- Dil

Şair Füzuli ilə paytaxtın Füzuli küçəsində

Sima CƏFƏROVA

Nədənsə son vaxtlar yuxularımın çin olmasından qırxuram, yox bəlkə də vahimələnirəm. Vahimələndiyimə görə də yuxu yozumlarına tez-tez müraciət edirəm: “Biz gördüyümüz yuxunun mənası, yozulması kimi mürəkkəb bir mətləblə rastlaşırıq. Bu elə bir məsələdir ki, insanı daim düşündürür,gah narahat edir, gah da sevindirir. Bir sözlə hamı çalışır ki, öz yuxusunu mənalandırsın.” Amma çox təəsüf ki, bu fikir də əsrarəngiz dünyanı fəth etməyə hələ gücümüz çatmadığını təsdiq edir. Onda qərara aldım ki, yuxuma elə yuxuma gəlib barmaqlarını gözlərimə tuşlayan, qarşıma üstünə “FÜZULİ küçəsi” yazılan lövhəni atan Mövlananın özü ilə aydınlıq gətirim. Yox,yox, gülməyin! Mövlananın özü deyirəm. Hər gecə qəzəb donu geyinib yuxuma gələn, “Şəbi hicran, yanar canım” müəllifini deyirəm. İnanın ki, mən onun necə yandığını belə görürəm.

Bəli, axı mən yuxuya aydınlıq gətirməkdən danışırdım. Bir möminin məsləhəti ilə ziyarətinə getdim. Kərbəlaya yox, yollar bağlıdır, adını daşıyan küçədə heykəlini  ziyarət etdim o böyük mütəfəkkirin. Elə bil gözləri küçə boyu uzaqlara zillənmişdi.  “Arifə bir işarə” deyiblər. Mən də özümü bir arif sayaraq küçə boyu ətafıma diqqət edə-edə getdim. Qeyri-adi nə var ki, bu küçədə!? Adi Bakı küçələrindən biridir. Şübhə  ilə baxırsınız? Böyük Sabir demiş:
Niyə bəs böylə bərəldirsən, a qəre, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?….

Amma elə mənə də “Bakı küçəsi” demək bir az qəribə gəldi. Adamdan soruşarlar:
— Nədən bilirsən bura Bakı küçəsidir?
Bir az hazırcavab olsam, yəqin deyərəm ki, Böyük Azərbaycan şairi Füzulinin adını daşıyır. Qarşıdakı da avam olmazmış, o saat: “Ora da Nobelin adını daşıyır alman küçəsidir? – deyərmiş. Yaxşı yox, pis yerdə axşamladım. Elə bil yuxu görürdüm, Məhəmməd Füzulinin  əzici, qəmli baxışları qarşımı kəsmişdi. Mən getdikcə o da gedirdi. Ağır-ağır, dərdli-dərdli.

“Dərd əlindən dağa çıxdım, dedilər bəxtəvər yaylağa çıxdı.” – pıçıltı eşidirdim.

Küçədə rənglərin gözəlliyi, ahəngi, harmoniyası adama xoş gəlirdi. Deyəsən,  Füzuli məftunluğumu duydu. Yenə baxışlar sərtləşdi, xəlqi əfğanı ilə oyadan, qara bəxti oyanmayan Füzuli indi mənimi oyatmaq istəyirdi, yoxsa başqa bir hədəfi də vardımı? Lövhələri oxumaq istədim. Anlamadığım dillərdə yazılar Füzulınin qəmli düşüncələrini elə bil vərəq-vərəq qarşımda açdı. Hər şey bəlli oldu: bu sözlər nə əruza yatır, nə hecada hecalanır. Şair yazıq ağlamasın, neyləsin. Füzuliyə yazıq deməyim sizə qəribə gəlir? O, zamanında yazıq olmadı, bu gün şerlərinin səsləndiyi dil Bakının mərkəzində, həm də onun adını daşıyan küçədə işğala məruz qalanda YAZIQ oldu. Ticarət, iaşə və məişət obyektlərinin adını oxuya-oxuya irəliləyirəm. 54 obyektin fotosunu əldə edirəm. Yəni bir mağazanın adı ana dilimizdə ola bilməzdi? Xarici dildə yazılmış brend adları,mağaza adlarının bəziləri Azərbaycan dilində  yazılanlardan uğurlu alınıb orfoqrafık cəhətdən düz yazılıb:
“Rijaal RAR…”, “THE TALL by Emiland RESTAURANT”, “Başkent”, “myphone baku”, “Lufthanza “CİTY CENTER”, “ManiDoro By Səxavət”, MANİ DORO”, “İNFİNİTECH”, “EMİLAND”, “QAMEX.AZ YOUR PARTNER İN THE SKİES”, “ELCH HOLTZ”,”PRAGRANCE from EUROPE” “ALKO HALL”, “LEO PRİVAH CİNEMA”, “DİAMOND HOSTEL (qarşısından zibil sallanır)”,“STİ Travel”, ”HOMXME”, “24/7 EXCHANGE ATM CASH İN”, “mahal LOUNGE”. “Friends by C&N boutique”. “EMMİ POERFUMERY & COSMETİC” , “MEDİCAL CİTY”, “KİDS Boutque”, “(M) Telecom. unix computers”, “Fast Lunch cafe”, “Fuzuli residence”, “myphone apple. azerbaijan.user”, WEST TELECOM compdoktor” və s.

