- Ədəbiyyat

Şairlər vətənin azadliq heykəlləridir

Vaqif  OSMANOV

(“Adam Mitskeviçin xatirəsinə on nəğmə”nin notları üstündə düşüncələr)

Yaradıcılıq prosesində mövzuya yanaşma, hadisələrin sevincli və ağrılı yerlərində paralellər axtarmaq sözün “sarı sim”inə toxunub şirinli-acılı duyğuları ehtizaza gətirmək Vətən, azadlıq sevgili şairlərin həssas ürəyinin ehtiyacıdır. “Yandırılan, yaxud yad bayraqlar asılan şəhərlər, yadların  tariximizi yad dildə yazmaları” bizə babalarımızdan qalan ən utancverici miraslardandır.

Şair Rəfail Tağızadənin “Adam Mitskevin xatirəsinə on nəğmə” poemasında şairin özü kimi mən də oxşar taleli insanlar və şəhərlər tapdım – Adam Mitskeviç və Əhməd Cavad, Hüseyn Cavid, Hadi, Almas Yıldırım, Xəil Rza Ulutürk. Varşava və Ağdam, Şuşa, Xankəndi və s. Rəfail müəllimin “bir dərd var ürəyində, Mitskeviçin misraları kimi , ağır”. Bir fərq ondadır ki, “azadlıq şairi, azadlıq aşiqi Mitskeviçlərin vətəni və şəhəri çoxdan azad olunub. Qarabağ və Vətənimizin digər guşələrinin gözləri hələ də azadlıq şairlərinin və aşiqlərinin yolunda qalıb. Bizim Vətənin azadlıq şairləri və azadlıq aşiqləri Polşadakılardan çoxdur. Məmməd İsmayıl “Ağacdələn, döy qapımı” şeirinə epiqrafında yazır: “Gözümdə döyüşlərdən acı yadigar kimi Avropanın çöllərində yetim qalan evlər canlandı, bir də ağacdələnlərin döydüyü qapılar…” Ustad, Avropadakı o evlərdə çoxdan işıqlar yanır, sahiblərinə isti sığınacaq olublar. Qarabağda isə ağacdələnlər qapıları döyməkdən yorulublar. Çürümüş qapılarda qurd da qalmayıb. Ancaq şəhidlərin, dünyasını yurd həsrətiylə dəyişənlərin ruhu o yerləri tərk etməyəcək. Bəs kimi və nəyi gözləyirik?

Dövrümüzün ünlü filosoflarından Safruh deyir ki, verilmiş azadlıq əldə edilmiş azadlığın dadını verə bilməz. Bir də Safruh əmindir ki, “azadlıq, ya ölüm!” şüarını bayraq edən xalqa ölüm yoxdur”. Təkrar hamıdan, özümdən də soruşuram: biz kimi və nəyi gözləyirik?..

Şairlər Vətənin Azadlıq heykəlləridir.Yandırılmış, viranəyə çevrilmiş, düşmənin “Yallı” oynadığı şəhərlər azad olunduqdan sonra yenidən orada doğulacaqlar. İnanıram ki, “bəs ölmüş torpağı harda basdıraq? haraylı, poçtxanada payız düşüncələri ilə doğma yerlərə salam göndərməyin yollarını arayan Şahmar Əkbərzadə də Ağdam azad olunan kimi, orada yenidən doğulacaq. Özü də tezliklə!..

“Ən zəif cəhətimiz odur ki, müzakirə etməyi daha çox sevirik, nəinki iş görməyi” (Cəvahirləl Nehru). Bunu Qərbdən Qarabağın “xilas”ı üçün gələn, kababı xoşlayan siyasət dəllallarından lap incəliyinə qədər öyrəndik, ATƏT-dən, AŞ-dan. Əslində əvvəldən buna meylli idik. Bizim ürəyimizdəki “Adam Mitskeviçin misralarından da ağır dərdlər”imizin çarəsi özümüzdədir. “Yaddan yad iyi gələr” deyib babalarımız.

Rəfail müəllim nədən, kimdən, haradan yazırsa mütləq o yerlərə – mənəvi və cismani ruhumuzun Qarabağına səyahət edir:

Mənim doğulduğum yerlər
Düşmən əsarətində,
Yağı caynağındadı.
Vətən həsrəti mənim
Gözlərimin qarasında, ağındadı.
Gözlərimə baxıb aldanmayın,
gözlərimin yaşı acı.
Ürəyimə toxunmayın,
Ürəyimin başı acı.
Ağrılardan yoğrulub
Qarabağ bayatısı…

Rəfail müəllimin milli kimliyi, ruhu, torpaq təəssübkeşliyi, vətənsevərliyi onun misralarından, söhbətlərindən, hətta ürəyinin döyüntüsündən, təbiətə övlad qayğısından bilinir:

Bizim bayatılar yarpız qoxuyur.
Bizim bayatıları ağbirçək analar
Şəhid məzarlarında dua kimi oxuyur.

Yarpız qoxulu bayatılar, dua kimi oxunan bayatılar. Necə də ilahi hisslər, bənzətmələrdi…

Əsl Söz Adamı olmaq bir taledi, həm də həmişə üzə gülməyən, alın yazısı qara tale. Haqq sözü deyənlərin dərisini soyurlar, dar ağacından asırlar, məzarsız qoyurlar, şaxtada dondururlar, çərlədirlər, çürüdürlər. Onların bir “böyük və bağışlanılmaz günahı” var – Azadlıq aşiqidirlər. Vətən, millət, xalq sevgili Rəfail müəllimin Polşa, “Polşa fədaisi, Azadlıq şairi, Türk dostu, polyak xalqının Azadlıq mübarizəsinin simvolu”  Adam Mitskeviçə dəyərinin, sevgisinin məncə iki ümdə səbəbi var: Azadlıq, və Türkün dostu. Rəfail müəllim ədəbi yazılarının birində vurğulayır ki, polyaklar irticaya qarşı ən aktiv mücadilə aparan xalqlardandır. Qarabağ qazisi, ömrünün çox hissəsini Vətənin istiqlalı, bütövlüyü uğrunda mübarizədə keçən vətənsevər insan üçün Adam Mitskeviç ona görə doğmadır ki, onlar eyni talenin, eyni missiyanın daşıyıcılarıdır. Aradakı 200 ilə yaxın zaman fərqi burada böyük önəm daşımır. Mübarizə, mücadilə həmişə olacaqdır, Vətən, xalq azadlığa qovuşana qədər.

Adam Mitskeviçlərin – “yaşıl orman içində tənha küknar ağacı kimi vüqarlı şairin”:

Kəndiri yellənən dar ağacı
abidətək ucalır
şair məzarlarında.
Özü dar ağacında  çırpınır,
şöhrəti quş kimi havada uçur…
Şair heykəlləri “bir ağ ümid şöləsidir”:
Hər şairin ömründə
Bir kənd, bir şəhər,
Bir cənnət misallı
bir məmləkət var.
Hər şairin ürəyində
Bir yaralı sevda,
Bir dəli həsrət var.

Adam Mitskeviç Krımı “kiçik Şərq” adlandırırdı. Yenə oxşar tale, yenə paralel: Qarabağ və Krım. “Xarabalıq içində itən Krım şöhrəti”. Rəfail müəllim “Polşa fədaisi, Azadlıq şairi, Türk dostu”  yazısında (“525-ci qəzet” 26 iyun 2012) çox maraqlı məqamı qeyd edir: “1855-ci ildə İstambulu xolera bürümüşdü. Xoleralı xəstələrə baş çəkərkən şairin vəziyyəti 10 gün müddətində pisləşir. O, xəstəliyinin xolera olduğunu və bu xəstəlikdən qurtuluş olmadığını bilir. Eyni ideya uğrunda Türkiyəyə gələn, şairin yanından ayrılmayan vəfalı yoldaşı və  Türk ordusunda xidmətləri olan polşalı İsgəndər Paşaya  öləcəyini bilə-bilə söylədiyi son sözlər belə olur: “İstambulda öləcəyimi bilsəydim, yenə bura gələrdim. Çünki bu mənim vəzifəmdi. Mən Fransada bir elm Akademiyasının ümumi katibi olmaqdansa, bir Türk taborunun mirzəsi olmağı üstün tuturam”.

