Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının kiçik zalında opera müğənnisi, Azərbaycanın Əməkdar artisti Elnarə Məmmədovanın yubiley vokal gecəsi keçirilib.
Konsert iki hissədən ibarət olub. Gecə proqramına digər müəlliflərin əsərləri ilə yanaşı Azərbaycan bəstəkarları Fərhad Bədəlbəyli, Arif Məlikov və Qara Qarayevin əsərləri daxil olub.
Royalda Mariinski Teatrının konsertmeysteri Yelena Samarina, Elnarə Məmmədovanın duetdəki həmkarları isə Mariinski Teatrının solisti, Tatarıstanın qızıl səsi Yaramir Nizamutdinov və Azərbaycanda sevilən mezzo-soprano Yana Melikayeva olub.
Elnarə Məmmədova tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb.
“Mənim təəssüratlarım unudulmazdır! Məni heyrətamiz şəkildə qarşıladılar. Sankt-Peterburqda tamaşaçılar çox ciddidir – Rusiyanın mədəniyyət paytaxtı olması təsadüfi deyil. Mən belə əks-səda gözləmirdim – çıxışdan sonra tamaşaçılar yanıma gələrək konsertə görə təşəkkür edirdilər. Biletlər satılmışdı və bizdə anşlaq alındı. Repertuar çox fərqli idi. Rusiyalı həmkarlar ilə gözəl əməkdaşlıq vardı. Biz Yana Melikaeva ilə çoxdan tanışıq, Yaramir Nizamutdinovla isə bu yaxınlarda tanış olduq. Onlar gözəl sənətkarlardır, onlarla əməkdaşlıq etdiyimə görə şad oldum”, – deyə vokalçı vurğulayıb.