çıxış edirdim. Bu da oxucuların marağına, sayının artmasına gətirib çıxarırdı. Bu ilin əvvəlində mənə gözəl bir xəbər verdilə r – Azərbaycandan 56 kitab sifariş etmişdilər! Kitabların arasında bədii ədəbiyyat çoxluq təşkil etsə də, bir neçə elmi kitab da vardı. Martın 12-si sərgi təşkil olundu və kitablar nümayiş etdirildi.

Bu il kitabxana ilə bağlı daha bir uğurumuz da oldu. İllərdir  təşkil olunan “Oxuyan Peterburq.  Ən yaxşı xarici müəllifi seçək” müsabiqəsinə Azərbaycan da qoşuldu. Müsabiqədə hər ölkədən əsəri rus dilinə çevrilmiş və çevrilməmiş bir yazıçı təqdim olunur. Əsəri ruscaya tərcümə olunmuş müəllif kimi Elçin Hüseyinbəylini və onun “On üçüncü həvari və 141-ci Don Juan” romanını, əsəri ruscaya çevrilməmiş yazıçı kimi Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını təqdim etmişəm. Müsabiqə gələn ilin fevralında yekunlaşacaq.

-Doğrudan da, çox sevindirici xəbərdir. Dilimiz, ədəbiyyatımız üçün təqdirəlayiq işlər görürsünüz. Bir qədər də bədii yaradıcılıq fəaliyyətiniz haqqında məlumat verin. Bildiyimə görə, bir neçə kitabınız nəşr olunub. Bunların içində həm hekayə, həm nağıl, həm də Azərbaycan dili dərsliyi olduğundan xəbərim var. Oxucularınız kimlərdir? Bu kitablar Azərbaycanda yayımlanırmı?

– Bəli, “Güldar” adlı hekayələr və “Xallı” nağıllar kitabım Bakıda nəşr olunub. Saytlarda, qəzet və jurnallarda da onlarla hekayələrim, nağıllarım, publisistik və araşdırma məqalələrim dərc olunub. Sizin də qeyd etdiyiniz Azərbaycan dili dərsliyini isə Gülşən xanım Həbibova ilə birlikdə Peterburqda çap etdirdik.

Çox təəssüf ki, Rusiyada Azərbaycan dili ilə bağlı kitablar  çox azdır. Uşaqlara aid kitab isə ümumiyyətlə yox idi. İllərdir  balacalara dilimizi öyrədərkən müəyyən təcrübə toplamışdım və bu kitab da o təcrübənin məhsuludur. Peterburqda 2018-ci ildə Respublikamızın 100 illiyi ilə bağlı çox gözəl bir kitab da nəşr etdirə bilmişdim. Bu kitab elmi məqalələr toplusudur.

-Bildiyimə görə, yayda Azərbaycana gəlmisiniz, tez-tezmi gələ bilirsiniz Vətənə?

Hər yay gəlirəm. Bəzən Novruz bayramında, ya da digər aylarda  konfranslara gəlmək imkanı da olur. Təbii ki, daha tez-tez gəlmək istəyərdim, amma, təəssüf ki,  Bakıya uçmaq heç də ucuz başa gəlmir.

-Keçən il statuslarınızdan birində yazmısınız ki: ” Həmişə özümü bir az da Qarabağlı hesab etmişəm, Qarabağlı hiss etmişəm. Hələ ki, Qarabağda olmamışam, ancaq olacağıma heç bir şübhəm yoxdur”. Nəhayət ki, illərin həsrətinə son qoyuldu, Qarabağın incisi  öz əzəli sahiblərinə qovuşdu və Siz Şuşa ziyarətində oldunuz. Təəssüratlarınız?

-Uşaq olanda reinkarnasiyaya inanırdım. Mənə elə gəlirdi, öncəki həyatımda Qarabağlı olmuşam. Qarabağı heç vaxt görməmişdim. Ancaq doğrudan da özümü həm də Qarabağlı hesab edirdim. Ruhumla bağlıyam oralara.
Qarabağ işğalda olan dönəmdə torpaqlarımıza yenidən dönəcəyimizə inamım azalmamışdı. İnanırdım, inanırdım ki, Şuşaya gedəcəyəm, orada evim olacaq. Keçən ilin avqustunda Şuşada tikdirəcəyim ev üçün pul yığmağa da başladım. Düzdür, o zaman bəzilərinə bu arzu gerçəkləşməz görünürdü, ancaq mən Şuşamızın qaytarılacağına inanırdım.
Bu arzudan düz bir il sonra, bu ilin avqust ayında Şuşaya getdim. Ömrümün ən gözəl, ən xoşbəxt günlərindən birini yaşadım. Bu xoşbəxtliyi yaşamağı mənə, bizə nəsib edən bütün şəhidlərimizin əziz xatirəsini sayğı ilə anır, qazilərimizə can sağlığı arzulayıram. Qanları, canları ilə başımızı uca etdilər, bükük qəddimizi açdılar.
Şuşaya Diaspor komitəsinin xətti ilə getmişdim. Çox sağ olsunlar, çox gözəl səfər təşkil etmişdilər.
Şuşada cəmi bir neçə saat ola bildik. Cıdır düzünə, Natəvan bulağına, Gövhər Ağa məscidinə getdik, Şuşanın çörəyindən dadıb suyundan içdik.
İşğalı dönəmində Şuşanı yuxularımda görürdüm. Nə qədər qəribə olsa da, yuxularımda gördüyüm o yerlərin gerçək olduğunu gördüm.
Səmimi etiraf edirəm, indi Şuşa üçün darıxıram.

