“Hamımız sevgi üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir” (A.Agustin)
Sevgi – insanda əbədi başlanğıcın təcəssümüdür. O hələ də açılmamış sirdir. Ucsuz-bucaqsız kainat, canlı təbiət, təbiətin tacı insan Tanrı sevgisinin təcəssümüdür. Tanrı bizi sevgisindən, bizə olan məhəbbətindən yaradıb.
Biz sevgini daha çox duyğu kimi qavrayırıq. Sevgi sadəcə duyğu və hissin bir növü deyil, o həm də Tanrının bizə bəxş etdiyi ən böyük nemətdir. O, sevmək və sevilmək imkanıdır.
“Sevginin ürəklərə səpildiyi gün
insanlar bütün pis vərdişlərdən qurtulur
düşünməyi öyrənəcəklər.
Sevginin qəlblərdə cücərib, çiçək açdığı gün
insanlar yer üzünün bütün rəngləri ilə qucaqlaşıb
sərhədləri aradan qaldıracaq.
Sevginin qəlblərdə bir bahar fəslinə çevrildiyi gün
insanlar dünyaya yenidən gəlmiş kimi
sülh, əmin-amanlıq və sağlamlıq içində yaşayacaqlar.
Sevginin qəlblərdə hökm sürdüyü gün
O gün ədalət onun mülkü olacaq.
Padşah və qullar eyni qabdan yemək yeyəcəklər.”
Ozan Dəniz Sarıtop
Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dost sevgisi və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonağa sevgi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape). Aristotel sevməyi bu cür izah edir: “ Sevmək, başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçün deyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir”. V.Hüqonun fikrincə “Həyat bir çiçəkdir, sevgi isə onun şirəsi”. A.Hertes üçün “sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz”.
Sevginin mahiyyətini izah etməyə çalışan elmi, dini və hətta mistik nəzəriyyələr çox çeşidlidir. Təkamülçülər sevginin təbii seçmə prosesinin nəticəsi olduğunu iddia edir. Psixologiya elmi sevgini sağlam davranış hesab edir: eşq – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxır, mexanizmi əsasən beynin assosiativ funksiyasına əsaslanır.
Sevgi ən yüksək fəzilətdir, o, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzlərə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edən yaxşı vərdişdir: valideyn sevgisi, vətən sevgisi, qadın-kişi sevgisi (eşq) və s. fərqli mənaları ifadə edir.
Sevginin hormonlarla əlaqəsi də sübut edilmişdir. Məsələn, ananın övladına qarşı qeyd-şərtsiz sevgisinin mənbəyi doğuşdan sonra sərbəstləşmiş hormonlardır. Bu hormonlar yalnız qadınlarda olur və doğuşdan sonra ifraz olunmağa başlayır.
“Sevgi hormonu” tapılmasa da, araşdırmalar göstərir ki, sevgi – xoşbəxtlik hormonunun, cinsi istək hormonunun, stress hormonunun və qanda adrenalinin artması ilə müşayət olunur. Bu hormonların sevgi fenomenində rol oynadığı və onların insanın görmə, eşitmə və ya psixoloji durumuma təsiri sübuta yetirilmişdir. Stanford Universitetinin tədqiqat qrupu sevginin “ağrıkəsici” xüsusiyyətlərə malik olduğunu müəyyən etmişdir.
Din sevgini Tanrının bir hədiyyəsi kimi görür. Dinlər sevgini özlərinəməxsus şəkildə izah edir. Buddizmdə sevgi universaldır, o insan və bütün canlılara yönəlmişdir. Dhammapada “payızda solğun lotusu qopardığınız kimi öz sevginizi də qoparın”
Hinduizmdə sevgi “sədaqətli sevgi və ya ilahi məqsəd üçün məhəbbət” adlanır. Hindli rahib və filosof Svami Vivekananda demişdir: “Kainatdakı hər şey ilahi mənşəlidir və sevilməyə layiqdir”
Xristianlıda da sevgi universaldır. Tanrının özü sevgidir: “Düşmənlərinizi sevin, onlar üçün dua edin”
İslam dinində Ali sevigi Tanrıya, Onun Peyğəmbərlərinə və övliyalarına, imamlarına olan sevgidir.
Bəhai dinində sevgi Tanrı ilə insan arasında münasibətin əsas formasıdır: “Yaradılışını sevdim, odur ki, səni yaratdım..Səni öz surətimdə yaratdım, və Öz Camalımı sənə açdım”. Başqa bir Yazı deyilir “ Məhəbbət Allahın müqəddəs Qanununun sirri, Mərhəmətlinin təzahürü, ruhani yağmurların mənbəyidir. Məhəbbət, göylərin zərif işığı, Müqəddəs Ruhun insan ruhunu canlandıran əbədi nəfəsidir”.
Sonda Sevgini çox sevdiyim bir yazarın, sevərək oxuduğum kitabından bir fikirlə bitirirəm:
“Bilirəm ki, insanlar yalnız özləri haqqında düşünməklə mövcud görünsələr də, onlara həyat verən tək şey sevgidir. Sevən insan Tanrının, Tanrı da onun içindədir. Çünki Tanrı sevgidir..” (Lev Tolstoy – İnsan nə ilə yaşar)
Cümşüdlü Mənsurə Dilavər