Amma əsas məsələ düz yazılmağinda deyil, “Azərbaycan Respublikasında dövlət  dili haqqında” AR Qanuna (maddə 7.1) tam şəkildə əməl edilməməsində, yəni Azərbaycan dilinə obyekt adlarında, nəinki Qanunun tələbinə uyğun, hətta vicdana uyğun da olsa yer verilməməsidir Həmin bəlanın davamı olaraq hətta yarısı xarici dillərdə, yarısı Azərbaycan dilində yazılan adların da lövhələrdə yazilmasına göz yumulmuşdur.

“MOBİL(e) MALL AkSESSUARLAR”, “VEF AkSESSUARLAR”, “Mən tostçuyam ya siz?   Tostçu gökan ABJ”, “BOUTİQUYE by TARANA”,  “SENSER alt geyimləri RAM İstanbul”, “NEWSTYLE kişi salonu BARBER”.  Vəziyyəti belə görən şair yenə məndən üz çevirdi:

Deyildim bu işə mail, dedilər şairə qıl rövşən,
Dedim Anara, bilməm, inanarmı, inanmazmı?!

Məni xəcalət təri basdı…
Bu qarmaqarışıqlıqdan uzaqlaşmaq istərkən orfoqrafik qayda pozuntuları diqqətimi cəlb edir. Azərbaycan dilində cümlə başlanğıcı və xüsusi adlar böyük hərflə yazılır. Ümnumiyyətlə böyük hərflərin işlənməsinə aid qaydalarda cümlədə bütün sözlərin baş hərfinin böyük yazılmasına yol verən bir əlamət yoxdur, hələ tərkibdə “və” bağlayıcısının böyük hərflə yazılmasını, bir sözün bir mağaza lövhəsində üç cür yazılmasını demirəm.  Amma Bakı küçələrində var!

“TÜRK DÖNƏRİ MANQALDA Birlikdə Daha Dadlıdır”,”Mobil Telefon Və Aksesuarların Topdan və Pərakəndə Satışı”, “yerusəlim 18 Qırmızı İplər Və Şamlar”, “Kompüterlərə Proqramların Yazılması Kompüterlərin farmatı Antivirus Və Ofis proqramları”, “Optik Və Gün Eynəklərinə 50 % Endirim.”,”5 mərtəbə Çay Evi” və s. Hələ 1001 XIRDAVAT” ın qarşısına vurulmuş lövhədəki “HƏDİYƏLİK BOŞ KAROPKALAR, SÜVENİRLƏR HƏDİYYƏLƏR, TOY XONÇA BƏZƏK LƏVAZIMATLAR, İQRUŞKALAR OYUNCAKLAR,ROLİK  SAMAKAT SKEYT, İDMN MALLAR, MİLİ SUVENİRLƏR HƏDİYYƏLƏR,  ELETRO TAVAR ELEKTRİK MALLARI, STOL ÜSTÜ KLYONKALAR MƏNZƏRƏLƏR, KARTİNALAR, TOVLKA BAMBUQ, BJUERİYA MALAR, TƏSARRUFAT MALLARI, Mİ MUNCUQ BİSER -YNƏ DÜYMƏ, KANVA LENT KURAJAVALAR, QAB QACAQ DİPCƏKLƏR” sözləri hansı dildədir, hansı orfoqrafik qanunauyğunluğu təmsil edir? (Daha ətraflı görmək istəyənlər aşağıdakı fotoları seyr edə bilərlər). Belə vəziyyətlə üz-üzə gələndə ürəyim sıxılmasın, neyləsin?! Böyük məhəbbət şairi M.Füzuli ilə Bakının Füzulı kücəsinə (Füzuli küçəsi deməyə adamın ağzı ağrıyır, yəni adlanan əraziyə)  səyahətim ürək ağrısı ilə başa çatdı. Amma tələbəlik illərinin xatirələri yapışdi yaxamdan. 1960-cı illərdə bu küçə başdan-başa xırda mağazaların yerləşdiyi məkan idi. Nə almağa çıxsan bu küçəyə gəlmək bəs edirdi. Bax o saraya çatmamış bir mağaza var idi.”KOMİSYON mağazası” Təkcə onun adında rusca söz vardı. Onda bura Basin küçəsi idi. İndi Füzuli küçəsində azərbaycanca söz tapmaq müşkül olub. Sovetlər dönəmində bütün idarə işlərini rusca aparan Bakı XDS icraiyyə komitəsi şəhəri azərbaycanca saxlamağı bacarmışdı.   Bəs indi? “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununun tələbindən irəli gələn vəzifələri yerinə yetirməli olan

BŞİH  nə fikirləşir?

Yenə də qoyub getdiyi irsdən nigaran Mövlana:
Füzuli rindü şeydadır, bu, Bakı İcra Hakimiyyətinə risvadır,
Sorun kim, bu nə küçədir, bu küçədən uTanmazmı?

Amma mən şairdən utandım.