Ölkəmizin Serbiyadakı səfirliyi, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizamini oxuyaq” kitab-albomunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Belqrad Şəhər Meriyasının əsas zalında təşkil olunan tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov “Nizamini oxuyaq” kitab-albomunun təşkilat tərəfindən ingilis dilində çapdan çıxdığını deyib. Qeyd edib ki, TÜRKSOY Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyinin qeyd olunması və təbliğində yaxından iştirak edir.
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Nizami Gəncəvinin fenomen olaraq təkcə ölkəmiz üçün yox, bütün türk dünyası üçün örnək olduğunu deyib. Səfir qeyd edib ki, dahi şairin yaşadığı dövrdən əsrlər sonra türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Mispah Demircan, Serbiyanın mədəniyyət və informasiya nazirinin müavini Stanko Blaqoyeviç və başqaları Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirlərinin XVIII əsrin Avropa filosofları tərəfindən də təbliğ olunduğunu bildiriblər. Qeyd olunub ki, Nizami Gəncəvinin əsərlərinin əlyazmaları bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır.
Tədbir iştirakçıları daha sonra Nizami Gəncəviyə həsr edilən sərgi ilə tanış olublar.
Sonda dahi Nizaminin sözlərinə yazılmış romanslardan ibarət konsert proqramı olub.