A.Mitskeviçin böyük və səmimi Türk sevgisinin təməlində nə dayanırdı? Bunu P.Tağızadəyə istinad edərək belə izah etmək olar: “İstambulda Adam Mitskeviç Muzeyi yerləşən binanın üzərindəki xatirə lövhəsində şairin bu fikri qeyd olunub: “Polşanın qonşu düşmənlər tərəfindən əzilməsinə heç bir dövlətin səs çıxarmadığı günlərdə tək dostumuz Türklər olmuşdur. Bu ölkənin parçalanmasına tək etiraz səsi Türklərdən gəlmişdir. Tarix Türk xalqının cəsarəti, insanlığı və məzlumlara qarşı sinə gərən hadisələri ilə doludur. Biz Türkləri düşmənimizin qarşısında əyilmədiyi və Polşanın işğalını qəbul etmədiyi üçün üstün bir millət olaraq sevirik”.

1830-1831-ci il üsyanından sonra Qafqaza sürgün edilmiş polyaklar Azərbaycan Türkcəsini, mədəniyyətini öyrənməklə bərabər, burada çarizm əleyhinə mübarizədə fəal iştirak etmişlər. Bu Azadlığa sevginin irticaya nifrətin bariz göstəricisidir. Rəfail Tağızadə Adam Mitskeviçin həyat və yaradıcılığını araşdıranda  daha bir ibrətamiz tarixi hadisəyə diqqəti yönəldərək yazır ki, Varşavanı gözəlləşdirən Adam Mitskeviçin heykəlinin tarixçəsi də maraqlıdır. 1897-ci ildə ikinci Nikolay Varşavaya gələndə Adam Mitskeviçin 100 illiyi şərəfinə abidəsinin qoyulmasına icazə verir, amma bir şərtlə, Paskreviçin (Polşa üsyanını yatırdığına görə “Varşavanın şöhrətli knyazı” tituluna layiq görülən) heykəlindən bir baş kiçik olsun.Polyaklar buna razı olur. Amma heykəl ucaldılanda layihədəki şərtlər gözlənilsə də, sonda postamentə bir neçə pillə əlavə olunur, və heykəl Paskeviçin abidəsindən bir baş uca olduğu hiss olunur. İstər-istəməz Bakıda N.Nərimanovun abidəsinin başına gətirilən olayları xatırladım…

Rəfail müəllim təkcə Adam Mitskeviç yox, həm də məşhur bəstəkar, “Polşanın Motsartı” Fredrik Şopen haqqında da poema yazmışdır. Mitskeviç və Şopen Polşanın kimliyinin təsdiqi, milli pasportudur. “Eyni taleyi yaşamış iki böyük şəxsiyyəti Polşada hamı sevir. Elə Polşadan kənarda da adları əbədiləşdirilənlər elə bu iki dahi insanlardır”. Rəfail müəllim də “hələ Polşanı görmədənsevməyinin” səbəbi budur: “Adam Mitskeviçin şeirləri və Şopenin sehirli musiqisi”.

