- Cəmiyyət

SEPAH generalı ABŞ-a hədə-qorxu gəldi

İran ABŞ-ın istənilən neqativ hərəkətinə cavab vermək iqtidarındadır.

Modern.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Ramazan Şərif deyib.

“İranın ABŞ-ın istənilən pis hərəkətinə, o cümlədən bizim gəmilərimizi ələ keçirməsinə cavab vermək və onların gəmilərini ələ keçirmək üçün gücü var. ABŞ-ın cəhdlərinə qarşı lazımi tədbirlər görüləcək”, – iranlı general bildirib.

İran və ABŞ arasında tanker böhranı

ABŞ tətbiq etdiyi birtərəfli sanksiyalara görə, vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti hərracda satır. İran isə öz növbəsində Fars körfəzi ətrafında neft daşıyan tankerlərə “dəniz qaydalarına əməl etmədikləri” əsası ilə müdaxilə edir.

ABŞ mediası avqustun 3-də Pentaqonun İranın müdaxiləsinə qarşı Hörmüz boğazında gəmilərə silahlı dənizçilər və dəniz piyadalarını yerləşdirməyə hazırlaşdığını yazıb. Bu xəbərdən sonra İran İnqilab Keşikçiləri Ordusu Hərbi Dəniz Qüvvələri 300-1000 kilometr mənzilə malik müxtəlif növ raketləri inventarına əlavə etdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı dünən elan edib ki, təxminən 3000 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu avqustun 6-da Yaxın Şərqə çatıb.