Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində daha bir möhtəşəm konsert proqramı musiqisevərlərə gözəl ərməğan olub. Kamera musiqisi konsertində Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianinoçu Nərgiz Əliyarova və P.İ.Çaykovski adına Beynəlxalq müsabiqə laureatı, ABŞ-da yaşayan virtuoz rus violonçelisti Sergey Antonov çıxış ediblər.
Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən Sergey Antonov Bakıda ilk dəfə səhnəyə çıxdığını söyləyib. Üzeyir Hacıbəyli yaradıcılığına yaxından bələd olduğunu söyləyən S.Antonov deyib: “Üzeyir Hacıbəyli Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Onun əsərləri dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdəndir. Biz həqiqətən Üzeyir bəyin yaradıcılığın çox sevir və qiymətləndiririk”.
Konsertdə F.Şopenin, D.Şostakoviçin, F.Əmirovun, M.Rostropoviçin əsərləri səslənib.
Konsert pandemiya şəraitinə uyğun olaraq keçirilib.