Adam Mitskeviç “Krım sonetləri”ndə böyük Türkün tarixinin, taleyinin reallıqlarını eşitdiyi, haradansa oxuduğu kimi yox, gördüyü kimi əks etdirir:

…Bu qala yenilməzlik nişanıydı ölkənin…
Xarabalıq içində Krım şöhrəti itər.
Başımızın üstündə ucalır kəllə kimi,
Sakini ya ilandı, ya gəlmə ondan betər…

Əslində Azadlıq, irticaya qarşı mücadilə bəşəri duyğulardır. Belə hisslər insanlığa insanlığa sevgi üzərində bərqərar olur. Adam Mitskeviçin “Krım sonetləri” (tərcümə edəni Sabir Rüstəmxanlı) də bəşəri hisslərdən yapanmışdır. Şərq motivləri iə zəngin olan “Krım sonetləri”i qəribçilik, Vətən həsrəti ilə qələmə alınmışdır. Vətənə, doğma torpağa məhəbbət, istibdada, işğala qarşı nifrət, mübarizə sonetlərin əsas qayəsidir. Yaradıgılğı bu günümüzlə səsləşən, taleyi taleyimizlə oxşar olanların Türkün kimi başı qalda olub.  Bunu Rəfail müəllimin həssas qəlbinin pıçıltılarından duyuruq:

Sənin “kiçik Şərqində
Yenə həmin zamandı,
Yenə aləm qarışıb,
Yenə hallar yamandı.

Düzənində çiçək yox,
Qönçə qorxur açmağa,
Durnalar uçub gedib,
Göydə quş yox uçmağa…

“Hər sevginin sonunda bir sevgi var, ümid var”, əziz dostum, “ürəkdən edilənlər, heç vaxt getməyir hədər, tarix tez-tez dəyişsə də, sonda yazılan qalır”:

Hər şeyin bünövrəsin
Qazan var, qazdıran var.
Hər millətin tarixin
Yazan var, yazdıran var.

Yazaq, yaradaq, tarix yaradaq, tarixi yazan olaq, yazdıran yox. Yazanı qoca tarix unutmur, yazdıranı səhifələrindən silib atır.

Azadlıq şairləri-azadlıq aşiqləri “uca zirvədə dayanıb Vətənə baxır” Şair ömrünün özünəməxsusluğunu “öləndə qoynunda qoy ölüm ki, mən, çürüyüm bir ovuc torpağın artsın əqidəli Musa Yaqub çox mənalı görür:

Dünyadan bir ömür qoparıb o da,
Kömülər torpağa günün birində.
Yaratdıqlarında yaşayırsa da,
Ölür yaranmamış nəğmələrində.

Polyakların mənəvi aləmindən insana, insanlığa sayğısından, milli qürurundan, qədirbilənliyindən Rəfail müəllim həmişə böyük şövqlə, hörmətlə danışır: Polyaklar “haralısan?” demir, “mən polyakam” deyir. Polyaklar heç nəyi unutmurlar, onu sevəni də, onu sevgidən məhrum etmək istəyəni də. Prezidenti, nazri, sıravi vətəndaşı bir-birindən ancaq təqdimat və çıxışlarında seçilən bu ölkədə hamı birinci növbədə Polşa vətəndaşıdır”. Sıravi vətəndaşla prezident eyni hovuzda dincələ bilər. Orada nazir ilə meşəbəyini fərqləndirməzlər. Çünki meşəbəyi Vətənin təbiətini qoruyur. Kaş…

Özünüz deyirsiniz, “deməklə, ümidlə Azadlıq olmur”, Rəfail müəllim. “Yaralı Azadlığı” “üstündə Torpaq dərdi olanlar” – Vətən oğulları sağaltmalıdır.

Dünya elmində Azərbaycanın ləyaqətli təmsilçisi professor Rafiq Əliyevin təfəkküründən bəhrələnərək desək, həyatın sonuna iki dəqiqə qalıb. İki dəqiqə bizə özümüzü redaktə etmək üçün verilən son möhlətdir. Bu iki dəqiqə müddətində  anlamalıyıq ki, “torpaq da bizdən bezib Vətən olmaq istəməsə” (Rüstəm Behrudi), artıq dünyanın axırıdır…

Bizim yazmaq, yaratmaq, yaşamaq, yaşatmaq missiyamız var, əziz dostum. Bizi bütün “arzularımızın anası Qarabağ” (Bəhram Nəsibov) gözləyir…

İyul  2020.