Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı rejissor, ssenarist Rauf İbrahimzadənin “Özümü axtarıram” tammetrajlı filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “White Film Production” studiyasında Azərbaycan dilində çəkilən film rus dilində altyazısı ilə təqdim olunub. Bu, Rauf İbrahimzadənin Azərbaycan dilində çəkdiyi ikinci tammetrajlı filmdir.
“Özümü axtarıram” filmi tamaşaçıya baş qəhrəmanın çətin və qarışıq dünyasını göstərən detektiv dram janrında çəkilib. Baş qəhrəman Arif doğmaları tərəfindən emosional təzyiqə məruz qalır, onların xəyanəti və yalanları ilə üzləşir. Tamaşaçı paralel olaraq digər qəhrəmanların da həyat hekayəsi ilə tanış olur.
Film mayın 31-də Moskva şəhərində də nümayiş etdiriləcək.
Rauf İbrahimzadə (Kelvin) Bakı şəhərində anadan olub. Uzun müddət Türkiyədə oxuyub və yaşayıb. 2018-ci ildən Sankt-Peterburqa köçüb. O, bir sıra filmləri, o cümlədən “Miqrant”, “Dejavu” filmləri ilə tamaşaçıların qarşısına çıxıb.