-Şuşanın, Qarabağın qaytarılacağına bütün xalq inanırdı və dövlətimiz, ordumuz bu inamı gerçəkləşdirdi. İnşallah, Şuşada yaşamaq arzunuz da bir gün gerçəkləşər.Qayıdaq Bakıya. Bakı Sizin üçün nə deməkdir? Doğulub böyüdüyünüz Tovuz qədər, sevdiyiniz Şuşa qədər dəyərlidirmi? Paytaxtda olarkən hansı hissləri keçirirsiniz? 

-Ölkəmin hər bir bölgəsi mənim üçün dəyərlidir. Bakı isə, haradasa Azərbaycanın simvolu kimidir. Bakı mənim gəncliyimi, tələbəliyimi keçirdiyim şəhərdir. Küçələrində ən dərin hisslərimi yaşadığım məkandır. Məncə, Bakı bütün azərbaycanlılar üçün özəl bir şəhərdir.

-İllərdir ki, ziyalılarımız Bakının yad dil görkəminin təmizlənməsi, şəhərimizin küçələrində, reklam və müəssisə adlarında yalnız ana dilimizdən istifadə olunması uğrunda mübarizə aparırlar. İl yarımdır ki, FADMM ictimai qurumu çox ciddi və ardıcıl şəkildə bu mübarizənin önündə gedir. Şəhərin kafe, restoran, alış-veriş mərkəzlərinin adları haqqında fikirləriniz.

-Bunu mən də müşahidə edirəm və təbii ki, xoşagələn hal deyil.Bakıya gedəndə mikrorayonlardan birində qalıram. Evimizin yaxınlığında geyim mağazası var. Nə adı, nə içərisindəki bölmələrin adı azərbaycanca deyil. İradımı bildirdim, dedilər, mağazanın sahibinin istəyidir və razılaşdırılıb. Bu yerdə məsuliyyət mağaza və məkan sahiblərindən daha çox buna icazə verən məmurlara düşür.

Düşünürəm, bəzi məqamlarda məkanlara xarici adlar vermək olar. Məsələn, çox məşhur hotellər şəbəkəsi var ki, dünyanın hər yerindəki hotelləri məhz belə adlanır. Onların adını dəyişmək doğru olmazdı.

-Bəs yaşadığınız şəhərdə vəziyyət necədir? Rusdilli yazılara üstünlük verilirmi?

Gördüyüm qədəri ilə, Peterburqda bu sarıdan vəziyyət Bakıdan daha yaxşıdır. Məkan adları daha çox rus dilindədir. Bəzən olur, hər iki dildə yazılır. Turist axını olan böyük  şəhərlər üçün haradasa spesifik, normal qəbul olunan bir addımdır.

-Son günlərdə təhsil eksperti Kamran Əsədov Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması haqqında fikir irəli sürüb və bu mövqe sosial şəbəkələrdə qızğın müzakirə və mübahisə obyektinə çevrilib. Rus dilini öyrənmək vacibdir və mən bunu hər kəsə tövsiyə edərdim. Amma son illərdə Bakıda rus bölmələrinin belə  artması lazımdırmı? Rusiyada yaşayan biri kimi Sizin də fikirləriniz   maraqlı olardı.

-Fikrimcə, dövlət məktəblərində, dövlət büdcəsindən maliyyələşdirilən istənilən tədris və təhsil mərkəzində təhsil dövlət dilində aparılmalıdır. İkinci bir dildə, bunun hansı dil olmasından aslı olmayaraq, təhsil vermək doğru deyil. Övladlarına rus, ingilis və başqa dillərdə təhsil vermək istəyən valideyinlər isə özəl məktəblərə müraciət edə bilərlər.

-Özünüzün vermək istədiyi başqa bir sual varmı? Ya hansısa başqa bir problemə toxunmaq istərdinizmi?

Müsahibəyə və hazırladığınız maraqlı suallara görə sizə təşəkkür edirəm. Problemlər çoxdur və bu da haradasa normaldır. Zaman-zaman həm dövlət, həm də fərd olaraq problemlərimizi çözə biləcəyimizə ümid edirəm. Yarımçıq qalan işləri də yekunlaşdırıb qələbəmizi tam edəcəyimizə inanıram. Sabaha inamla, ümidlə baxaq. Ruhdan düşməyək və qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün səbrlə, sistemli olaraq çalışaq.

-Çox sağ olun, Şahnaz xanım. Həm gördüyünüz işlər, həm də müsahibə üçün təşəkkür edirəm. İnanıram ki, oxucularımız üçün də maraqlı olacaq.

Bahar AĞAYEVA