“Sotheby’s” hərracında məşhur britaniyalı yazıçı Artur Konan Doylun qiymətli məktubları və “Dördlərin işarəsi” romanının yeganə əlyazma nüsxəsi satışa çıxarılacaq. AZƏRTAC “Sotheby’s” auksionunun saytına istinadla xəbər verir ki, əlyazmanın təxmini qiyməti 800 000 – 1 200 000 dollardır.
“Dördlərin işarəsi” Artur Konan Doylun Şerlok Holms haqqında qələmə aldığı ikinci romandır. “Lippincott’s Magazine” jurnalı bu əsəri 1890-cı ildə dərc edib və həmin vaxtdan Şerlok Holms və doktor Vatsonun macəraları Atlantikanın hər iki tərəfindən olan oxucular üçün xeyli populyar olub.
Əlyazma iki il əvvəl vəfat etmiş Çikaqodan olan kolleksiyaçı doktor Rodni Svantkonun zəngin kolleksiyasının yalnız bir hissəsini təşkil edir.
Kolleksiyanın hərraca çıxarılan bir çox diqqətçəkən eksponatları arasında Edqar Allan Ponun Marin Self tərəfindən təqdim edilmiş ilk kitabı – “Tamerlan və digər şeirlər”in nüsxəsi (400.000 -600.000 ABŞ dolları), həmçinin Ponun üç avtoqraflı poeziya əlyazması, o cümlədən “Annie üçün” əsərinin ilk səkkiz misrası (400,000 – 600,000 dollar); Sidni Pacet tərəfindən mürəkkəblə çəkilmiş rəsmin orijinalı, “Son Problem” hekayəsi üçün “Şerlok Holmsun ölümü” illüstrasiyaları (250.000 – 350.000 dollar); üzqabığında Fitscerald tərəfindən “Scott and Zelda” imzası ilə gəlininə bağışlanan “The Great Gatsby”nin ilk nəşrinin gözəl təqdimat nüsxəsi (180.000-250.000 dollar); Nabokovun müvafiq olaraq Qrem Qrin və Vera Nabokovaya öz imzası ilə göndərdiyi və hər birində kəpənək təsviri olan “Lolita”nın ilk Amerika nəşrinin iki nüsxəsi də var.
Hərrac iyunun 26-da Nyu-Yorkda canlı auksion formatında keçiriləcək. Bu satışlardan 4-6 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir.